Hüquqlarımızı qorumaq üçün hüquqşünas olmağa ehtiyac yoxdur

Bir neçə həftə bundan öncə bloqumda “GAP” mağazasında baş verən hadisə haqqında məlumat dərc etmişdim. Sosial mediada bu mövzu barədə çoxlu paylaşımlar oldu. Ünvanlanan çoxlu sayda şərhlərdən məlum oldu ki, bu tip məsələ çoxlarının başına gəlir və hamı bu məsələnin nə ilə nəticələndiyi haqqında məlumat almaq istəyir.

Məlum hadisə baş verənin səhərisi günü hüquqlarımı qorumaq adına “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti“-ə zəng edib hadisə barədə məlumat verdim. Şikayətimi elə telefondaca qeydə aldılar (harasa gedib şikayət ərizəsi yazmağa ehtiyac qalmadı). Qeydiyyatda olduğum ünvana məsələnin araşdırılacağı barədə məktub da ünvanlandı.

2 gün öncə dövlət xidməti tərəfəindən mənə zəng olunaraq araşdırma barədə məlumat verdilər və “Retail Group Azerbaijan” tərkibində olan mağazalar şəbəkəsinin işinə nəzarət edən əsas meneceri olan Renat bəyə (departament tərəfindən belə təqdim etdilər) yönləndirdilər. Brendlərin və mağazaların çoxluğu işi tam nəzarətdə saxlamaqda bəzi problemlər yaradırmış.

Renat bəylə danışdıqdan sonra mağazaya yaxınlaşıb bir ay öncə alınmış kəməri (36 AZN) problemsiz olaraq geri qaytarıb nağd şəkildə pulu aldım. Bu məsələ beləcə öz həllini tapmış oldu.

Renat bəyə tövsiyyəm mağazalarda və qəbzlərin üzərində “Məhsullar geri qaytarılmır” yazısını yığışdırsınlar. Yaxşı deyil.

Hüquqlarımızı qorumaq üçün hüquqşünas olmağa ehtiyac yoxdur.

Müəllif: Vaqif Abbasov

Mənbə: http://vaqif.net