Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Əsasnaməsinin layihəsini, strukturu və işçilərin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.