Hələ 2013-cü ilin aprelində “3P” konseptli İlk Milli Marketinq Forumu təşkil edəndə ağlımıza da gəlməzdi ki, təxminən 2 il yarım sonra rəqəmsal qol Milli Marketinq Forumundan ayrılıb müstəq bir forum kimi keçiriləcək. Ancaq sevindirici haldır ki, bu baş verdi. Ölkəmizdəki böhrana rəğmən baş verdi. Əvvəlki forumlardan fərqli olaraq bu forumda tam mənada qonaq qismində idim. Nə təşkilatçı, nə də spiker olmadığımdan forum barədə fikirlərimi yazmaq kimi bir müstəqillk də əldə etmişəm. Odur ki, maksimum dərəcədə obyektivliyi qorumaqla eninə-uzununa döşəyəcəyəm. Alın, gəldi!
İlk növbədə ən böyük yükü çəkən Aysel Cəbrayılovaya böyük təşəkkür düşür. Həm təşkilatçı, həm də moderator olmaq asan iş deyil. Həm də, bir xanım üçün. Facemark isə marketinq tədbirlərinə çətir olmaqda davam edir…Şükür ki, bu dəfə ADA-nın texniki imkanları bizi 28 Cinemada yaşadığımız “texniki işgəncə”lərdən xilas etdi. Lakin oksgensizlikdən nəfəsimiz daraldı. Oranın nümayəndəsinin də dediyi kimi zal heç bu qədər dolmamışdı. Təşkil olunma da qat-qat səviyyəli idi. Bu baxımdan əksəriyyət üzvləri 3 forum görmüş komanda bu işdə xeyli bişib.
Keçək panellərə
Mobil marketinqə həsr olunmuş I panel ümumilikdə yaxşı panel idi. Ancaq panelin ən yaxşısı moderator Vahid Qasımov idi. O, buzları əritməyi yaxşı bacarır. Time Management-ə isə söz ola bilməz. İlk çıxışçı olan İsmayıl Ələkbərovun çıxışını vaxt limiti dolduğuna görə kəsməsi şok effekti yaratsa da, əslində düzgün addım idi. Hər halda sual-cavabda İsmayıl bəyə öz sözünü demək imkanı yaratdı. Yeri gəlmişkən İsmayıl bəyin çıxışının birinci olması gözəl oldu. Onun dünya üzrə verdiyi statistikanı Rasim Davudov Azərbaycanla bağlı verdiyi çox dəyərli informasiyaların hesabına əla tamamladı.
McCann təmsilçisi Tərlan Useynovun çıxışı multilingual olması ilə yadımda qaldı. Danışıq rusca, slaydlar ingiliscə və qismən bu ölkənin bədbəxt və hörmətsiz rəsmi dili olan Azərbaycan dilində. Təqdimatın kontenti isə əla idi. Dostumuz Ceyhun İmanov çox maraqlı və kreativ təqdimat hazırlamışdı. Adına layiq şəkildə! Amma heyf ki, rusca! Ceyhun, axı sən azərbaycanca normal danışa bilirsən.
Vahid Qasımov orda çox düzgün vurğuladı. Rusdilli olduğundan fikri çatdıra bilməmək qorxusu ilə rusca təqdimat edənləri əgər auditoriyanın 30%-i başa düşmürsə, deməli, itirilməsindən qorxduğun fkirləri əslində itirmisən. İnandığım bir həqiqət var: Azərbaycanda yerli auditoriya üçün təqdimat edirsənsə, bu ölkənin rəsmi dlində danışmalısan! Xarici qonaqların da iştirak etdiyi beynəlxalq konfrans olsaydı, onda lap esperanto dilində danış, problem deyil! Könül Bilalovanın çıxışı onun maraqlı replikaları ilə yadda qaldı.
Sosial Media Marketinqə həsr olunmuş II panel-in ilk çıxışı Tural-Səma dueti əla alınmışdı. Xüsusilə də YouTube kanalları statistikası və maraqlı qeydlərin yeri var idi. Fərhad Ələkbərov çox aktual mövzuya toxunsa da, demək istədiklərinin hamısını deyə bilmədi. Hər halda çıxışında nəsə boşluqlar hiss olunurdu. Bəlkə də, çox informasiyanı az vaxtda verə bilməməyin yaratdığı sıxıntı idi bu.
İlqar Mirzə çox yaxşı başladı. Yaxşı təqdimat elədi. Sonluqda sanki nələrisə demədi. Teymur Kusebanın da rusca çıxış etməsi qanımı xeyli qaraltdı. Bir forumda 3-cü yaddilli çıxış. Ona görə çıxışa tam konsentrasiya ola bilmədim. Lakin son 2-3 dəqiqəni bəyəndim. Çıxış azərbaycanca olsaydı əla olardı.
Afət Yaqubova çoxlu informasiya ilə gəlmişdi. Amma çoxunu da deyə bilmədi. Deyəsən, həyəcan üstün gəlmişdi. Bu cür PR ustasından eşidə biləcəklərimizin çoxunu eşitməmək ancaq təəssüf doğurur.Turqut Baxşəliyevin təqdmat fikrimcə panelin ən yaxşı təqdimatı idi. Həm deyilməsi nəzərdə tutulanlar deyildi, həm də, çox yaxşı deyildi.
Üçüncü, həm də, sonuncu panel olan Rəqəmsal Marketinq paneli gözləntilərimi doğrultdu. Hətta fasilədə İqtisad Universitetinin Marketinq Kafedrasından olan müəllim həmkarlarım mənə 2-c paneli bəyənmədiklərini bildirib 3-cü panel barədə fikrimi soruşanda bu panelin ən yaxşı panel olacağını gözlədiyini dedim.
Emin Quluzadənin təqdimatını görəndə onun tədbirə sistemli hazırlaşdığına əmin oldum. Heyf ki, performansı slayd hazırlığı qədər yüksək göstərə bilmədi. Auditoriya şoku ona da təsir etmişdi. Tez-tez “eee” frazasından istifadə etməsi bunu göstərirdi. Lakin sual-cavab bölməsində artıqlaması ilə bunun əvəzini çıxdı.
Anar Mustafayevin təqdimatı barədə təkcə onu deyə bilərəm ki, ilk dəfə böyük auditoriya qarşısına çıxan biri üçün Digitello təmsilçisinin çıxışı kifayət qədər uğurlu idi. Ara yerdə Anrew’s Ties əla reklam olundu.
Tamerlan İsmayılovun təqdimatındakı reklam məqamları yorsa da, onun 3D printinqlə bağlı 10-luğu əla idi. Ləzzət elədi. Bu arada Tamerlan bəyi “Ən xatalı spiker” adlandırmaq da olar.
Nar Mobile təmsilçisi Mikayıl bəyin də, Millikart təmsilçisi Niyazi bəyin də çıxışları maraqlı rəqəm faktları ilə yadda qaldı. Bu panelin ən yaxşı çıxışı isə Vaqif Abbasovdan gəldi. Onu mübaliğəsiz olaraq bu paneldə “ən yaxşı spiker” adlandırardım. Tural Nəbizadənin moderatorluğu isə tək sözlə mükəmməl idi.
Spikerlərin çıxışindan savayı forumun yadda qalan anları:
Əla yenilik idi. Faydalandıq. Ən maraqlı məqam isə Orxan Rzayevin Məhərrəmlik və toylarda Boxx-un tətbiqinə dair məlumatı idi.
Dəmirbank-ın sürprizinin isə yeri vardı. Plastik kart formasında Power Bank. Əla hədiyyə idi. Təşəkkürlər, DəmirBank!
Murad Malik zalın texniki imkanlarını sözün əsl mənasında istismar elədi. Monitorun üzərindəki kamera vasitəsilə hamının şəklini çəkib paylaşırdı. Onun qorxusundan yatmaq istəyənlər də yatmadı. Bu arada Murad bəy mənim şəklim vasitəsilə Yello-nu da PR elədi. Sağ olsun!
İki kitab aldım. Anar Bayramovun “Biznes nə istəyir?” kitabını və Rafiq Hunaltayın Facemark yazarlarının yazılar almanaxı olan, içində mənim də 2 yazımın olduğu “Bu günün marketinqi” kitablarını. Hər ikisindən kitaba yaradıcı tərzdə avtoqraf qoymalarını istədim. Sağ olsunlar ikisi də kişi kimi məni yola verdilər. Söz xiridarıyam deyən Rafiq bəy məni sanki bu tədbirdə tanıyıbmış kimi rəsmi bir cızma-qara elədi. Anar bəy isə guya bir az kreativ yanaşdı. Kreativliyi isə smayliklə izah elədi. Baxın, siz də görün! Anar bəy və Rafiq bəy, bir də mənim yanımda sözdən, kreativdən filan danışmayın!
Demək olar ki, bütün spikerlər slaydlara diqqətlə yanaşmışdılar.
Çox yazmaq olar. Lakin çox da yazıb Sizi yormaq istəmirəm. Bircə şeyi əminliklə deyə bilərəm: Təşkilatçılıq baxımından xeyli üst səviyyədə olan bu forum MMF 2016-nın daha da yaxşı olması üçün bizə əlavə təcrübə verdi. Onu da ki, yaşayarıq, görərik…
Müəllif: Namiq Bayramov
Mənbə: http://www.namigbay.com