Yaxın günlərdə Milli Məclisin payız sessiyası üçün müzakirəyə verilən mövzulardan biri də , dövlət səhiyyə obyektlərinin (xəstəxanaların) və təhsil obyektlərinin özəlləşdirilməsi müəyyən müzakirələrə səbəb oldu. Məsələnin müzakirəsi müxtəlif KİV-lərdə getdi. ANS televiziya kanalında efirə gedən “Beş Barmaq” verilişindən dəvət aldım. Verilişin yaradıcı heyyəti tərəfindən çox maraqlı suallar hazırlanmışdı. Düşündüm ki, verilişdə verilən və bəzi verilməyən suallara burada yazaraq aydınlıq gətirim. Qeyd edim ki, məsələyə sadə vətəndaş və biznes prizmalarından yanaşmağa çalışacağam. Başlayaq.
Səhiyyənin özəlləşdirilməsi nə üçündür?
Ümumiyyətlə dünya təcrübəsindən də bildiyimiz kimi, özəlləşdirmə dövlətin idarə etməkdə çətinlik çəkdiyi və ya dövlət büdcəsi üçün faydalanma məqsədli atdığı addımdır. Göstərilən xidmətin və ya görülən işlərin optimallaşdırılması zamanı bir sıra dövlət müəssisələri özəlləşdirilə bilər. Həmçinin səhiyyə obyektləri. Amma burada digər sahələrlə müqayisədə daha maraqlı məqamlar var. Belə ki, dünya təcrübəsi göstərir ki, digər sahələrə nisbətdə səhiyyə özəlləşdirilməsi daha effektiv nəticələr verib. Burada dövlət modelindən sahibkar (biznesmen) modelinə keçmək yaxşı faydalar verib.
Gələk Azərbaycan səhiyyəsinə. Bir çoxlarımıza artıq heç də sirr deyil ki, səhiyyəmiz bu gün bir çox problemlərdən əziyyət çəkir. Özəlləşdirmə bu problemlərin hamısının çıxış yolu olmasa da, bir çoxunun həlli yollarından biridir. Dövlət tərəfindən son illərdə görülən bəzi işləri də danmaq olmaz. Səhiyyə infrastrukturuna ciddi yatırımlar edən dövlətimiz əsasən maddi texniki təchizat baxımından az da olsa irəliləyiş əldə edə bilib. Yəni, bir sıra xəstəxanalar təmir olunub, bəziləri yenidən tikilib, bəzilərinin isə inventar təchizatı yaxşılaşdırılıb. Amma bu heç də arzulanan səhiyyə xidmətinin göstərilməsinə gətirib çıxarmayıb. İstəyirəm kiçik şərhlərlə özəlləşdirmənin mövcud səhiyyəmizdə verə biləcəyi faydalardan və həll olunması özəlləşdirməyə aid olmayan problemlərdən danışım.
- Maddi texniki təchizat – Özəl müəsisələrdə olan avadanlıqların funksiya və üstünlüklərindən yararlanmaq, rəqabətə davamlı müasir avadanlıqlara xidmət göstərmək, səhiyyə obyektinin son tələblərə uyğun təchiz olunması sahibkarın daim marağındadır. Bu isə həm də vətəndaşa (pasientə) faydalıdır. Ən son standartlara cavab verən səhiyyə obyektində müasir avadanlıqlarla xidmət almaq çox müsbət haldır.
- Əmək qruplarının maddi motivasiyası – Heç kimə sirr deyil ki, maddi maraqlar özəl müəssisələrdə dövlət müəssisələrindən daha yaxşı təmin olunur. Səbəblərdən ən əsası sahibkarın yaxşı kadrlarla işləmək üçün onlara daha yaxşı ödənişlər etməsidir. Yəni özəl səhiyyə müəssisəsində sahibkar bilikli,bacarıqlı kadrlarla işləmək üçün onların da müəyyən maraqlarını təmin edir.
- Peşəkar kadrlar – Sirr deyil ki, son illər xaricdə təhsillə bağlı müəyyən irəliləyişlər var. Ölkəmizdən olan tələbələr üçün xaricdə təhsil imkanları əvvəlki illərə nisbətdə daha çoxdur. Səhiyyə sahəsində də son illər tələbələrimiz kütləvi şəkildə xarici təhsil ocaqlarına üz tutur. Bunlar arasında Türkiyə, Rusiya, Ukrayna və Almaniya xüsusi yer tutur. Daha fərqli ölkələrə də uz tutanlar az deyil. Bu əlbəttə ki, müsbət haldır. Amma gələn mütəxəssislərin əksəriyyəti özəl səhiyyə obyektlərinə üz tutur. Hətta bu sahədə özəl səhiyyə müəsisələri arasında ciddi rəqabət də var.
- Xidmətin keyfiyyəti – Əlbəttə ki, sahibkar marağı, yaxşı maddi texniki təchizat və yaxşı təmin olunmuş maddi maraqlar olan yerdə bilikli kadrların da yetişməsi və bu sahədə onların xidmət göstərdiyi xidmət obyektlərin sayının artması da müşahidə olunacaq. Belə olan halda düşünək ki, yüksək standartlara cavab verən müəssisədə, müasir avadanlıqlarla bilikli və bacarıqlı kadrlar xidmət göstərir. Əlbəttə ki bu paralel olaraq xidmət keyfiyyətinin də yüksəlməsinə səbəb olacaq.
Özəlləşdirmənin bir başa həll edə bilməyəcəyi problemlər də var. Bunlar düşünürəm ki aşağıdakılardır.
- Regional səhiyyə xidmətləri – Əslində sağlamlıq elə bir məfhumdur ki, insan olan hər yerdə önəmlidir və lazımdır. Amma ölkəmizdə ümumi biznesdə paytaxt Bakının ağırlığı çoxdur. Bu problemin həllini təkcə özəlləşdirmə ilə həll etmək bir az çətin məsələdir. Regionlarda da yaxşı səhiyyə xidmətinə ehtiyac var. Düşünürəm ki, ilk vaxtlarda dövlət regional özəl səhiyyə obyektlərinə dəstək olsa orada da yaxşı iş formalaşdırmaq mümkün olar.
- İşsizlik problemi – Verilişdə mənə verilən suallardan biri də, işsizlik ilə bağlı idi. Qeyd olundu ki, hər il ölkəmizdə 1600-ə yaxın səhiyyə işçisi təhsil müəssisələrindən məzun olur. Ölkəmizdə tələb olunan işçi sayı isə 1200-dür. Rəqəmlərin dəqiqliyi haqqında bir şey deyə bilmərəm. Amma onu qeyd edim ki, real olaraq səhiyyə sahəsində təhsil alıb daha sonra işlə təminatda çətinlik çəkənərin sayı da az deyil. Amma məsələnin kökündə başqa problem dayanır. İnkişaf etmiş xarici ölkələrin təcrübəsi göstərir ki, onlarda təhsil sistemi digər sistemlərlə paralel və qarşılıqlı işləyir. Yəni onlar 10, 5, 2 il üçün əvvəlcədən proqnoz verərək mümkün olan təhsl yerlərini və kadr tələblərini qarşılıqlı müəyyən edir. Bu problemi bu yolla həll etsək daha yaxşı olar. Tələb olunan kadr sayını hər bir sahə özü planlasa daha yaxşı olar. Özəlləşdirmə olsa , özəl müəssisələr “daha az kadrla daha çox iş” fokuslu işlədikləri üçün artıq sayda olanların işsiz qalma ehtimalı daha çoxdur. Bunu ciddi planlamaq lazımdır.
- Səhiyyə xidməti qiymətləri – Səhiyyə xidmətlərinin qiymətləri də digər sahələrdə olduğu kimi, göstərilən xidmətin (məhsulun) maya dəyərinə uyğun olaraq hesablanır. Özəl müəssisədə sahibkar maraqları da qiymətin üzərinə əlavə olunduğu üçün qiymət dövlət müəssisələrinə nisbətdə daha yüksək olur. Buraya daha yüksək standartlara cavab verən maddi texniki təchizat qiymətlərini və marketinq xərclərini əlavə etdikdə qiymət bəzən 2 və ya 3 dəfə yüksək ola bilir.Amma bu məsələ həmdə aşağıda qeyd edəcəyim 4-cü və 5-ci məqamdan da asılıdır.
- Sığorta sistemi – Bu problem isə ən yaralı yerimizin ikincisidir deyə bilərəm. Ümumiyyətlə keyfiyyətli və vətəndaşların razı olduğu səhiyyə sistemi olan ölkələrə diqqət etsək görərik ki, həmin ölkələrdə sağlamlıq sığorta sistemi çox yaxşı formada işləyir. Əlbəttə ki, onlarda da narazı olduğu müəyyən məqamlar var. Amma nəticə etibarı ilə, vətəndaşa lazım olan və keyfiyyətli səhiyyə xidməti göstərir.
- Korrupsiya – bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də bu problem ən narahat edici məqamlardan biridir. Sahibkara, ən çox mane olan məqamdır desək hər halda mənimlə razılaşarsınız. Bəzən buna görədir ki, rəqabətli əmək haqqı, maddi təchizat və keyfiyyətli xidməti təmin etməyə ən böyük maneə bu məqamdır. Özəlləşdirmə ilə, bu problemi həll edə bilərik desək, yanılmış ola bilərik. Bu sahədə də ciddi işlər görülməli və nəzarət gücləndirilməlidir.
Nəticə olaraq onu qeyd edim ki;
- Dövlət ciddi və şəffaf nəzarət sistemi quraraq səhiyyə sahəsində göstərilən xidmətlərə nəzarət edici funksiyanı icra etməlidir.
- Vətəndaş üçün çox önəmli olan keyfiyyətli və işlək sığorta sistemi qurmalı və onun tətbiqini daimi icra etməlidir
- Sahibkarlıq fəaliyyəti üçün azad və ədalətli rəqabət mühitinin olması üçün işlər görülməlidir.
- Kadrların işlə təminatı üçün müvafiq qurumlar ciddi planlamalar və işlər görməlidir
- Regional səhiyyə xidməti üçün qabaqcıl səhiyyə modeli olan ölkələrin təcrübəsindən yararlanmaq və regional səhiyyəni də inkişaf etdirmək mütləqdir.
- Korrupsiya kimi murdar məfhumun , səhiyyə kimi önəmli və həssas sahədə olmaması üçün bütün ciddi tədbirlər olmalıdır.
Müəllif: Murad Malik