Məlum məsələdir ki, 31 oktyabr Rəqəmsal Marketinq Konfransı baş tutacaq. Məqalənin adı təsadüfi olaraq seçilməyib. Bildiyimiz kimi konfrans ADA universitetində keçiriləcək. Konfrans sonrası isə “Halloween party” baş tutacaq. Bəziləri 1-cini, bəziləri 2-cini seçəcək. Hətta “Halloween”nə getmək üçün konfransa qatılanlar da olacaq.
“Digital Marketing Conference”ın rəqəmsal marketinq keyslərinin müzakirə edilməsinə və bu sahənin inkişafına dəstək olacağına əminəm. Bir halda ki, peşəkarlar öz sözünü deyəcək. Tədbir rəqəmsal marketinq sahəsinə diqqəti artıracaq və əminəm ki, digital bazara yeni oyunçular çıxaracaqdır.
Layihənin ideya müəllifi Aysel xanımın dediyinə görə konfransı təşkil edən “Marketing Air” məzunlarıdır. Təbii ki, könül istərdi ki, istər ideya, istərsə də təşkilatçılar digital sahədə at oynadanlardan çıxsın. Görünür “Cowboy”larımızın başı yaman qarışıqdır. Tədbirin gələcəyinə təhlükə yaradan, bir sözlə qarşılaşıla biləcək mənfi hallar haqqında Aysel xanımın fikirlərini soruşdum.
Aysel Cəbrayılova: Layihəmizin mənfi cəhəti onlayn ödənişin (onlayn payment) olmamasıdır. Bunun üçün bir neçə şirkətə müraciət etsək də təəssüf ki, bu xidməti ala bilmədik. Növbəti il saytımızda ödəniş sistemi olacaq.
Spikerlərin peşəkarlıqlarına şübhəm yoxdu, amma mənə yad gələnlər də oldu. Yəni bu konfransda məncə onları əvəz edə biləcək biriləri vardır. Məsələn: Sosial Media Marketinqi panelindən “28 Cinema”nın marketinq meneceri Aqşin Şahbazzadə. 28 Cinema və SMM birlikdə çox absurd səslənir. 150 minə yaxın istifadəçi var və bu sadəcə rəqəm olmaqdan o tərəfə keçmir. Amma hansı keysdən danışılacaq?!
Yer seçiminə söz ola bilməz. Yəqin ki, MMF-də 28 Cinema-da istirab çəkənlər, bu xəbərə ilk sevinənlər olub. Marketinq forumundan bilirik ki, spiker sayının çoxluğu hərc-mərclik yaradır. Forum uzandıqca aktiv qatılanlar azalır. Rəqəmsal konfransda da bunu görə bilərik. Amma daha ağır şəkildə. Çünki 21 spiker və sadəcə 1 gün… Spiker sayını azaltmaq və ya 2 günə bölmək MƏNCƏ daha münasib olardı.
Spikerlər Azərfon, Millikart, Digitalbrand, Avtostop, JIS, New Media, McCann, Digital Marketing Institute – Azerbaijan, TIMWE, Hajizadeh Group, 28 Cinema, PR laboratoriyası, İmpler və digər rəqəmsal marketinq sahəsində aktiv şirkətlərin və agentliklərin nümayəndələridir. Göründüyü kimi bu siyahıda Digital agentlik olduqca azdır.
Ümumiyyətlə ölkədə 25-ə yaxın digital agentlik var ki, bunların əksəriyyətinin varlığı kağız üzərindədir. Self-employed edirlər, amma təkid edirlər ki, bizi də hesaba qatın.Bir və ya iki spiker xaricdən dəvət olunsaydı, daha maraq yarada bilərdi. Ən azı qlobal düşünüb, lokal danışacaqdı. Razılaşaq ki, olduqca maraqlı iştirakçılar və ya seçilmiş maraqlı trend mövzular var. Tamerlan İsmayılovun 3D printing barədə danışacaq olması məni sevindirdi.
Konfransın rəsmi saytında blok bölməsində Rafiq Hunaltayın yazısı səmimiyyəti ilə olduqca diqqətimi çəkdi. “Əgər motivə edə bilmirsinizsə, ən gözəl dəstəyiniz demotivə etməməkdir.”
Əminəm ki, bu konfransda iştirak etməklə digitalda var olmaqdan yana iradəsiz davranan şirkət rəhbərləri və ya marketinq departamentləri ən pis halda 2016-cı il marketinq planlarına digital strategiyalarını salacaqlar.Əslində bunlar xırda nüanslardır. Bütün DMC komandasına, xüsusilə feminist yanım ağır olduğundan Aysel xanıma bol-bol uğurlar arzu edirəm.
Bu arada biletin qiyməti olduqca ucuzdur. Aydın görünür ki, gəlir əldə etmək məqsədi arxa plandadır.
Müəllif: Müşfiq Şirəliyev