Bu yazını oxumamışdan əvvəl çox xahiş edərdim ki, 3 il əvvəl -2012-ci ilin məhz bu günlərinə təsadüf edən günlərdə yazmış olduğum “Azərbaycan şirkətlərində HR-İnsan Resursları probleminə subyektiv?! baxış” başlıqlı yazımı oxuyasınız. Bəli əgər oxudunuzsa bu sahədə 3 il əvvələ qədər müşahidə etdiklərimi və bu sahənin inkişafı və “inkişafsızlığı” haqqında “subyektiv?!” fikirlərimi bilmiş oldunuz. İndi isə o günlərdən 3 il keçibdir.Nə dəyişib? və ya düşüncələrimdə hansı dəyişikliklər baş vermişdir istərdim bu haqqında yazım.Qeyd etdiyim yazı sosial şəbəkələrdə geniş müzakirə olunmuşdur. Və təbii ki mənimlə razılaşanlar və razılaşmayanlar, fikir müxtəlifliyi olmuşdur.
Ancaq ümumilikdə qeyd etdiyim problemlərin məhz “subyektiv” deyil, real problemlər olduğunu dilə gətirənlər daha çox idi. Həmişə çalışmışam pozitivliyi itirməyim və yazılarım insanları əl-qollarını yana sallayıb “heç nə mümkün deyildir”, “heç nə düzəlməz” kimi fikirlərindən bir balaca da olsa uzaqlaşdırsın. Məhz o yazıda da bu sahədə müəyyən işartıların olduğunu qeyd etmişdim. Bu yazını da yazmaqda səbəb məhz həmin işartıların reallaşması istiqamətində bu sahənin inkişafına imza atan və atmaq istəyən dostlarımızın çalışmalarıdır.
Bəli çox sevindirici haldır ki, içində yer aldığım Marketinq sahəsində arxa-arxaya keçirilən Milli Marketinq Forumundan sonra artıq bu il İnsan Resursları istiqamətində də belə forumların keçirilməsi təşəbbüsü ilə çıxış edən və reallaşmasına çalışan insanlar, qruplar meydana çıxmışdır. Öncə insan, hər zaman insan…!!! Hər hansı bir sahənin inkişafında onu əhatə edən insanların məsləki solidarizmi böyük rol oynayır. Bu barədə daha geniş olaraq “Məslək-i solidarizm… ” adlı yazımda oxuya bilərsiniz. Həmin yazıda da Durkheim ve Ziya Gökalpın da qeyd etdikləri kimi cəmiyyətin inkişafı sinfi təbəqələşmə ilə deyil, məsləki təbəqələşmə, məsləki solidarizmlə, məsləki birliklə mümkündür. İnsan resursları sahəsində məsləki birlik, məsləki solidarizm qığılcımlarını görmək sevindirir.
Çünki ən dəyərli varlıq olan “İnsan” və biznes dünyasında ona verilən dəyər və ya dəyərin formalaşması buradan keçir. Çox maraqlıdır ki, bu il bu sahədə bir deyil iki forumun keçirilməsi planlaşdırılır. Bu forumları keçirmək istəyən hər iki qrupdan bu sahənin ağrı və acılarını yaşayan və həqiqətən illərdir bu sahə ilə iç içə olan tanıdıqlarım vardır.
Adların hamısını qeyd edə bilməyəcəm. Noyabrda keçiriləcək İnsan Resursları Forumu Bakı 2015 təşəbbüskarları və təşkilatçılarından dostlarım Tural Məmmədov , Zaur Məmmədov, Elgül xanım Hacıyevanı və eləcə də Nilufər xanım Məsimovanı və Fidan xanım Abdullayevanı təqdir edir və Forumun keçirilməsində uğurlar arzulayıram! Dekabrda keçiriləcək Milli İnsan Resursları Forumu 2015 təşəbbüskarları və təşkilatçılarından olan dostlarım Cabir Süleymanlı və Murad Maliki də bu təşəbbüskarlığa görə təqdir edir onalara da faydalı Forum keçirmələrində uğurlar diləyirəm!Bəli artıq işartılar müəyyən dərəcədə işığını artırmaya başlayıb və bu sahədə kəmiyyətcə çox sayda təlimlərin keçirilməsini də qeyd etmək mümkündür… Keyfiyyətin də kəmiyyətlə bərabər getdikcə artacağı sözsüzdür və bunu arzulayıram.
Beləliklə şirkətlərimizdə “Öncə insan, hər zaman insan…” məfkurəsinin yayılması istiqamətində atılan bütün fəaliyyətləri yüksək qiymətləndirir və dəstəkləyirəm! Hər iki Foruma – təşkilatçı və iştirakçılarına uğurlar diləyirəm!
Müəllif: Cəbrayil Vəliyev
Mənbə: http://jabrayilvaliyev.com/