Son günlər sosyal mediada xüsusən də Facebookdakı Marketinq Azərbaycan qrupunda hər hansı bir normal və ya bayağı reklamı, kampaniya və ya PR aksiya müzakirəyə çıxarılan kimi, TƏƏSSÜF ki, “burda müzakirə olunursa deməli hədəflərinə çatıblar”, “anti-reklam özü də bir reklamdı” və ya “qara PR özü də elə bir PRdır” fikirləri ən çox rast gəlinənlər arasında olur. Əslində son deyimdə həqiqət payı var, bildiyimiz kimi PRın 3 növü var, qara, ağ və boz, doğrudan da Qara PR elə PRın bir növüdür amma di gəl ki, bu ifadə heç də işlədildiyi mənada şirkətlərə xeyir gətirən PR deyil.
Bəs gəlin görək əslində necədir. Reklamın tərifi, tarixi, yaranması haqqında uzun-uzadı yazmadan fikirlərimi ilk öncə real keyslər və bənzətmələrlə daha sonra isə türklər demiş “isveçli bilim adamlarının” fikirləri ilə olmasa da Ogilvy, Trout kimi marketinq dühalarının kitablarından və deyimlərindən alıntılarla bölüşəcəm.
İlk öncə müzakirə olunmaq barəsində. Düşünürəm ki, reklam, kampaniya, PR aksiya “Marketinq Azərbaycan” qrupundan başqa harda müzakirə oluna bilər ki?! Bu qrup məhz elə bu tipli (pis və ya yaxşı) işlərin müzakirəsindən ötəridir, ona görə də, bu deyim ciddi qəbul oluna bilməz. Müzakirəyə futbol dünyasından bir bənzətmə ilə davam edək. Yəqin ki, futbolla maraqlananlar 1994-cü ilin Dünya çempionatının finalını xatırlayırlar. Sonda dünyaca məşhur Robert Baggio penal zərbəsini vura bilməmişdi və italyanlar kuboka sahib ola bilməmişdilər. Səhərisi gün bütün mediyada ən çox müzakirə olunan məhz Baggionu idi. Sizcə penalı vura bilməməsi Baggionun işinə yaramışdı ya məqsədinə çatdırmışdı?!
Azərbaycan biznes mühitindən bir misal, hardasa bir neçə ay öncə, bütün xəbər saytları, sosyal mediada hamı həftələrlə AZALı “müzakirə etdi”. Kim ondan sonra AZAL-la uçmağa qərar verdi, sizcə bu anti-reklam nə qədər AZALın satışlaırna müsbət təsir etdi?! Demək ki, müzakirə olunmaq hələ də məhsulun satılacağı demək deyil. Bununla bağlı reklamın “atası” hesab olunan David Ogilvynin çox gözəl bir sözü var: “Əgər reklamınız haqqında danışılırsa demək bu pis reklamdır, yox əgər məhsulunuz müzakirə olunursa demək yaxşı reklamdır”. Buna inanıb inanmamaq hər bir kəsin şəxsi işidir amma düşünürəm ki, reklam dahisinin mütləq bildiyi bir şey vardır bu haqda.
Digər bir marketinq qurusu Jack Trout isə deyir ki, “müştərilərin sizin markanız haqqında bilgili olması hələ onların, sizi mıhsulu seçəcəyi demək deyil”. Digər bir keys ABŞ bazarından: amerikanın çox məşhur aparıcısı Oprah Winfrey-in proqramında G6 Pontiac avtomobili hədiyyə edilir, bundan sonra, məhsul haqqında inanılmaz müzakirələr başlayır, forumlarda və sosyal mediada, son nəticədə bu avtomobil gəlir gətirməyərək bazardan silinir. Bərbad reklam və ya fikirlərlə bağlı Troutun digər bir fikri isə belədir ki, “bərbad fikir haqqında nə qədər müzakirə olunur olunsun, bərbad fikir elə bərbad fikirdir.”
Digər tərəfdən hətta ən yaxşı reklamların belə insanların diqqətlərini cəlb edə bilmədiyi günümüzdə, “bayağı” reklamlar və ya anti-reklamlar hansı xeyir bilər şirkətlərə?! Dünyada reklam festivalları arasında ən məşhurlarından biri bildiyiniz kimi Clio Awards festivalıdır. Reklam dünyasında “Clio lənəti” deyilən bir termin var. Çəkdikləri uğurlu reklamlara görə, Clio mükafatını alan reklam agentliklərinin bir çoxu, bu mükafatı aldıqldan qısa bir müddət sonra, bir çox müştərilərini itirmişlər. Bu yerdə Jack Trautun bu deyimi yerinə düşər fikrimcə “reklamlar insanlar əyləndirməməlidir, məhsulu satdırmalıdır”.
Sonda ümid edirəm ki, bu fikirlərlə yaşayan və fikirləri yayan marketerlərimizin sayı getdikcə azalacaq və bu fikirlərlə David Ogivlyni qəbirdə “çöndərməyəcəyik” :)
Müəllif: Babək Musa-zadə