Kitab piratçılığına STOP!

Kitab piratçılığına STOP!
1621

Bir neçə gün öncə dünyanın ən məşhur şəxsi inkişaf mütəxəssislərindən biri olan Nick Vujicic’in kitablarının ana dilimizdə çapdan çıxacağı haqda posterlər paylaşılmağa başladı. Parlaq İmzalar Nəşriyyatının elan etdiyi xəbərdə bildirilirdi ki, müəllifin kitablari rəsmi müqavilə ilə nəşr ediləcək. #14sual layihəsinin əsas dəstəkçilərindən olan, həmin vaxtdan da yaxın dostluq münasibətlərimizin yarandığı Parlaq İmzalar kollektivinin belə bir addımı, təbii ki, sevindirici oldu.

 

Nick Vujicic‘i çoxları tanıyır, qısaca olaraq qeyd edim ki, anadan olarkən çox nadir rast gəlinən gen pozuntusu “tetra-amelia” sindoruma tutulmuş bu insanın əlləri və ayaqları yoxdur. Uşaq yaşlarında çəkdiyi əziyyətlər səbəbilə bir neçə dəfə intihara cəhd etsə də, bir dəfə anasının fiziki məhdudiyyətli bir insanın uğuru haqda ona oxutdurduğu bir yazı Nikin həyata baxışını dəyişir… və o dünyanın ən tanınmış təlimçilərindən biri olur.

Parlaq İmzalar Nəşriyyatının bir neçə gün sonrakı elanı isə çoxları kimi məni də narahat etdi. Məlum oldu ki, bir sıra şəxslər Nik Vuyçiçin “Hüdudsuz həyat” kitabını tərcümə edərək Bakı Kitab Klubu vasitəsilə çapdan çıxarıb (Bütün adlar məhkəmə prosesi başlanda açıqlanacaq). Nikin kitablarının azərbaycan dilində nəşri Parlaq İmzalar Nəşriyyatın məxsus olduğundan, bu kitab qanunsuz, pirat yolla çapdan çıxıb. Təssüfedici məqam odur ki, bu qanunsuzluq haqda Bakı Kitab Klubuna məlumat verilsə də, onlar çap işini və satışını dayandırmayıblar. Həmçinin Ali&Nino mağazasına da məlumat verilib, lakin onlar da satışı davam etdirirlər.

Doğrudur deyilə bilər ki, bu, ölkədə ilk kitab piratçılığı deyil ki, niyə bu mövzu bu qədər şişirdilir?

İstənilən halda rəsmi olaraq çap hüququ əlində olan nəşriyyat qanunsuz çap edilən kitaba qarşı etiraz edə bilər, etməlidir də.

Söhbət hansısa orta səviyyəli müəllifdən yox, dünyann “trend” müəllifindən gedir ki, bütün kitablarının çap hüququnu almaq üçün Parlaq İmzaların əldə etdiyi müqavilənin qiyməti yəqin ki, 5-10 manat deyil, kifayət qədər vəsaitdir.Parlaq İmzalar indiyədək çap etdiyi bütün kitablarını rəsmi müqavilə ilə nəşr edib. Yəni kiminsə yanında “qrex”ləri yoxdur, ona görə də başıdik haqsızlığa etiraz edirlər.

Parlaq İmzalar Nəşriyyatı Vuyçiçin kitabının pirat nəşrində və satışında iştirak etmiş bütün qurumları məhkəməyə verməyə hazırlaşır. Bildiyim qədərilə artıq Vuyçiçin nümayəndəsinin də bundan xəbəri var və məhkəmə prosesində Nəşriyyata istənilən dəstəyi verəcəklərinə söz veriblər.

Parlaq İmzalar Nəşriyyatının bu hərəkəti bəlkə də ölkədə pirat kitab çapına, müəllif hüquqlarına olan münasibətin dəyişməsinə səbəb olacaq. İstənilən halda Parlaq İmzalar’ın həm Nik Vuyçiç kimi dünya şöhrətli müəllifin bütün kitablarını ana dilimizdə nəşr etməyə başlaması, həm də baş verən qanunsuzluğa qarşı belə ciddi mübarizə aparması alqışlanmalıdır!


Müəllif: Orxan Rayev

Mənbə: http://orkhanrza.com