Dövlət Statistika Komitəsi xəritədə

Dövlət Statistika Komitəsi

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 136 AZ1136 *** 1 səs

Dövlət Statistika Komitəsi haqqında

Dövlət Statistika Komitəsinin kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında əsasnaməyə" uyğun təşkil edilmişdir.Kollegiya Dövlət Statistika Komitəsinin sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədrindən, Dövlətstatkomun aparatının və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarətdir. Dövlətstatkomun kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Kollegiya iclaslarının planlaşdırılması, hazırlanması, aparılması qaydaları və onların qəbul etdiyi qərarların icrasına nəzarət Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnaməyə və Dövlət Statistika Komitəsinin Reqlamentinə uyğun olaraq həyata keçirilir.

1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir.

Dövlət Statistika Komitəsinin fəaliyyəti

Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında beşillik dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 4 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2013-2017-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2012-ci il 21 dekabr tarixli, 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsinə başlanmışdır.

Proqramın məqsədi milli hesablar sisteminin təkmilləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən statistik istiqamətlərin və statistik təsnifatlar sisteminin inkişaf etdirilməsi, dövlət statistika orqanlarının vahid informasiya sisteminin inkişafı və təkmilləşdirilməsi, respondentlərə düşən statistik yükün azaldılması və s. həyata keçirilməkdir.Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır" məşhur kəlamı Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir.Hazırda Dövlət Statistika Komitəsi sistemi Mərkəzi Aparatdan, Naxçıvan MR Dövlət Statistika Komitəsindən, Bakı Şəhər Statistika İdarəsindən, 83 rayon (şəhər) statistika idarəsindən (şöbəsindən) və Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan – Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindən, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzindən və Tədris Mərkəzindən ibarətdir.