Pirşağı bələdiyyəsi xəritədə

Pirşağı bələdiyyəsi

Bakı, Pirşağı qəsəbəsi, Sabunçu rayonu, Ağa Əlizadə küçəsi, 14 AZ1135 *** 1 səs

Pirşağı bələdiyyəsi haqqında

Pirşağı bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu rayonunda fəaliyyət göstərir.Pirşağı bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.Bələdiyyə orqanları—səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.

Pirşağı haqqında

Pirşağı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Xəzər dənizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur.Ensiklopediyasında Pirşağı kəndinin XVII əsrdən formalaşdığı qeyd edilir. Lakin bu təxmini məlumatdır. Belə ki, kəndin quruluşu onu deməyə əsas verir ki, məskunlaşma bir neçə mərhələdə baş vermişdir. Daha qədim məskunlaşma Xəzər dənizinin sahillərinə yaxın yerlərdə olmuşdur. Xəzər dənizinin sahilində qədim tikililər indi də qalmaqdadır.Daha qədim məskunlaşma Xəzər dənizinin sahillərinə yaxın yerlərdə olmuşdur. Xəzər dənizinin sahilində qədim tikililər indi də qalmaqdadır. Qədim hamamlar, ovdanlar, su quyuları göstərir ki, insanlar dənizə daha yaxın yerlərdə məskunlaşmışlar. Lakin təbii səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində ərazinin torpaq altında qalması, dənizin qabarma və çəkilməsi nəticəsində sonralar insanlar bir qədər geri çəkilmiş və müasir Pirşağının ərazisində məskunlaşmışlar.

Pirşağının etimologiyası

Pirşağı sözünün etimologiyası haqqında müxtəlif versiyalar mövcuddur.

  • 1.Tarixçilərin fikrinə görə "Pirşağı" sözü Piri-Şahin sözündən əmələ gəlmişdir. Rəvayətə görə burada insanları öz möcüzəvi müalicə qabiliyyəti ilə sağalda bilən Şahin adında bir şəxs yaşamışdır. Həqiqətən də Pirşağı tataz pirində qədim qəbir var ki, həmin şəxsin adı ilə bağlıdır. Pirşağı piri dəri xəstəliklərini müalicə edən ocaq kimi tanınmışdır.
  • 2.Digər bir izahata görə Piri-şahı şahın piri mənasına gəlir. Rəvayətə görə bu piri Şah ziyarət etdiyi üçün el arasında Pirişahı deyilmişdir.
  • 3.Başqa bir izahata görə günlərin bir günü Pirdən qundağda olan körpə uşaq tapılır. El arasında bu uşağa Pir-uşağı deyilir. Beləliklə də Pir-uşağı anlayışı yayılmağa başlayır. Lakin daha məntiqi izahata görə Pir ətrafında məskən salıb yaşayanlara Pir-uşaqları deyilmişdir ki, bu da sonralar kəndin adına şamil edilmişdir.
  • 4.Daha bir izahata görə "Pirşağı" ərəb mənşəli sözdür. Sözün ikinci hissəsi uşaq anlayışı ilə deyil, Üşşaq anlayışı ilə bağlıdır. Üşşaq aşiqlər demək olduğu üçün sözün mənası – Pir aşiqləri mənasına gəlir.

Bu versiyalardan hansının daha dəqiq olduğunu söyləmək çətindir. Belə ki, dəqiq yazılı mənbə yoxdur. Deyilənlərin əksəriyyəti xalq etimologiyasına əsaslanır. Bununla yanaşı Pirşağı sözünün Pir anlayışı ilə əlaqədar olmasına heç şübhə yoxdur. Hətta müasir dövrdə də Pirşağı Tataz pirinə müalicə məqsədilə gələnlər var.