YARAT təşkilatı böyük məmnuniyyətlə 24 mart 2015-ci il tarixində BakıdaYARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimində “Şirin Neşat: Gözlərimin evi” sərgisinin təqdim ediləcəyi barədə xəbər verir. Sərginin diqqət mərkəzində - Azərbaycan səfəri zamanı rəssamın ərsəyə gətirdiyi yeni əsərlərdir. Sərgidə Şirin Neşatın əvvəlki işlərindən də ikisi nümayiş etdiriləcək.Bunlar sənətkarın yaradıcılıq yolunu köklü surətdə müəyyən etmiş “Monoloq” (1999) və “Keçid” (2001) video-installyasiyalarıdır.Sərgininin Bakıya gətirilməsini kurator Dina Nasser-Xadivi təmin etmişdir.
Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da sərgilənəcək.Bu sərgidə işləri ilə Azərbaycanda rezonans doğuran dünya şöhrətli rəssamlarla yanaşı, Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən rəssamların da əsərlərini görmək mümkün olacaq. YARAT-ın kolleksiyasına gəlincə isə, o, son üç il ərzində toplanmışdı və bundan sonra da artırılacaq – ələlxüsus, YARAT Müasir İncəsənət Mərkəzində kurator Suad Qarayevanın təşkilatçılığı ilə keçiriləcək yeni-yeni sərgilərin özəl sifarişləri sayəsində.
Şirin Neşatın işlərində insanın mədəni kimliyi və gender problemləri araşdırılaraq, “şəxsiyyət” anlayışına dair həm müasir konsepsiyalara, həm də İrana xas olan ənənəvi təsəvvürlərə müstəqil münasibət bildirilir.Son vaxtlar Şirin Neşat özünün fotoqrafiya yaradıcılığında daha çox portret janrına üstünlük verir.Şirin Neşat portretdən süzgəc kimi istifadə edərək şəkildəki adamın daxili dünyasının dəyişilməsini, həyat hekayətlərini araşdırıb üzə çıxarır – sanki əsər qəhrəmanının üzünə baxınca onun tarixçəsini “oxumaq” olur.
Şirin Neşatın “Gözlərimin evi” (2015) adlı fotosilsiləsinin yaranması elə məhz müəllifin portret janrına artan marağından irəli gəlmişdir.2014-cü ildə Azərbaycanda olarkən Şirin Neşat 50-dən çox adamın fotoportretini çəkmişdi.Ölkəmizin müxtəlif bölgələrini təmsil edən bu adamların yaşı ikidən səksənə qədər olmuşdu.Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına dair bir sıra suallar verirdi.Cavablar xəttatlıq üsuluyla hərənin öz portreti üzərinə yazıldı.
Şirin Neşat öz fikrini belə anladır: “Bu yeni portretlər silsiləsini əsrlər boyu ən müxtəlif millətlər, dinlər və dillər üçün qarşılıqlı ünsiyyət meydanı olmuş ölkənin portreti kimi qiymətləndirirəm.Müxtəlif nəsilləri təmsil edən 55 kişi və qadın portretindən ibarət olan bu silsilə Azərbaycanın zəngin tarixinə və müxtəlifliyinə həsr etdiyim insan palitrasıdır”.
“Gözlərimin evi” silsiləsi elə monumental bir installyasiya olmuşdur ki, onu təşkil edən əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin zallarından birində hündürlüyü 11 metr olan divarlarının ikisini tamam tutmuşdur.
YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgiləmə yeridir, hərçənd, təsisçisi və bədii rəhbəri Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox layihəhəyata keçirib. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 m2 təşkil edən, vaxtilə sovetlər dövrünün möhtəşəm hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra, indi o, YARAT-a məxsusdur və müasir incəsənətin, eləcə dəincəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır. Tədris-təlim işi, ümumiyyətlə, YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən sahədir.Təşkilatın xüsusi tədris proqramı görüşlərdən, müsabiqələrdən, praktiki məşğələlərdən ibarətdir və ən müxtəlif dinləyici qruplarını hədəfə alır – tələbə rəssamlardan tutmuş ailələrə kimi.Bu proqramın ehtiyaclarını təmin etmək üçün yeni mərkəzdə kitabxana və toplantı salonu olan tədris bazasına da yer ayırılmışdır.