Sentyabrın 26-da Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin (1928-1999) fərdi sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, şəhərimizin sakinləri və qonaqları bir neçə ay ərzində Heydər Əliyev Mərkəzində görkəmli fransız rəssamı Bernar Buffenin sərgisi ilə tanış ola bilərlər. A.Ələkbərov vurğulayıb ki, layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da çıxış edib: “Mən sizin hamınızı Bakıda Heydər Əliyev Mərkəzində fransız rəssam Bernar Buffenin sərgisinin açılışında görməkdən çox şadam. Mümkündür ki, sizlərdən çoxunuz artıq onun yaradıcılığı ilə tanışsınız, lakin çoxunuz da onun yaradıcılığı haqqında bu gün ilk dəfə öyrənəcəksiniz. Mən birinci dəfə Buffenin yaradıcılığı ilə iki il bundan əvvəl tanış oldum və ilk baxışdan onun əsərlərinə vuruldum. Mənim üçün onun əsərləri emosiya, hisslər və dərinliklə doludur. Hətta ən kədərli və qaranlıq əsərləri belə pozitivlik gətirir və əhval-ruhiyyəni yüksəldir.
Buffe ömrü boyu 12000-dən çox əsər yaradıb. Çox parlaq, dramatik, maraqlı həyat yaşamasına baxmayaraq, o, çox şeydə unudulub. Ümid edirəm ki, bugünkü sərgi vasitəsilə sizlərdən çoxunuz mənim kimi bu böyük rəssam haqqında məlumat əldə edəcəksiniz”.
Daha sonra London Opera Qalereyasının direktoru Jan-David Malat sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Rəssamın Bakıdakı ilk sərgisində 43 əsər nümayiş etdirilir. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri yer alıb.
Sərgi 2015-ci il yanvarın 15-dək davam edəcək.