13 və 14 noyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 22-ci Bakı Çempionatı və Birinciliyi keçiriləcək.
Turnirdə Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport”, ”Neftçi”, “Spartak” və “Start” idman klubları, həmçinin, “Sərhədçi” İdman Olimpiya Kompleksini təmsil edən təqribən 110 gimnast iştirak edəcək.
Yarışların ilk günü “balacalar” (2005-2007-ci il təvəllüdlülər) yaş kateqoriyasında yer almış və hərəkətləri fərdi proqram üzrə yerinə yetirən gimnastların çıxışları ilə başlanacaq. Günün sonunda isə onlar çoxnövçülük üzrə mükafatçıları müəyyən edəcəklər (alətsiz, ip, halqa və top). Bundan sonra yarışlara eyni yaş qrupuna, həmçinin yeniyetmələr (2003-2004-cü il təvəllüdlülər) kateqoriyasına aid olan qrup hərəkətləri komandaları qatılacaq. “Balacalar” 2 (alətsiz, toplar), yeniyetmələr isə 1 (halqalar) çıxış nümayiş etdirəcəklər.
Maraqlı faktdır ki, yuxarıda qeyd olunan yaş qruplarına daxil olan gimnastlar, AGF Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının xüsusi hədiyyələri ilə komanda hesabında da mükafatlandırılacaqlar.
Çoxnövçülük (alətsiz, ip, halqa, top, gürzlər) üzrə mükafatçıları müəyyən edəcək yeniyetmə gimnastların fərdi proqramda çıxışları ikinci yarış gününün birinci hissəsinə planlaşdırılır. Yarışlar gənc (2000-2002-ci il təvəllüdlülər) və böyük (1999-cu il təvəllüdlülər və daha böyüklər) gimnastların çoxnövçülükdə (ip, halqa, top, gürzlər) aparacaqları mübarizə ilə başa çatacaq.
Region təmsilçilərinin də iştirak edəcəyi Qala-konsert ikigünlük yarışların gərginliyini aradan qaldıracaq.