Londonda yerləşən Memarlar Birliyinin (Architecture Association – AA) Məktəbi, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Azərbaycana səfər edib burada praktiki məşğələ keçirəcək.
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla bildirir ki, avqustun 25-də başlayıb sentyabrın 4-də bitən müddət ərzində Azərbaycanın paytaxtı Bakıda dünyanın ən nüfuzlu memarlıq məktəblərindən biri özünün məşhur səyyar məktəbi çərçivəsində dərslər keçirəcək. AA Baku Məktəbi istedadlı şəxslərin qarşısında açılan öyrənmək və novatorçu təşəbbüslərini nümayiş etdirmək üçün gözəl bir imkandır. Bundan əlavə, sözügedən tədbirin iştirakçıları yuxarıda göstərilən tarixlərdə təcrübəli müəllimlər və başqa ölkələrdən gəlib AA Baku Məktəbinə qatılan dinləyicilərlə bilavasitə ünsiyyətdə olacaq və bunun sayəsində dünya miqyaslı təcrübəyə yiyələnəcəklər.
Londonda yerləşən nüfuzlu Memarlar Birliyinə birbaşa aidiyyəti olan AA Baku Məktəbi Qafqaz regionunda ilk səyyar məktəb olaraq, Asiya ilə Avropada fəaliyyət göstərən bu cür məktəblər şəbəkəsinə daxildir. AA Baku Məktəbinin işini AA Birliyinin müəllimləri – memarlar Omid Kamvari və Kasper Əks quracaqlar. AA Baku Məktəbi çərçivəsində onlar Bakının zəngin tarixini, yurdumuzun Qərblə Şərqi birləşdirən yollarda yerləşməsini, ölkə hüdudlarının necə sosial, mədəni və siyasi dəyişikliklərə meydan olduğunu tədqiq edəcəklər. Dinləyicilərə Azərbaycanın unikal mövqeyini və qonşuları ilə münasibətlərini nəzərə almaqla, ölkəmizin gələcəyini tədqiqat hədəfi kimi ortaya qoyan aktiv bir praktiki məşğələdə iştirak etmək təklif olunacaq.
Həm yerli, həm də qlobal baxımdan Bakının bugünkü və gələcək məkan quruculuğu ideyalarına maraq göstərən və 18 yaşı tamam olmuş şəxslər – istər formalaşan, istərsə də tam formalaşmış memar, rəssam, alim, mühəndis, kurator və yazarlar məktəbə qəbul olunur. İştirakçılar lazım olan materiallar ilə təmin olunacaq, yaşayış yeri ilə isə təmin olunmayacaqlar.
Bu praktiki məşğələ ayrıca hissələrdən təşkil olunaraq, xüsusi obyektlərə ziyarət, model üzərində çalışma, eləcə də müxtəlif material sistemləri və məkan konqlomeratları kimi mövzular ətrafında debat və müzakirələrdən ibarət olacaq. Praktiki məşğələnin sonunda isə dinləyicilər öz işlərini ictimaiyyət üçün sərgidə nümayiş etdirəcək və məkan barədə ideyaların geniş müzakirəsini keçirəcəklər.
İştirak etmək istəyən şəxslər www.yarat.az vebsaytından müvafiq müraciət blankını öz kompüterinə endirib doldurduqdan sonra, ona ayrıca qoşulan tərcümeyi-hal (CV) və iştirak etmək marağını bildirən məktub (bir səhifə həcmində) ilə bir likdə YARAT-a göndərməlidirlər. Yerlər məhduddur, odur ki, toplanan müraciətlər əsasında ən münasib namizədlərin müəyyən edilməsi mərhələsi də nəzərdə tutulmuşdur. Yalnız uğurlu namizədlərə müvafiq bildiriş göndəriləcək. Müraciət sənədlərinizi lütfən bu ünvanlara göndərin: info@yarat.az və ya sayara.h@yarat.az. Azərbaycandan müraciət edən dinləyicilərin iştirak haqqı YARAT Müasir İncəsənət Məkanı tərəfindən ödəniləcək.
15 avqust tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.
AA Baku Məktəbi haqqında:
AA Baku Məktəbinin proqramı elə bir qlobal və inkişafda olan əməkdaşlıq platformasıdır ki, onun sayəsində AA¬ təlim-tədris yanaşması beynəlxalq pedaqoji elmin ən son nailiyyətlərinə söykənir və dünyanın hər yerinə çatdırılır. Daha ətraflı məlumat burdan əldə edilə bilər.
AA Baku Məktəbinin müəllimləri haqqında:
YARAT Müasir İncəsənət Məkanı haqqında
YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyətə çatdırılması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq aləmdə təmsil olunması ilə məşğuldur.
YARAT (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 145-dən artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktiki məşğələlərdən, mühazirələrdən və film nümayişlərindən ibarətdir. 2014-cü ildə yay məktəbi təşkil olunmuşdu, eləcə də yeni bir binası istifadəyə verilmişdi. Həmin binada rəssam emalatxanaları və “art-rezident” proqramı üçün mənzillər yerləşir. 2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. YARAT-ın ilk daimi sərgiləmə yeri olan bu yeni mərkəz müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaqdır. Təşkilatın ARTIM proqramı (azərbaycanca “artmaq” sözünün mənasında) incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgilənməsinə imkan yaradır.