İndiki dövrdə nə qədər möhkəm insan olursan ol nəinsə peşəkar reklamı və PR-ı səni də özü ilə çəkib aparacaq. Fərq etməz istər film, istərsə də musiqi, restoran, siyasi lider, istirahət mərkəzi, avtomobil və s. Təbii ki, marketoloq olmasan belə, marketinqdən azdan-çoxdan məlumatın olanda fokus-mokuslara heç də emosional yanaşmırsan və buna görə digərlərindən yarım addım öndə olursan. Özümüz də yaxşı başa düşürük ki, səsli-küylü Hollivud filmləri ilə müqayisədə sakit gəlib-gedən Avropa filmləri daha mənalı və baxımlıdır, bəzən eyni xüsusiyyətli avtomobillərin qiymətlərinin arasında bir neçə min dollar brend ucbatından süni fərq var. Bunun kimi yüzlərlə misala səbəb olan reklam və PR manipulyasiyaları olduğunu da bilirik. Təbii ki, mən xalqımızın yaxşı məhsulu reklam etməzlər zərbi-məsəlinə qətiyyən haqq qazandırmıram. Sadəcə ən yaxşı, ən mükəmməl, ən güclü və müxtəlif ənlərlə öz həyatını quran və trenddir, belə eşitmişəm deyib həyatını yaşayan və bununla da bir çox imkanları itirən insanlara üzümü tutaraq:
Düzdür məsələnin digər tərəfi məhz hər şeyin ən yaxşısını istəyənlərin xeyli saydakı uğur hekayələridir ki, Harward-dan, Microsoft-dan, Ferraridən gəlir. Amma aşağıdakı formatda düzgün qiymətləndirmə aparıb düşünsək heç də pis olmaz.
Ətrafımızda xeyli sayda insar var ki, təhsil bahadır deyib, filan qədər pulum olsaydı filan təhsili alardım deyirlər. Təcrübə göstərir ki, bu insanların qəfil pulu çox az hallarda artır və bu cür insanlar yekunda heç bir normal təhsil ala bilmirlər. Bu həm də o insanlardır ki, adamım olsaydı, filan şeyi bilsəydim, filan sahənin adamı olsaydım bu şirkətdə iş tapardım deyənlərdir. Özümü da bu insanlara aid etməkdən utanmıram. Səbəb isə çox sadədir. Biz xoşlayırıq ki, reallıq hissindən tez-tez uzaqlaşaq və uğursuzluğumuzun və ya indiki vəziyyətdəki narazılığımızın günahını özümüzdən başqa istənilən şəxsin üzərinə ataq. Əyilib sağa-sola baxsaq imkanların istənilən ağıllı insan üçün eyni olduğunu görərik. Həm də onu da görərik ki, çox insan həyatda məhz özünə layiq olan yerini tapır. Əgər biz bu gün 1000 nəfərlik şirkətdə CEO deyiliksə və buna çox az şansımız varsa, bu arzunu ürəkdə qoymaqdansa 100 nəfərlik şirkətdə ən azı departament müdiri olmaqdan məmnun olmalıyıq. Müsbət nəticəli departament müdirinin 100 nəfərlik şirkətdə CEO olmaq və yaxşı qazanmaq şansı aydındır ki, 1000 nəfərlik şirkətdə reklam meneceri kimi çalışmaqdan daha yaxşıdır. Rəqəm sadəcə simvolikdir.
İşlədiyim layihədə Britaniya universitetlərini Bakıda təbliğ edirik və aydındır ki, hər il yüzlərlə insan bizə bununla bağlı müxtəlif suallarla müraciət edirlər. Bir tərəfdən yaxşıdır ki, gənclərimizin əksəriyyəti Britaniyanın Top 5 universiteti ilə maraqlanır, digər tərəfdən isə pisdir ki, yalnız 10 % tələbə bu top universitetlərə daxil ola bilirlər. Qəbul olandan sonra hələ oxumağa qabiliyyəti çatıb-çatmayacağına təminat verilmir. Halbuki bu cür gənclər IELTS imtahanından maksimum 6.0-6.5 güc ilə yığırlar. Vacib deyil ki, təhsiliniz məhz Britaniyada olsun. Yaxud da vacib deyil ki, mən mütləq BP-də, Azercell-də işləməliyəm deyə onsuzda qısa olan həyatı boşa yaşayasınız. Orada oxuyan və ya işləyən sizdən, məndən artıq adam deyil, amma reallıq hissi də var ki, o da sizə öz potensialınıza uyğun yerdə olmağı tövsiyyə edir. Ona görə ki, sizin belə uğur qazanmağa daha çox şansınız var.
Uğura yol ölçmək üçün çatmırıq
Bir misal da öncəki iş təcrübəmdən çəkim ki, bizə ara-sıra şirkətlərdən əməkdaşları üçün təlimlərin İngilis dilində keçirilməsi ilə bağlı sorğu gəlirdi. Təbii ki, menecment üzrə hansısa bir təlimi İngilis dilində dərk etmək üçün bu dili yaxşı bilmək lazımdır. Ancaq bəzən İngilis dilini Red Murphy səvviyəsində bilən işçilər mən İngilis dilində təlimdə iştirak etdim və sanki 1 günlük təlimdə İngilis dilinə qulaq asıb öyrəndim deməklə özünə təsəlli verirdi. Demək ki, arzuladığın yerdə özünə iş tapmaq və ya sanki ‘oxumaq’ hələ məsələnin hamısı deyil. Öncə qeyd etdiyimiz hazırlıqlar məhz bu zirvədən sizi daha böyük uğurlara götürməyə imkan verməlidir. Nəyisə bilməsəniz belə potensialınız varsa onu tez bir zamanda öyrənə də biləcəksiniz. Əks halda necə yüksəlmişdinizsə eləcə də yuvarlanıb aşağı düşəcəksiniz.
Ümumi götürsək, hər bir insanın haqqıdır ki, ən yaxşısını istəsin və ona doğru irəliləsin. Ancaq mən 3 000 manatlıq yerdə işləyəcəm və ya mən mütləq filan universitetdə təhsil alacağam prinsipi ilə yaşayıb aylarla işsiz qalmaq və ya 10 il keçsə də təhsil almamaq heç birimizə arzu olunan vəziyyət deyil.
Müəllif: İlham Yusif
Mənbə: http://ilhamaliyusif.com/