Təchizat bir zəncirdirsə halqaları möhkəm olsun gərək

Dostlar, çoxdandır məni düşündürən bir məsələ haqqında sizlərlə bəzi fikirlərimi bölüşmək istərdim. Çox sevindirici haldır ki, ölkədə biznes baxımından ana dilimizdə bir çox yeni kitablar dərc olunur, materiallar və müəyyən dərgilər çap olunur, sosial şəbəkələrdə çox böyük gücə malik qruplar və səhifələr yaradılır və effektiv şəkildə fəaliyyət göstərirlər. Lakin bütöv bir şəkildə deyil, ayrılıqda biznes vahidləri kimi yanaşdıqda və sahələr üzrə araşdırdıqda görərik ki, bu qeyd etdiklərim daha çox Marketing, Satış və qismən də İnsan Resurslarının İdarəedilməsi(HR) sahələri üzrədir.Və bunları edən qeyd etdiyim sahələrdə ixtisaslaşmış şirkət nümayəndələri və müxtəlif peşəkarlardır, öz şirkətləri ilə bərabər ölkəyə, millətə də faydalı olmağa çalışırlar.

Eşq olsun! Hər biriniz dəyərlisiniz! Bir daha qeyd edirəm ki, çox sevinirəm buna görə, çünki bunlar hamsı vahid məqsədə yəni ölkədə biznesin inkişafına yönəlmiş addımlardır. Lakin bütün bunlarla yanaşı, məni narahat edən və bu yazını yazmağa vadar edən bir məsələ var. Məsələ ondan ibarətdir ki, bir çox dünya ölkələrində ən azı marketinq, satış və insan resurslarının idarəedilməsi qədər önəmli və aktual sahə hesab edilən təchizat zəncirinin idarəedilməsi sahəsi üzrə yuxarıda qeyd etdiyim hallar müşahidə olunmur təəssüf ki. Sanki heç bu sahə mövcud deyil, amma biznes və iş dünyası ilə birbaşa əlaqəli olan hər kəs təsdiqləyə bilər ki, təchizat şirkətin olmazsa olmazlarındandır, çünki ən azından şirkətlərdəki proseslərin(istehsalat, mübadilə, satış və.s) davamlılığı, inkişafı, fasiləsizliyi birbaşa effektiv təchizat zənciri idarəetməsindən keçir.

Misal olaraq Zara, Walmart, Toyota, FedEx, Dell və.s kimi şirkətlərin uğur mənbəyi birbaşa olaraq effektiv təchizat zənciri sisteminə bağlıdır. Əlavə olaraq rentabelli çalışmanın əsas halqasıdır, bu səbəbdən də təchizat zəncirinin optimallaşdırılması mənfəətliliyi artırmaq və xərcləri azaltmaq üçün ən mühüm tapşırıq hesab olunur. Bundan başqa məşhur bir deyim də var ki, təchizatda qənaət olunan 1 dollar şirkətin mənfəətində qənaət olunacaq 1 dollar deməkdir. Bu deyim sahənin əhəmiyyətindən və vacibliyindən uzun-uzadı danışmağa lüzum qoymur artıq düşünürəm. Qısası, şirkətlər üçün çox strateji bir sahədir hər baxımdan.

Nəysə..Çalışacam ölkəmiz baxımından bu sahədə(təchizatın idarəedilməsi) gördüyüm inkişafa mane olan problemləri və bugünki bu durumu öz prizmamdan şərh edim:

  • Təlim-tədris problemləri

Təəssüf ki, bugün təhsil ocaqlarımızda Təchizatın idarəedilməsi(SCM & Logistics) üzrə dərslər demək olar ki, yox səviyyəsindədir, Qafqaz Universitetində magistr təhsilim zamanı Əməliyyatların idarəedilməsi(Operations managment) dərsi keçilirdi və sadəcə o dərsdə müəyyən qədər toxunulurdu təchizat sisteminə(SCM-Supply Chain Managment). Sənaye mühəndisliyi fakültəsində də müəyyən qədər(az bir səviyyədə) toxunulur bu sahəyə. Digər təhsil ocaqlarında isə bu baxımdan vəziyyət daha acınacaqlıdır. İnandırım sizi ki nəinki fakultələrdə dərs keçiləcək, hətta ayrıca bir fakultə kimi tədris olunacaq qədər geniş və çox əhəmiyyətli sahədir. Təlimlər isə əksəriyyəti korporativ istiqamətdədir(b2b), tələbə kontingenti üçün xüsusi təlimlər və ya sahənin inkişafı və geniş hədəf kütləyə aşılanması istiqamətində digər sosial layihələr yox səviyyəsindədir. Son dönəmlərdə Supply Chain Academy-ni qeyd edə bilərəm sadəcə.

  • Ana dilində resurs və materialların yoxluğu

Fikir vermişəm məsələn bir sahə üzrə doğma dilimizdə materiallar çoxaldıqca o sahəyə həvəs və meyl xeyli artır, yəni nəticədə insanlar bir sahəni hardasa daha yaxşı dərk edib özünküləşdirə bilir. Paralel olaraq digər dillərdə olan materiallardan da yararlanıb öz ədəbiyyatlarımızla əlaqələndirdikdə çox gözəl nəticələr çıxır ortaya.

  • Doğru zamanda,doğru yerə,doğru insan(3R) problemi

Bu amil bir çox sahələrdə var, sözümün canı odur ki, məsələn bəzən marketinq mütəxəssisi vəzifəsinə sosiologiya, psixologiya bitirən, qlamur həyat tərzi keçirən biri gətirilir, adam ofisdə oturub marketerlik edir, bir dəfə də olsun Sədərək bazarına baş vurmur, düşünmürəm ki marketinq ofisdə olsun, inandırım sizi ki, belə tiplər 09:00-18:00-ə qədər vaxt keçirib evə qaçmaqda maraqlıdırlar, ölkə səviyyəsində sahənin inkişafına töhfə vermək onların ağlının ucundan belə keçmir. Və yaxud da insan resursları üzrə mütəxəssis vəzifəsinə ibtidai sinif müəllimliyini bitirmiş və əslində kargüzar işi görən biri gətirilir ki, bu adamın işi ay sonu tabel hesablayıb mühasibatlığa verməklə bitir(bu məsələ dərin məsələdir HR baxımından,ona görə əsas məsələdən yayınmamaq üçün çox dərinə getmirəm) və inanmıram ki bu tip də sahənin inkişafında maraqlı olsun, istisnalar çox az da olsa bəlkə də var.

Bu vəziyyət təchizatın idarəedilməsi baxımından daha da acınacaqlıdır, belə ki bir çox hallarda xarici dillər və ya digər müəllimlik və dil ixtisasları üzrə təhsil almış, sadəcə dil bilikləri olduğuna görə işə alınan və məcburiyyət qarşısında qalıb işliyən, SCM nəzəriyyəsindən xəbəri olmayan, iş dönəmində prosedurları öyrənib sadəcə işini yola verib 18:00-a kimi saatları sayan biriləri də inanmıram ki sahənin inkişafında, öyrənib öyrətməydə maraqlı olsun. Yəni bu punktdakı problemlər əsas etibarilə qeyri-effektiv HR sistemi və yararsız(“Azərbaycansayağı”) idarəetmə sistemi ilə bağlıdır.

  • İş yükü məsələsi

Bəzən mən bu məsələ barədə danışanda mənə bildirirlər ki, təchizatçıların iş yükü və məsuliyyəti daha çoxdur deyə onlar sosial şəbəkələrdə kifayət qədər vaxt keçirə bilmirlər və əlavə təlim-tədris layihələri üçün də vaxtları olmur. Məsuliyyət barəsində razıyam, söz yox, amma inandırım sizi ki, digər sahələrdə(Marketing, Satış, İRİ, Maliyyə-mühasibatlıq) də iş yükü az deyil və düşünürəm ki, işinə peşəkar yanaşıb, öz vəzifə və öhdəliklərini tam dəqiqliklə və 4-ün 4-ə yerinə yetirən istənilən mütəxəssisin iş yükü həmişə çoxdur, biznes sahəsindən və vəzifəsindən asılı olmayaraq. İş yükü məsələsində hər sahədə qarma qarışıqlıq var əslində, məsələn necə ki, marketinqə şirkətlərdə satış şöbəsinin də işini gördürürlərsə, eləcə də Təchizat və satınalma şöbəsi adı altında bütün təchizatın idarəedilməsini, anbarın, stokların idarəedilməsini, logistika, yükdaşımaları 2 və ya 3 işçiyə gördürürlər, təəssüf ki bu var, amma qeyd etdiyim kimi hər sahədə var bu məsələ ölkəmizdə.

  • Peşəkarların kifayət qədər sosial aktiv olmaması

Sosial şəbəkələrdə aktiv biriyəm və bacardığım qədəri ilə biznes dünyasını hərtərəfli şəkildə izləməyə çalışıram və deyə bilərəm ki bəhs etdiyim sahənin adamları Marketoloqlar və HR-lar kimi aktiv deyillər sosial şəbəkələrdə, halbuki bildiyimiz kimi ən böyük layihələrin hədəf kütləsi məhz sosial şəbəkədən formalaşır və geniş bir kütləyə yetişmək imkanları var. Mən əminəm ki, ölkəmizdə bu sahənin də(təchizatın idarəedilməsi) peşəkarları çoxdur, amma ya bildiklərini bir o qədər də paylaşmaq, öyrədib öyrənmək istəmirlər, ya müəyyən kompleksləri var, ya onları hər şey qane edir, başlarını ağrıtmaq istəmirlər, ya da ki bəlkə də mənim bilmədiyim başqa nələrsə var. Görünən odur ki, bu sahə bir qədər arxa planda qalıb hal-hazırda, gənclərə, tələbə kontingentinə sahənin əhəmiyyəti aşılanmır, onlar bu sahəyə təşviq olunmur, sosial proyektlər çox azdır.

Xülasə

Mən düşünürəm ki, bir sahənin əhəmiyyətli dərəcədə inkişafı və ölkə miqyasında geniş yayılması həmin sahənin peşəkarlarından və onların bu sahəyə vermiş olduqları və ya verəcəkləri töhfədən birbaşa asılıdır. Məsələn, kim nə desə də, mən əminliklə deyirəm ki, ölkəmiz baxımından 13-14 yaşı olan marketinq bugün çox inkişaf edib ölkəmizdə və sanmıram ki, burda əlavə dəstək və ya xüsusi yardım fondu filan rol oynadı, xeyr bu birbaşa bu sahənin peşəkarlarının alın təri hesabına, onların zəhməti və öz töhfələrini əsirgəməməsi hesabına baş verib.

Əziz təchizatçılar, logistiklər, kolleqalar, sizləri bir araya gəlib daha yaxşı bir şəkildə sosial platformalarda geniş şəkildə networkingə, sahə üzrə problemləri ortaya qoyub onlar ətrafında müzakirə etməyə, təlim-tədris məsələlərində aktivliyə, bildiklərinizi paylaşıb həm öyrənməyə, həm də öyrətməyə çağırıram.

Dəyərli Dostlar, bəs siz ölkədə Təchizat zəncirinin idarəedilməsi baxımından hansı problemləri görürsünüz? Fikirləriniz çox maraqlı olar.

Müəllif: İsmayıl Baxışlı

Mənbə: https://ismayilbakhishli.wordpress.com