Bəzilərinizə məlum olduğu kimi 26-27 may 2015-ci il tarixlərində keçiriləcək 3-cü Milli Marketinq Forumuna mən də spiker kimi qoşulacağam. Forum haqqında qısa fikirlərimi növbəti videoadan izləyə bilərsiniz.
Videoya baxdınızsa orada Marketinq Strategiyaları panelində çıxış edəcəyimi qeyd etdim. Forumda təqdimatım üçün düşünürəm ki, maraqlı konsepsiya hazırlaya bilmişəm. Bu konsepsiya qalsın 10 gün sonraya. İndi isə Əgər Milli Marketinq Forumu olmasa yazımda da söz verdiyim kimi təqdimatı hazırladığım və ümumiyyətcə foruma hazırlaşdığım vaxt haqqında yenidən və ya yenicə düşündüyüm hələ ki 2 məsələ haqqında qısaca fikirlərimi sizlərlə paylaşmaq istəyirəm. Foruma qədər daha bir neçə məsələni də paylaşmağı düşünürəm.
E-qərarvermə
Bu günlərdə İngiltərə Universitetlərinin birinin nümayəndəsi ilə insanların təhsil qərarları ilə bağlı davranışlarını müzakirə edirdik. Baxmayaraq ki, Birləşmiş Krallığın indiyə qədər 50-dən artıq universiteti Bakıda öz marketinq büdcəsini xərcləyir onlardan təxminən yarısı Azərbaycandan öz universitetlərində təhsil alan tələbələrin sayından razıdır. Vacib faktor kimi deyim ki, bəzi top universitetlər ümumiyyətcə heç bizdə pul xərcləmədən belə Azərbaycandan olan tələbələr bu universitetlərə müraciət edirlər. Uğursuzluq məsələsi bu universitetlərin qeyri-peşəkarlığı ilə bağlı olmayıb daha çox ‘word of mouth’ effekti ilə bağlıdır. Elə görüşdə də müzakirə edirdik ki, hələ ki insanlar rasional qərar verə bilirlər və məsləhətli don gen olar deyib digər insanların tövsiyyələrini qulaqardına vurmurlar. Amma yaxın 5-10 ilə texnologiya, internet bizim qərarvermə prosesimizdə bizi daha çox aldadacaq, nəinki biz rasional düşünə biləcəyik. Yəqin ki, bəziləriniz Will Smith-in yenicə çəkildiyi Focus filminə baxmısınız və 55 effekti yadınıza düşdü. Bir neçə il qabaq deyirdik ki, marka çoxdur və avtomatik reklamlarda gördüklərimizə istər-istəməz meylli olurduq. İndi vaxtımızın çoxunun keçdiyi internetdə marka çoxdur nədir, reklam marka sayından da çoxdur. Çünki internet sadəcə 3-5 dollar büdcə ilə də reklama imkan verir. Məsələnin mənfi tərəfi odur ki, biz nə qədər ənənəvi bannerlər, pop-up bannerlərdən gözümüzü qaçırsaq da, internet PR və reklamın digər vasitələri ilə lazımsız brendləri də beynimizə yerləşdirir. Bu təbii ki, faciə deyil, çünki məsələn booking.com kimi hər sahədə çoxlu saytlar var ki, bizə seçim üçün etibarlı bir mühit yaradır. Amma yenə də həm satan, həm də alan tərəf kimi bu barədə düşünməyə dəyər.
Prioritetləşdirmə
Şirkətdə biznes və marketinq strategiyaları hazırlanarkən sadə demək olar ki, əsas qərarverici şəxs marketinq direktoru, şirkətin rəhbəridir. Amma məlumdur ki, hər bir departament öz məsələlərini önə çəkməyə çalışır. Məsələn, elə indinin özündə bəzi şirkətlərdə böhran vəziyyəti ilə bağlı olaraq müxtəlif xərclərin azaldılması taktikaları edilir. Elə şirkətlər var ki, işçiləri illərdir istifadə etdiyi plastik qaşıqlar ilə belə artıq təmin etmirlər. Ümumiyyətcə, əksəriyyət həmişə öz problemini daha vacib görür. Hətta qlobal səviyyədə ekoloji problemlərlə məşğul olan alimlərdən soruşduqda onlar korrupsiyanı, mədəni deqradasiyaları bir kənara qoyub təbii su ehtiyatlarının azalmasını və ya hansısa heyvan növünun itməsini ümumbəşəri daha vacib problem kimi görürlər. Hətta bir leksiyada qulaq asdığım kimi əgər ortada dünyanın problemləri üçün x məbləğ olsa o məbləğin çox hissəsini ekoloqlar yuxarıdakı kimi problemlərin həllinə yönəldərlər.
Mən qətiyyən qeyri-ekoloji insan deyiləm. Sadəcə bu nümunə ilə göstərmək istədiyim odur ki, bəzən şirkətlərdə, təşkilatlarda da prioritetlərin hansı ardıcıllıqla icrasına önəm verilmir. Şirkət öz dəyərlərini müəyyənləşdirir və sanki bütün bu işləri paralel görür. Hər şöbə özünə aid olan işi vacib görür. Şirkətə satışlarını artırmaq lazım olanda İnsan Resursları şöbəsi işçilərin bayram günləri işləməsinin düzgün olmadığını və ya əlavə iş saatlarına görə ödənişin limitli olduğunu göstərir və işçilərin mənəvi rifahını önə çəkir. Yaxud da, şirkətə yeni texnologiyanın tətbiqi üçün bahalı avadanlıqlar lazım olanda maliyyə meneceri başqa ödənişlərin vacib olduğunu bildirir. Təbii ki, hər bir təşkilatı funksiya yuxarıdakı misallarda özünə görə düzgündür. Ümumilikdə isə şirkət strategiyasında prioritetləri müəyyən edərkən maksimum emosiyaları kənara qoyub rasional iqtisadi yanaşma etməlidir.
Ümumilikdə 10 milyonluq və ya 100 000 manatlıq dövriyyəsi olmasından asılı olmayaraq istənilən şirkət gərək biznesinə düşüncə ilə yanaşsın. Ona görə də qayıtsaq bir daha foruma və milli olan istənilən bir tədbirə onu da demək lazımdır ki, marketinq nə qədər çox sayda qlobal brendlərdən ibarət olsa da onun kommunikasiyası lokaldır. Odur ki, ölkədə nə qədər milli səviyyədə müzakirələr olacaq bir o qədər bundan faydalanan yerli biznes olacaq və düşüncə də o zaman müsbət olacaq.
Müəllif: İlham Ali Yusif