3-cü Milli Marketinq Forumuna çox az qalır. Təşkilatçılar üçün sayılı saniyələr, spikerlər üçün dəqiqələr, iştirakçılar üçün isə saatlar. Bu simvolik vaxt bölgüsü sırf məsuliyyət ilə bağlıdır. Təşkilatçılar hər bir detalda həssas olduqlarından vaxtın hər saniyəsini, spikerlər də çıxışın faydalı olması üçün indi vaxtın hər dəqiqəsini sayırlar. Mən inanıram ki, foruma izləyici kimi qatılacaq insanlar indi saatları saysalar da forumdakı maraqlı çıxışlar zamanı saniyələr olmasa da, dəqiqələrin ləng getməsini istəyəcəklər. Spikerlərdən biri olaraq fürsət olduqca forum öncəsi bəzi fikirlərimi sizinlə paylaşmaq imkanı olmuşdu. Forumdakı tezislərimdən biri bu yazının başlığı kimidir. Nəzərə alsaq ki, ümumi çıxış üçün sadəcə 15 dəqiqə vaxt olacaq istərdim ki, strategiyaya inam ilə bağlı 4 müxtəlif kateqoriya üzrə bəzi qeydlərimi sizlərlə paylaşım ki, işimizdə bu məsələlər haqqında düşünək:
1. Uzunmüddət bizimlə çalışanlar
Zaman keçdikcə biz biznes strategiyamız və marketinq strategiyamıza əl gəzdirir və trendləri izləyərək ona yeni elementləri daxil edirik. Bəzi şirkət və təşkilatlar isə heç zaman ümumi bir strategiya haqqında düşünməyibsə biznesi böyüdükcə bu barədə fikirləşib ortaya yeni planlar, strategiya qoyur. İşçilərlə şirkətin planları ilə bağlı ünsiyyət zəif olduqda, şirkətin uğur və uğursuzluqları ilə bağlı əməkdaşlar ümumi məlumatlı olduqda və ya dəyər və prinsiplər hamıya aydın olmadıqda ‘ekologiyanı qoruyaq’ prinsipi ilə işləyən şirkətin 5 illik əməkdaşının Bakıdan Qəbələyə gedərkən yolboyu 6 plastik butulkanı, energetik içkinin 2 dəmir bankasını pəncərədən gözəl təbiətə atmasında və ya şirkətin satışlarının ciddi artdığı yeni perspektivlər dövründə 100 manat çox maaşa görə işini dəyişməsində təəccüblü heç nə yoxdur. Bu məsələlər çox nisbidir. Təbiəti zibilləmək də, iş yerini dəyişmək də fərdi məsuliyyətdir. Amma işçilərlə düzgün kommunikasiya edilmiş strategiya bu kimi halları əminəm ki, çox minimallaşdırır.
2. Şirkətə yeni qoşulanlar və ya qoşulmaq istəyənlər
Bu yaxınlarda həmkarlarım iş müsahibəsi keçirirdilər. Namizədlərdən biri hər suala cavab verəndə ‘International Organization’ deyib beynəlxalq şirkətdə işləmək istəyində olmasını bildirirmiş. Etiraf edim ki, mənim üçün də indi işlədiyim təşkilatın bu pozisiyalaşması əsas seçim amillərindən biri olmuşdu. Əgər kimsə marketinq araşdırması və ya CRM üzrə mütəxəssisdirsə iş axtararkən şirkətlər arasında bu sahələrə daha çox önəm verən şirkətə üstünlük verəcək. Həmçinin, şirkətdə sınaq müddətində olan insan öz bilik və təcrübəsini istifadə etmək üçün platforma görməyəndə işdən ayrılmaqla bağlı özü şirkətdən daha tez qərar verəcək. Belə bir təcrübə də var ki, insan şirkətin məhsul və xidmətinə dəyər verib müştəridən əməkdaşa da çevrilir. Özü də bu motivasiya sadəcə gələcəkdə məhsul və xidmətlərdən güzəştli istifadə etməklə bağlı deyil, daha çox bu şirkətin müştərilərə olan münasibəti, işin təşkilinə münasibət ilə bağlıdır.
3. Müştərilər
Dünyanın harası olmasından asılı olmayaraq reklam və PR müştərilərin əksəriyyəti üçün qərarverməyə daha çox təsir edir. Müəyyən etmək lazımdır ki, müştərilərimiz üçün bizim strategiyanın hansı tərəfləri maraqlıdır və bunun üzərindən kommunikasiyanı aparıb onları inandırmalıyıq. Bunu mobil telefonların istehsalında da görmək olar. Müştərilər həm Samsung-da, həm də Apple-da hər yeni seriyada əsrarəngiz dəyişiklərin olacağına inanırlar. Düzdür əksər müştərilər kor-təbii bu proseslərin içində olurlar. IPhone 3-ün bütün imkanlarından xəbərdar olmayanlar, dəbə görə aldıqları 6-cı seriyada heç 25 % funksiallıqlardan xəbərdar olmurlar. Amma əsas məsələ odur ki, IPhone 7 çıxanda ‘nə isə yenilik var’ prinsipi ilə bu insanlar onu alacaqlar. Rahatca görmək olur ki, Apple yenilikçi strategiyasını sadə seriyalama prinsipi ilə müştərilərə çatdıra bilir.
4. Partnyorlar
Nəhayət sonuncu kateqoriya partnyorlarla bağlıdır. Şirkətlər mütəmadi özləri haqqında rəsmi və qeyri-rəsmi məlumatlar yaymaqla strategiya və planlarını biznes partnyorlarının ‘diqqətinə çatdırırlar’. Məsələn səhm bazarlarında külək şirkət ilə bağlı pessimist xəbərlər olan kimi daha da sürətlə əsir. Əgər şirkət istehsal prosesində enerjiyə qənaət etdiyini bəyan edirsə onu avadanlıqla təchiz edən şirkət bu prinsipə uyğun gələn məhsulunu təqdim edə bilər. Oxşar dəyərləri paylaşan şirkətlər və təşkilatlar bir-biriləri daha asan dil tapırlar. Korporativ sosial məsuliyyətə önəm verən şirkətlər koalisiya şəklində sosial layihələrə dəstək də verirlər. Bir şirkətin loqosunu hansısa sosial layihədə görən partnyor, təchizatçı bu layihəyə özünü də dəstəkçi kimi qoşmağa çalışacaq.
Burada xüsusi qeyd etmədiyim rəqiblər kateqoriyası da var ki, bizim güclü və ya zəif olmağımız onların da strategiyalarını rasional aparmaqlarına imkan verəcək. Bu kateqoriyanı unutmayıb xarici PR-da diqqətli olmalıyıq.
İstənilən halda şirkət ümumi biznes strategiyasının bəzi elementləri üzrə gərək daxili və xarici PR ilə kommunikasiyanı davamlı etsin. Əks halda şirkət brendinə və ya təqdim etdiyi markalara inam indeksi azalacaq. Bu isə biznesin uğursuzluğuna gətirib çıxaracaq.
Müəllif: İlham Ali Yusif