Şirkətinizin adı mobil telefonun axtarış sistemində niyə çıxmır?

Gündəlik həyatımızda apardığımız əməliyyatların “online-laşması”, online əməliyyatların isə sürətlə “mobilləşməsi” bütün dünyada biznes sahiblərinə “Mobile SEO”nun (Mobile Search Engine Optimisation) əhəmiyyətini çatdırmaqdadır. Loru dildə desək, 189 taksi xidməti elə etməlidir ki, kimsə mobil telefonda “taksi xidməti” yazıb, axtarış edəndə 189’un mobil tətbiqinin linki, saytı, Facebok səhifəsi və ya xətirədə ünvanı çıxsın. Əgər bu alınırsa demək ki, 189 taksi xidmətinin Mobile SEO fəaliyyəti düzgündür, alınmırsa demək ki, digər taksi xidməti bunu daha yaxşı həll edib.

Mobil axtarış sisteminin optimizasiyası kompüter (desktop) axtarış sistemindən fərqlənir. Bəli, siz Google’da eyni ifadəni həm kompüterdə, həm də mobil telefonunuzda axtarsanız fərqli nəticələr əldə edəcəksiniz. Demək olar əksər şirkətlərin saytı, Facebook səhifəsi Google axtarış sistemində çıxır, amma mobil telefonda axtaranda əksər şirkətlər haqda məlumat çıxmır. Bunun səbəbi Desktop SEO və Mobile SEO arasındaki iş prinsipinin fərqlənməsidir.

Elə yuxarıdakı misalla davam edək. Noutbukumda “taksi xidməti” axtarış edəndə aşağıdakı nəticələr çıxır:



Şəkildən də gördüyünüz kimi axtarışda ilk sırada 189 Taksi sifarişi xidmətidir. Digər uğurlu şirkət isə “DostTaxi”dir. Onların ünvanı ekranın sağ tərəfində Google Maps’də çıxır, həmçinin saytın ünvanı da öndə çıxır. İlk səhifədə “Baki Taksi”“Felix Taxi” şirkətlərinin də adı çıxır.


Mobil telefonda Google’a daxil olub, “taksi xidməti” axtarışını edəndə isə fərqli nəticələr çıxır:



Burada ilk olaraq Orkhanrza.com bloqunda Uber haqda yazılmış yazı çıxır. Növbəti iki yazı isə Facebook və xəbər saytından olan məlumatlardır ki, bu da axtaran insana o qədər maraqlı deyil. Demək ki, Orkhanrza.com bloqunun Mobil SEO-su daha dəqiqdir ki, hətta yazının içində olan adi bir cümlədən o ifadəni tapıb önə çıxarır, halbuki kompüterdə axtardığımız zaman demək olar bütün taksi xidmətlərinin adı çıxmışdı.


Bu da əyani olaraq Desktop SEO və Mobile SEO arasında böyük fərqlər olduğunu göstərir. Bəs şirkətinizin adının mobil axtarış sistemində çıxması üçün nə etmək lazımdır?

  • Vebsaytınızın “mobile-friendly” olmasına diqqət edin. Yəni, saytınıza mobil telefondan və ya planşetdən daxil olduqda saytı böyütməyə ehtiyac olmasın, saytda olan menyular, slaydlar, müxtəlif yazılar və düymələr avtomatik olaraq mobilə uyğun şəkildə açılmalıdır.

Vebsaytınızın mobil telefona uyğun olub-olmamasını buradan yoxlaya bilərsiniz. Bunun üçün göstərilən linkə daxil olun, açılan xanada vebsaytınızı yazıb, “Analyze” düyməsinə klikləyin. Bir neçə saniyə sonra Google sizə deyəcək ki, saytınızın vəziyyəti nədir.

  • Apple və Google Maps’a şirkətinizi əlavə edin. Mobil axtarış sistemində xəritənin təsiri çoxdur. Buna görə də şirkətinizi xəritəyə əlavə edin. Bu, sadə və bir neçə dəqiqənizi alacaq işdir.
  • “Mobil-friendly” vebsaytlara və bloqlara müraciət edin. Şirkətiniz haqda press-reliz və s. bu kimi məlumatların mobil telefona uyğunlaşdırılmış vebsaytlarda, bloqlarda yayımlanmasına səy göstərin. Yuxarıdakı nümunədə də göründüyü kimi, Uber haqda Orkhanrza.com‘da yazı yayımlanması axtarışda Uber’in birinci sırada çıxmasına səbəb olur.

Bir neçə ay öncə Google açıqladı ki, mobil telefonda aparılan axtarış sayı artıq kompüterdə aparılan axtarış sayını keçib. Gələcəkdə isə mobile telefondakı axtarış sayı kompüteri böyük fərqlə üstüləyəcək. Buna görə də indidən mobil axtarış sisteminin optimizasiyası ilə bağlı ciddi düşünmək lazımdır.

Müəllif: Orxan Rzayev

Mənbə: http://orkhanrza.com