Sağa ver saxla

Fikrimcə vaxt ən vacib resursdur. Elə ona görə də bu yazını nisbətən qısa edəcəyəm. Nədənsə bizdə biznesdən ‘kənarda olanlar’ biznesdəkilərin vaxtına heç hörmət etmirlər. Buna sadə nümunə kimi, Yol Polisi əməkdaşlarını göstərə bilərik. Fikrimi siz bu videoyaya baxdıqdan sonra konkretləşdirəcəyəm. Sadəcə bu video ilə ilk öncə göstərmək istəyirəm ki, mənim Yol Polisilə heç bir qərəzim yoxdur. Hətta indiki şəraitdə onların daha çox olmasını arzulayıram. Ən azı bu videoda gördüyümüz parazit insanlara azdan-çoxdan onlar qulaqburması edə bilirlər.

İndi isə keçək əsas məsələyə. Amma yuxarıdakı fikrimə təzadlı görünsə də mən şəhər içində, daha dəqiq elə Nizami küçəsində yol polisi əməkdaşlarının parkinqlə bağlı yaratdığı ‘səliqə-səhmanı’ heç bəyənmirəm. Məsələ burasındadır ki, 1 ildən çoxdur ki, bu küçədə maşın saxlamaq ciddi problemdir. Landmark Bakının ən vacib iş mərkəzlərindən biridir. Burada bir neçə xarici ölkənin səfirliyi də var. Bundan əlavə Landmark ətraflında bir neçə bank da fəaliyyət göstərir. Elə ondan başlayaq ki, banklardan birinin filial direktoru da qeyd edir ki, müştərilərlə təcili əməliyyatlar aparmaq lazım olduqda, məsələn hansısa əmlakın qiymətləndirilməsindən öncə bankda hansısa sənədi imzalamaq və s. lazım olduqda müştəri bir neçə dəqiqəlik maşınını küçədə saxlaya bilmir.

Biz isə həmişə vaxtın vacib resurs olduğunu qeyd edirik. Özümüz də günümüzü elə planlaşdırırıq ki, günün müəyyən hissələrində hər dəqiqənin öz vacibliyi olur. Məsələn, səhər təzdən Landmark-da Avstriya səfirliyinə viza almaq üçün gələn insanlar qaçaqaçla binaya daxil olurlar. İşlərini bitirib maşına qaçıb digər işlərinin arxasıyca getmək istəyirlər ki, maşın yerində olmur. Hansısa poliqrafiya şirkətinin kuryeri həm də maşın sürür. Landmark-a sifariş gətirir. Maşını çöldə saxlayıb qalxır materialları təhvil verməyə və geri qayında görür ki, maşın yoxdur. Mən hələ vacib görüşlərə gələn insanları demirəm. Deyə bilərsiniz ki, Landmarkın arxasında və yanında parkinq aparatları qoyublar. Amma nəzərə alın ki, bu yerlər çox zaman dolu olur.

Deməyin ki, gəzmək sağlamlığa xeyirdir. Razıyam. Hökumət evinin yanında, 28 Mall-da da böyük parkinqlər var. Orada saxlayıb bura piyada gəlmək olar. Amma bunu qarı, yağışı da var. Landmarkın yanındakı küləkdən xəbərləri olanlar da məni başa düşər. Ona görə də bir neçə dəqiqəlik bu binanın qarşısında dayanıb öz ailə üzvünü gözləyən və ya sənəd çatdırmaq üçün hansısa şirkətin nümayəndəsini gözləyən maşının nömrəsi niyə çəkilib ona 20 manat cərimə yazılsın ki? Mən qaydalara böyük hörmət edirəm. Ona görə də Yol Polisinin əməkdaşları ilə reydlər istisna demək olar ki, heç ünsiyyətə də girmək məcburiyyətində qalmıram. Amma bu sadə misallarda görmək olur ki, bəzən ‘qayda-qanun’ və ‘nizam-intizam’ əslində biznesin vaxtını yeyir.

Mən başa düşürəm ki, böyük şəhərlərdə şəhərin mərkəzində maşın saxlamaq həm bahadır, həm də demək olar ki, mümkün deyil. Amma Nizami küçəsinin 160 nömrəli məktəbdən Puşkin küçəsinə qədər olan hissəsi o qədər də məşğul olan yol deyil. Orada hətta ödənişli parkinq etmək də olar. Amma nədənsə sanki Yol Polisi əməkdaşları bu ətrafda işləyən şəxslərin, ən əsası buraya gələn müştərilərin vaxtına hörmət etmirlər.

Qeyd: Bu video 2 gün öncə İsmayıllı – Bakı yolunda çəkilib. Gördüyünüz kimi sürətlə sürüb gedən maşının sürücüsü bizim stop işıqlarına məhəl qoymur, onun üstümə gəldiyini görüb mən dərhal sağa verirəm, o isə maşının sürətini azaltmaq əvəzinə sola sürüb bizi keçmək istəyir. Arzulayıram ki, siz və yaxınlarınız bu cür hadisələrlə heç zaman rastlaşmayasınız.

Müəllif: İlham Yusifov

Mənbə: http://ilhamaliyusif.com