Reputasiyanızı qoruyun

Reputasiyanızı qoruyun
1657

Professional biliklər, vərdişlər, qabiliyyət və bacarıqlar, nəzəriyyə, praktika və təcrübə müvəffəqiyyətli olmaq üçün çox vacib amillərdir. Ancaq iş dünyasında üzərində ciddi diqqət olan bir məqam var- təmiz insan. Reputasiyanı daim qorumaq lazımdır. Günümüzdə iş dünyasında reputasiya, demək olar ki, qiymətsizdir.

Şirkət rəhbərliyinin daim qarşılaşdığı vəziyyətlərdən biri – idarəçilərin öz mənfəətlərini şirkət mənafelərindən üstün tutması və natəmiz işlərlə məşğul olmasıdır. Xalq arasında istifadə söz ilə desək –“otkat”lar almaq. “Otkat” nədir? Şirkət idarəçisi tərəfindən hansısa məhsulun və ya xidmətin təmin edilməsi üçün aldığı rüşvətə “otkat” deyilir. Bu rüşvətdir. Işyerində əlavə gəlir əldə etməyin və otkatların müxtəlif formaları var və belə bir halda insan vicdanının “sən oğrusan!” səsini susdurmaq üçün özünə haqq qazandırmağa çalışır.

Belə əməllərə əl atan insanların əsas arqumentləri – mənim layiq olduğumu mənə vermirlər. Əla. Bunun fərqindəsən. O zaman işini dəyiş və başqa firmaya keç. Ancaq oğurlama. Heç kimin oğurluq etmə haqqı yoxdur. Otkatlar isə, insanın öz vicdanını susdurmaq üçün müxtəlif əsaslarla və örtülərlə üstünü örtdüyü oğurluqdur. Elə çıxır ki, insan ona aid olanı şirkətdən alır və buna əlavə olaraq həm də şirkəti cəzalandırır. Digər sözlərlə desək – insan qəbul edir ki, ancaq oğru deyil, həmdə xaincəsinə qorxaqdır, çünki şirkət rəhbərliyinə daha da çox maaşa layiq olduğunu demə cəsarəti olmadığına görə hiyləgərcəsinə oğurluq edir. Qorxaq və oğru olan bir insan özünü Robin Hood olaraq göstərmək istəyir – varlı və ədalətsiz insanlardan qarət edir.

Adi bir vəziyyət – şirkət 20 kompyuter almaq planlaşdırır və bunun üçün 20.000 manat büdcə ayırır : hər bir kompyuter üçün 1.000 manat. Bunların alınması üçün məsul olan şəxs lazım olan xüsusiyyətlərdə kompyuterləri 700 manata tapır. Və öz cibinə 6.000 manat qoyan bu insan öz hərəkətinə bununla haqq qazandırır ki, şirkət onsuzda 1.000 manat verməyi planlaşdırmışdı və buna hazır idi. Elədir, razı və hazır idi. Ancaq sənin, idarəçinin rolu həmdə onan ibarətdir ki, şirkətin mənfəətini qoruyasan, və qiyməti bir qəpik belə endirmə imkanı olduğunda dişinlə bu endirim üçün mübarizə aparmalısan. Maaş elə bunun üçün verilir.

Belə hallardan tamamən uzaq durmaq lazımdır. Istənilən formada natəmiz işlərdən qaçınmaq lazımdır, xüsusiyyətlə maliyyə işlərində. Təmizlik – vəzifə öhdəliyidir. Şirkətlə iş müqaviləsi imzalandığı anda hər bir insanın üzərinə aldığı ən vacib öhdəliklərdən biridir : şirkətə qarşı dürüst olmaq – onun mənafelərini qorumaq – və nəzarətin olub olmamasına baxmayaraq bu qaydalara riayət etmək. Hər bir əməkdaş ona qarşı etimad göstərən şirkət və rəhbərliyi qarşısında mənəvi və etik məsuliyyət hiss etməlidir.

Əgər bir insan maaşdan narazıdırsa – daha çox ödəniş edilən yer gedsin. Əgər heç bir yerdə daha da çox ödəniş etmirlərsə – o zaman onun biliklərinin, vərdişlərinin, təcrübəsinin qiyməti budur. Amma bu oğurluq etmək üçün bir əsas deyil.Iş zamanı səhv etmək olar və səhvlərdən qorxmamaq lazımdır. Hamı səhv edir və səhvlərimiz – təcrübə toplamaq prosesinin vacib tərkib hissəsidir. Amma insanın hərəkətləri və addımarı qəsdən pis və natəmizdirsə, bu artıq tamamən başqa bir məsələdir.Əməkdaşın maaşı işə götürəndən asılı deyil – insanın özünə bağlıdır. Işə götürən əməkdaşın bir mütəxəssis olaraq dəyərinə təsir edə bilməz. Idarəçinin aldığı maaş onun özünün seçimidir. O özü özü üçün bu qiyməti təyin etmişdir.

Tamah çox böyük olur. Ayda 1000 manat maaş alan bir insanın iddialarının böyük olması və maaşından, avtomobilindən, Avropada istirahət edə bilməməsindən narazı olması ilə bərabər bir əməliyyatla maaşından 2-3 qat daha çox qazanması böyük bir tamahdır. Ancaq belə bir işi görmək üçün mane olan kiçikliyimizdən bizlərə aşılanan mənəvi-etik bir sərmaye var. Belə addımı atmaq üçün uşaq yaşlarımızdan bizə başa salınan mənəvi etik normaları, belə hərəkətlərə qarşı iyrənmə hissini və tutulma qorxusu üzərindən keçmək lazımdır. Amma digər tərəfdən də heç bir zəhmət çəkmədən böyük məbləğ qazanma istəyi də var. Və məhz buna görə də – öz vicdanının səsini susdurmaq və bunu görən ətrafındakı insanlara açıqlama vermək üçün bir bəraət düşünmək lazımdır. Və bunun üçün də “mənə qarşı ədalətsizlik var, az maaş verirlər vs” kimi nağıllar danışılır.

Əlbətdə ki, daha da yüksək maaş və gəlir əldə etmək üçün insanın özünü inkişaf etdirməsi, biliklərini, vərdiş və təcrübəsini artırmaq işi daha da çətindir. Təmiz və düzgün yol daim ağır olur. Ancaq bu yolda insan kiçik hissələrlə və parçalarla öz şəxsiyyətini və şərəfini itirmir.

Müəllif: Fəxri Ağayev

Mənbə: http://agaev.az