Qoy həmişə forum olsun dedik, oldu da

Bizdə hər deyəndə milli forum olmur(du). Amma dövr o dövr deyil və Azərbaycanda bu ili mənim iştirak etdiyim 3 Milli Forum artıq olub. Marketinq, Digital Marketinq forumlarından sonra bu gün, 19 dekabr 2015-ci il tarixində Bakıda Milli İnsan Resursları Forumu keçirildi. Birinci dəfə. Forumun birinci panelini qaçırsam (Elvin bəyi çox dinləmək istərdim) da hesab edirəm ki, forumdan çıxardığım bəzi nəticələri sizinlə paylaşmaq olar:

  • Yol verin, yeni nəsil gəlir – İş dünyasına 1995-2000-ci illərdə doğulmuş nəsilin nümayəndələri gəlir həyəcanla qeyd edilməsini çox bəyəndim, əslində bu barədə çox düşündüm. Bu nəsilin digital olmağı ilə bağlı marketinq müzakirələrində çox etmişik. Buna hazırdır iş dünyası?
  • Problemləri çoxumuz bilirik, bəs necə həll edək? – Bu forumda bir daha əmin oldum ki, baxmayaraq marketinq, insan resursları, biznes bloqerlər bəzən eyni platformada olmurlar, amma aşağı-yuxarı hamımızım dərdi eynidir. Düşünürəm ki, böyük bir platformada problemləri ümumi həll etmək zamanı çatıb.
  • Kim deyir ki, bizdə insanlar öyrənmək istəmirlər? – Forumda xeyli yeni simalar var idi ki, onları biz marketinq tədbirlərində görməmişdik. Aydındır bu HR tədbiri idi. :) Təşkilatçıların promo fəaliyyəti real nəticələr verib. Suallardan, fasilələr zamanı müzakirələrdən insanları belə həvəsli görmək çox xoş oldu.
  • Elastik iş mühiti – Bu dövrün tələbədir və çoxumuzun da bildiyi kimi evdən iş, qeyri-standart iş saatları artıq qərb dediyimiz yerdə illərdir tətbiq edilir. Mənə elə gəldi ki, biz hələ buna hazır deyilik deyib bu işə hazırlıqla bağlı böyük investisiya tapmaqdan və əlavə işdən sanki baş qaçırdırıq. Təki mənə elə gəlsin.

İndi isə bir neçə kəlmə spikerlərdən:

Həqiqətən gözəl fikirləri çatdırmaq üçün qeyri-adi təqdimata ehtiyac yoxdur. Fiziki məhdudiyyətli şəxslərin məşğulluğu haqqında Gülşən xanım fikirlərindən əminəm ki, çoxunuz təsirləndirdiniz.

Azersun bu forumda 2 peşəkar ilə təmsil olunurdu. Elçin bəy və Cəlal bəy hər ikisi çox maraqlı təqdimat etdilər. Google-in geriləməsi göstərir ki, şirkətlər HR brendinq sahəsində ciddi rəqabətdədirlər (hələ ki oralarda). Cəlal bəy isə forumlardan ən çox gözlədiyim bir işi gördü. Öz real təcrübələrindən danışdı.

Forumun vasitəsilə uzun zamandan sonra dostumuz Alruz bəyi də gördük. 10 ildir tanıyıram deyə demirəm, amma onun investisiya yanaşmasını bəyəndim və Ana testi çox əla idi. Xəqani Səfərov haqqında çox eşitsəm də təqdimatında ilk dəfə idim. Təlim işi məşğul olan şəxsin üstünlüyü odur ki, 5 dəqiqə danışsa da maraqlı misallarla səni təlim mühitinə aparır.

Əlbəttə ki, forumun ən maraqlı çıxışlarından biri məhz Namiq Məmmədovun çıxışı oldu. Pozitiv ruhlu olan çıxışda HR sahəsində çalışanlara marketoloqlardan nümunə götürmək tövsiyyə olundu. 2016-cı ilin böhranı fonunda iş yerlərindəki potensial vəziyyəti isə Namiq bəy çox gözəl təsvir etdi – Əvvəl sizin əlinizlə işçiləri, sonra isə sizin özünüzü çıxardacaqlar.

Cəlal bəyə və Xəqani bəyə avtomatlaşdırma ilə bağlı sualımı lazımi çatdıra bilmədim. Bu barədə əlavə bir yazı olacaq tezliklə. Bir daha təşkilatçılara çəkdikləri əziyyətə görə, nəbilim çaya, kofeyə, dadlı yeməyə, köhnə dostlarla, yeni insanlarla bizi qovuşdurduqlarına, səbirli davranışlarına, lotoreyada mənim nömrəmin ətrafında fırlanan rəqəmləri çıxartdığına görə təşəkkür edirəm. Əsl hədiyyəm pozitiv enerji və düşüncələr oldu onsuzda.

Müəllif: İlham Yusifov

Mənbə: http://ilhamaliyusif.com/