Eyfel Qüllәsi? Luvr Muzeyi? Kruasan? PSJ və ya İbrahimoviç? Yəqin ki, Paris deyəndə əksər azərbaycanlının beynində mənim kimi, bu sözlər canlanır. “Sevgi şəhəri” adlandırılan Paris gəzmək, xoş vaxt keçirmək üçün ideal şəhərlərdən sayılır.
Bəs “BlaBlaCar”, “DailyMotion” və ya “Gameloft” deyəndə kiminsə ağlına Paris gəlirmi?
Adları bir çoxlarımıza tanış olan bu dünyaca məhşur startuplar (artıq şirkətlər) məhz Parisdə yaranıb. Fransa paytaxtı təkcə turstik məkan deyil, həm də texnologiyanın, startup’ların ən sürətlə inkişaf etdiyi şəhərlərdən biridir. Bir neçə gün öncə Compass dünyanın ən məşhur 20 startup şəhərinin siyahısını hazırlayıb. Paris siyahıda 11-cidir. Bu şəhər xüsusən startup’ı bazara çıxarma potensialına görə ən qabaqcıl şəhərlərdən biri olaraq dəyərləndirilib.
Hazırkı dövr texnologiya, yenilik və innovasiya dövrüdür. Hər keçən gün mətbuatda hansısa şirkətin (böyük startup’ın) başqa bir startup’ı 100, 300, 500 milyon, 1, 5, 10 milyard dollar ödəyərək almasının şahidi oluruq. Bu il 50 milyon dollar dəyərində olan bir startup’ın 4-5 il sonra 50 milyard dollar dəyərində olma potensialı var. Və dövrün “trendini” digər böyük şəhərlər kimi Paris də müvəffəqiyyətlə izləyir.
Parisdə yaranmış məşhur startuplar:
- BlaBlaCar. 2006-cı ildə yaradılıb. Eyni istiqamətdə hərəkət edən sürücü və şərnişinləri bir araya gətirərək, yol xərcini azaltmağa yardım edən, bu sahədə dünyanın ən populyar startup’ıdır. İndiyədək 110 milyon dollar investisiya alıb. 17 ölkədə fəaliyət göstərir. Bura Avropa ölkələri ilə yanaşı Hindistan, Meksika, Türkiyə, Rusiya və Ukrayna da daxildir.
- Dailymotion. 2005-ci ildə yaradılıb. YouTube kimi, video paylaşmaq və izləmək üçün platformadır. İndiyədək 68.5 milyon dollar investisiya alıb. Aylıq istifadəçisi 300 milyondur. Hər ay bu platformada 3 milyard video izlənilir.
- Gameloft. Mobil oyun həvəskarları yəqin ki, bu adı yaxşı tanıyır. Oyun istehsalında dünyanın ən populyar startuplarındandır. 1999-cu ilə yaradılıb. Şirkətin 5200 IT işçisi var. Hər gün dünyada 1 milyon Gameloft oyunu yüklənilir.
Bunlardan başqa, Deezer, Parrot, Devialet, Happn, Qobuz, Viadeo, Infinit, Mailjet, Appsfire kimi milyonlarla dollar investisiya almış və uğurlu fəaliyyətləri ilə seçilən startuplar da Parisdə yaradılıb.
Paris haqda bunları eşitmisiniz?
- Yapon turistlərdən bəziləri Parisə gedəndən sonra sarsıntı keçirirlər. Bu, “Paris sindromu” adlanır. Belə ki, yaponlar Parisə səfər etdikdə eşitdikləri, təsəvvür etdikləri Parislə real Paris arasında böyük fərq görürlər ki, bu da onlarda sarsıntı əmələ gətirir. (mənbə)
- II Dünya Müharibəsi zamanı almanların Parisi işğalından sonra Hitler Parisə səfər edir, fransızlar Hitlerin Eyfel Qülləsinə çıxmasına mane olmaq üçün liftin elektrik naqillərini kəsirlər. Hitler 1500-dən çox pilləkəni ayaqla qalxmalı olduğunu biləndə Eyfelin zirvəsinə çıxmaqdan imtina edir. (mənbə)
- Məşhur fransız yazıçısı Gi de Mopassan demək olar ki, hər gün naharı Eyfel Qülləsinin altında yerləşən restoranda edirmiş. Bu, onun Eyfeli sevməsinə görə deyil, əksinə nifrtinə görə imiş. O deyirdi ki, bura Parisdə Eyfeli görmədiyim yeganə yerdir :) (mənbə)
- II Dünya Müharibəsi zamanı faşistlərin yəhuləri küləvi şəkildə öldürdüyü dövrdə Böyük Paris Məscidi (Grande Mosquée de Paris) xeyli sayda yəhudiyə saxta müsəlman sənədi hazırlayaraq onları ölümdən xilas edib. (mənbə)
- Paris və Roma şəhərləri eksklüziv qardaşlaşmış şəhərlərdir. Belə ki, hər iki şəhər bu devizi istifadə edir: “Yalnız Roma Parisə layiqdir, yalnız Paris Romaya layiqdir”. (mənbə)
- II Dünya Müharibəsi zamanı fransızlar düşmən pilotlarını çaşdırmaq üçün Paris yaxınlığında “Saxta Paris” (Fake Paris) şəhəri yaradıblar. (mənbə)
Bəs siz Paris deyəndə ağlınıza nə gəlir? Şərhlərdə qeyd edin :)
Müəllif: Orxan Rzayev