Sentyabrın əvvəli Almaniyanın Köln şəhərində keçiriləcək Pirate Summit’də Manads olaraq ölkəmizi təmsil edəcəyik. Bununla bağlı internetdə Bakıdan Almaniyaya gediş-dönüş bileti ilə maraqlanmışam. Ofisimiz Səməd Vurğun bağının yanında yerləşdiriyindən ətrafında xeyli sayda turizm şirkətlərinin ofisi var. Az öncə tənbəllik etmədim, 3-nə müraciət etdim və Almaniyaya gediş-dönüş biletinin qiyməti ilə maraqlandım. 650, 680, 700 azn qiymət dedilər.
Sizcə internetdə həmin biletləri neçəyə tapmışam? 400 azn-ə!
Hazırda bilet qiymətlərini müqayisə edib ən sərfəlisini təqdim edən onlarla veb-portal fəaliyyət göstərir. Sən sadəcə gedəcəyin vaxtı və məkanları qeyd edirsən, ən ucuz, ən tez, ən lüks və s. kriteriyalara görə qiymətləri sənə təqdim edir. İndi kimlərsə 400 azn-ə internetdən ala biləcəyi bileti turizm şirkətindən 700 azn-ə alır. Bu qədər fərq qorxunc deyilmi?! Burda bir məsələni qeyd edm ki, turizm şirkəti biletin üstünə 300 azn qoymur ha, sadəcə olaraq fərqli hava yolu ilə olan uçuşu təklif edir və ordan 40-50 azn artıq deyir. Misal çəkim ki, daha aydın olsun.
Bakıdan Kölnə gediş və dönüş:
İnternetdə var
Turizm şirkəti isə Turkish Airlines ilə uçuşu 700 azn-ə təklif edir. Yəni intenetdə tapdığımdan 50 azn baha. Amma bu mənə maraqlı deyil axı, mən burada 50 azn yox, 300 azn itirirəm. Demək olar ikiqat baha. Düzdü deyə bilərik ki, qeyd olunan hava yolları şirkətlərinin xidmət səviyyəsi fərqlidir və s. Amma, çox güman ki, mənim kimi əksəriyyət biletə artıq 300 azn verib uçmaqdansa o 300 azn-i gedəcəyi şəhərdə xərcləməyə üstünlük verir. Bu baxımdan turizm şirkətlərinin təklifi mənə çox maraqsız gəlir.
Turizm şirkətlərinin işləmə mexanizmi ilə tanış deyiləm, əminəm ki, bu cür qiymət təklif etmələrinin səbəbləri var, amma qeyd etdiyim kimi, istənilən halda bu, müştəriyə maraqlı deyil. Müştəriyə maraqlı olan istədiyi bileti 700 azn-ə yox, 400 azn-ə ala bilməkdir.
Zamanla insanların online alış-veriş vərdişləri artdıqca online bilet almaq vərdişləri də artacaq. Və turizm şirkətləri indiki iş planını dəyişməsə bu, onların fəaliyyətinə ciddi təsir edəcək.
P.s. Yazının örtük şəklini hazırladığına görə gənc rəssam & dizayner Sərxan Rza‘ya təşəkkürümü bildirirəm :) Bundan sonra bu istiqamətdə davamlı əməkdaşlıq etməyi planlaşdırırıq.
Müəllif: Orxan Rza
Mənbə: http://orkhanrza.com