Bu günlərdə kiçik ərzaq mağazasına girəndə satıcı və dostu olan gəncin söhbəti diqqətimi çəkdi. Deyirlər, başqasının söhbətinə qulaq asmazlar. Amma söhbət məzunu olduğum ‘Narxoz’dan gedirsə qulaq verməmək çətin olur. Qısası bu iki gənc narxozu bitirib ‘işsiz’ qalmaqdan şikayətlənirdilər. Bu yazını bu vəziyyətə düşməyi arzulamayan tələbələr üçün təqdim etmək istərdim. Özü də ki, tək narxoz tələbələri üçün yox. Nəzərə alsaq ki, nə əkərsən, onu da CV-də qeyd edərsən prinsipindən qaçmaq olmaz, odur ki tələbələrə lap elə birinci kursun əvvəlindən nəzər yetirməli olduğu məsələlərlə bağlı qeydlərimizi təqdim edirik:
1. Tələbəlik illərində buraxılan səhvlər
Orta hesabla 17-18 yaşına çatmış gənclərimizin təxminən hər 10 nəfərindən 3-ü ali təhsil almaq şansı əldə edir. Ali təhsilin gücünə, imicinə bizdən qat-qat çox inanan valideynlərimiz də tələbə olduğumuz vaxtdan bitirinə qədər bizə böyük inam bəsləyirlər. Biz də bizə olan bu inamın içində 4 ili keçirib universiteti bitirəndə möcüzənin baş verməsini gözləyirik. Bu möcüzə isə baş verməyə tələsmir. Tələbəlik illərində çoxlu səhvlər buraxılır. Mən onlardan ən vacibi kimi indiki dövrün gənclərinin onlayn təhsil imkanlarından, youtube-dan, google-dan, wikipedia-da yetərincə yararlanmamaqlarında görürəm. Kimlərki bu dövrün onlayn və offlayn imkalarından düzgün istifadə edir, onlar 2 addım daha öndə olurlar.
2. Haradasa, nədənsə başlamaq
Fikrimcə, tələbə olarkən dərsləri çatdırmaq olmur, iş yoxdur, yarımgünlük işə heç kim götürmür və digər bəhanələrlə işləməkdən qaçan adamlar çox uduzur. Hansısa təşkilatda könüllü işləmək belə tələbə üçün uğurlu təcrübədir. Biznes, menecment sahəsi üzrə təhsil alan şəxsin adi bir satıcı olaraq işləməsi onun insanları öyrənməsi üçün əla imkandır. 10 il əvvəl tələbənin daha az xərci var idi. Bakıda KFC yox idi, bu qədər sayda kinoteatrlar yox idi, uzağı 200-250 manatlıq Nokia telefonları, böyük monitorlu kompüterlər var idi. Metro da ki, cəmi 5 köpük. Başa düşüləndir ki, indiki tələbənin xərci çoxdur. Ona görə də tələbəyə günə 4 saatlıq işə 150 AZN təklif ediləndə tələbə beynində avtomatik xərclər hesablanır və cavab o olur ki, yox işləmirəm, maaş azdır. Nəticədə, əla düşən tək-tük fürsətlər də qaçırılır.
3. Zamanı gələcək
Yuxarıdakı fikirdə demək istədiyimiz o idi ki, nədənsə, haradasa başlasaz sizin də zamanınız gələcək. Bəzi insanlar var ki, heç nəyə fikir vermədən çoxlu oxuyur, oxuyur və universiteti bitirən andan yaxşı bildiyi bir şirkətdə işləməyə başlayır. Bu pis seçim deyil, deyərdim bəzi şəxslər üçün həddindən artıq uğurlu seçimdir. Amma bu prinsipin çoxları üçün problemi odur ki, bu tip insanların işdən kənar sosial həyatı çox maraqsız olur. Oxumaqla yanaşı sosial bağlılıqlarınıza da önəm vermək lazımdır, çünki bu əlaqələr harada, hansı vəzifədə işləməyinizdən asılı olmayaraq ömürboyu sizin əlinizdən tutacaq. Amma bu o demək deyil ki, əlinizi əlinizin üstünə qoyub bu möhtəşəm zamanı illərlə gözləməlisiniz. Yuxarıda dediyimiz kimi başlayın, sizin də zamanınız 2, 5 uzağı 15 ilə də olsa gələcək. Yetər ki, dəyər və məqsədlərinizi düzgün müəyyənləşdirəsiniz.
4. Yeniliklərə həyatboyu hazır olmaq
Məqsədlərin ömürlük olması vacib deyil. Bankda işləməyi planlaşdıran bir tələbənin 3 il sonra neft şirkətində HR şöbəsində görmək təəccüblü deyil. İxtisası üzrə işləmək yaxşıdır. Amma ki, iş bazarında imkanlar çox dinamikdir. Kim bilir, bəlkə 2 il arzuladığınız bir sahədə işlədikdən sonra, gedib xaricdə tam başqa bir sahədə işlədiniz. Bu o demək deyil ki, işinizi yeniliklər adı ilə hər ildən bir dəyişmək lazımdır. Sadəcə istər həkim, istərsə də hakim olmaq istəyiniz olsun, daima özünüzü yeniliklərə hazır edin. Bundan əlavə yaxşı insan olmağın vacibliyini də unutmayın.
5. Bəlkə elə ‘ticarət’ adamısınız?
Mən 2 ilə yaxın Azərbaycan Turizm İnstitutunda dərs deyərkən, oxumağın vacibliyindən söz açarkən tələbələrdən bəziləri Billin, Stivin heç ali təhsil almadığını böyük fəxrlə bildirirdilər. Mənim isə reaksiyam sadəcə o idi ki, özünə inamın varsa, auditoriyalarda vaxtını öldürmə. Get, elə bu andan başla. Yetər ki, öz ideyana və gücünə inan. Ticarət sözünü valideynlərimizin çoxu sevmədiyi üçündür ki, ali təhsil adı ilə potensiallı ticarət adamları ən azı 4 ili auditoriyalarda keçirtmək məcburiyyətində qalır. Ticarət olmasın, hər hansı bir başqa peşə və istiqamət olsun. Yetər ki, özünüzü tanımağa çalışın və fikirlərinizi bu istiqamətə yönəldin. Arxayın olmayın ki, həyat universiteti bitirəndən sonra başlayır, əslində düzgün yaşamalı olduğunuz həyat ən uzağı məktəbi bitirəndən sonra başlayır.
Bu barədə danışılması vacib olan çox məsələ var. Ümumi olaraq 5 məsələyə toxunduq ki, tələbələr bu və digər məsələlər haqqında düşünüb daha çalışqan və məqsədyönlü olsunlar. Unutmayın ki, gələcəkdə yaxşı işlərə vaxtınızın çox qalması üçün, gərək tələbə olarkən sizə ‘xoş gəlməyən’ işlərə daha çox vaxt ayırasınız. Bu yaxınlarda bloqumuzda uğur hekayələri kateqoriyası üzrə müxtəlif sahələrdə uğur əldə etmiş gənclərimizdən olan yazılarımızı da təqdim edəcəyik. İnanıram ki, ömürlük tələbə olduğumuz həyatda onların həyatlarından da öyrənməli çoxlu məsələlər olacaq.
Müəllif: İlham Ali Yusif