Əmək məzuniyyətinin verilməsi qaydası Əmək Məcəlləsinin 131-ci maddəsi ilə tənzimlənir və maddədə işçinin birinci iş ili üçün məzuniyyətdən istifadə etmək hüququnun əmək müqaviləsi bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəldiyi bildirilir. Maddənin ikinci hissəsində isə qeyd olunmuş müddətdən sonra iş ili bitənədək işçinin ərizəsi əsasında işəgötürənlə razılaşdırılmış vaxtda, ikinci iş ilində isə razılığa əsasən istənilən vaxtda əmək məzuniyyətindən istifadə edə biləcəyi qeyd edilir. Bildiyimiz kimi əmək qanunvericiliyi işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsi məqsədi ilə tərəflərin hüquqlarının qorunmasını təmin edir.
Bir çox mütəxəssislərə qanunda göstərilən altı ay məhdudiyyətinin mahiyyəti aydın olmadığından işçinin ilk iş ilində altı aydan tez əmək məzuniyyətindən istifadə etməsini qanun pozuntusu kimi qəbul etdiklərindən bu addımı atmaqdan çəkinirlər. Qeyd edim ki, burada işçi tərəfindən öz hüququnu tələb etmə müddəti göstərilib.Yəni işçi ilk iş ilində dörd ay işlədikdən sonra əmək məzuniyyətindən istifadə etmək üçün hüququnu tələb edə bilməz. Lakin, məcəllənin bu maddəsi işəgötürənin hüquqlarının qorunması məqsədi ilə işçinin hüququnun məhdudiyyətləndirildiyini nəzərə alaraq işəgötürən istənilən vaxtda razılığa əsasən işçinin əmək məzuniyyətindən istifadə etməsini təmin edə bilər.
Bildiyimiz kimi əmək məzuniyyəti işçiyə hər il müvafiq iş ili üçün əmək qabiliyyətini bərpa etmək məqsədi ilə verilən istirahət vaxtıdır. İş ili işçinin işə götürüldüyü gündən növbəti ilin həmin gününədək olan dövr sayılır.Bəzən mütəxəssislər düşünürlər ki, əgər işçi ödənişsiz məzuniyyətdə olmuşdursa bu onun əsas məzuniyyətinin azalmasına səbəb olur.Qeyd etmək istərdim ki, işçilərin dörd növdə məzuniyyət hüququ var və bunlardan biri ödənişsiz məzuniyyətdir (Əmək Məcəlləsi maddə.112). Qanunvericilikdə göstərildiyi kimi işçinin əsas məzuniyyət hüququ 21 təqvim günündən az olmamalıdır. Burdan belə bir qənaətə gəlmək olar ki, heç bir səbəb işçinin əsas məzuniyyətinin azalması ilə nəticələnə bilməz.
İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilməsi qanunvericcilikdə iki formada, əmək müqaviləsi davam edərkən və müqaviləyə xitam verilərkən ödənilməsi göstərilib. Əmək məzuniyyəti- əsas və əlavə məzuniyyətdən ibarətdir. Yol verilən səhvlərdən biri də 144-cü maddənin 3-cü hissəsində göstərilən məqamdır ki, bunu əsas gətirərək işçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) verilərkən 115 və 116-cı maddələrə görə əlavə məzuniyyət günləri nəzərə alınmır.Lakin bu maddədə əmək müqaviləsinə xitam verilərkən qeyd olunmuş əlavə məzuniyyətlərin nəzərə alınmayacağı bildirilir.
Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçiyə müvafiq iş ilində (illərində) hər hansı səbəbdən əmək məzuniyyəti verilməmişdirsə həmin iş ili (illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilir.Qeyd etdiyimiz kimi əmək məzuniyyəti əsas və əlavə hissədən ibarətdir. Demək ki, əmək müqaviləsi davam edərkən kompensasiya hesablandığı zaman əlavə məzuniyyətlər də nəzərə alınmalıdır. Kompensasiya hesablanması qaydası məcəllənin 140-cı maddəsi ilə tənzimlənir.
Müəllif: Sadiq Vəliyev
Mənbə: http://muhasib.info/