Müəllim olmaq istəyənlər üçün ərizə qəbuluna start verildi. Sənədlərin qəbulu bu ayın 15-ə qədər davam edəcək. Vakant yerlərin sayı isə 3461-dir. Boş yerlərin 90 faizi Azərbaycan bölməsi üzrə işləmək istəyən müəllimlərin yerdə qalanı isə rus bölməsinin payına düşür. Müəllim çatışmazlığı isə ən çox Coğrafiya, Biologiya, Fizika və Kimya fənləri üzrə qeydə alınıb. Bu səbəbdən bu il elan olunan ümumi boş müəllim yerlərinin 50 faizi elə məhz bu fənlər üzrədir. Hər il olduğu kimi bu dəfədə boş müəllim yerləri Bakıda daha azdır. Yəni paytaxt üzrə 15 faiz vakansiya göstərilir.
Nəzərə alsaq ki, bu da daha çox Bakı ətrafı qəsəbələrin payına düşür o zaman mərkəzdəki məktəblərdə demək olar ki, boş yer yoxdur. Elə bu səbəb də çox vaxt müəllimlərin narazılığına səbəb olur. Məsələn, paytaxtda yaşayan müəllim nə Bakı ətrafı qəsəbələrdə nə də ki, bölgələrdə dərs demək istəmir. Nəticədə isə ali məktəbi bitirən gənc şəhər məktəblərində yer boşalacağını gözləmək məcburiyyətində qalır. Ekspertlər isə çıxış yolu kimi, müəllimlərin bölgəyə marağının artırılması üçün müəyyən addımlar atılmalıdır.
“Təhsil Nazirliyi konkret olaraq pensiya yaşına çatmış müəllimlərin məsələsinə yenidə baxmalıdır. Statistikaya görə, vakansiyanın 15 faizi Bakının payına düşür”, – deyə təhsil üzrə ekspert Etibar Əliyev bildirib. Ortada vakant yerlərin gizlədilməsilə bağlı söhbətlər də dolaşır. İddia olunur ki, bəzi məktəb rəhbərləri işə qəbul zamanı vakant yerlərin sayını az göstərir. Təhsil Nazirliyi isə belə söhbətlərə son qoymaq üçün yenilik edib. Bu il məktəblərdən təkcə vakansiyalar deyil bütün dərs yükləri haqda məlumatlar götürülüb.
“Tutaq ki, hər hansı bir məktəbin rəhbəri işə qəbul zamanı vakant yerlərin gizlətdi, növbəti tədris ilində məktəb rəhbərliyi bu vakansiyanı kiməsə verməlidirmi? Bu ildən etibarən müvvəqəti müqavilələr əsasında işə qəbul olunan bütün müəllimlərə verilən dərs yükləri artıq elektron sistemlə işləniləcək. Məsələn, Sabirabad rayonunda filan məktəbdə müəllim müvəqqəti müqavilə əsasında işə götürüldüyü halda fakt üzrə nazirlik tərəfindən araşdırma aparılacaq ki, nə üçün vakant yer may-iyul aylarında elan olunmayıb”, – deyə İnsan Resursları şöbəsinin müdir müavini İlham Nağıyev vurğulayıb. Qısası təhlillər nəticəsində gizlədilmiş vakant yerin olduğu aşkarlansa, həmin məktəb rəhbərliyini inzibati qaydada sərt cəza gözləyir.
Mənbə: http://dialoq.info