Mobil Smartfonların marketinq üstünlüyünə çevirilməsi

İnsanların az vasitə və cəhd ilə daha çox fayda əldə etməyə can atmaları onların texnoloji inkişaf tərəfindən mobil smartfonlara yönləndirilməsi ilə nəticələnmişdir. Mobil telefonların səsli ünsiyyət vasitəsi (sırf telefon formasında) funksiyasına əlavələr edilmişdir. Beləliklə, “çetləşmə” və görüntülü ünsiyyətlərin qurulması, internetdə – əsasən də sosial şəbəkələrdə – vaxt keçirilməsi, mobil oyunlar oynayaraq asudə vaxtın dəyərləndirilməsi, iş əlaqələrinin qurulması və davam etdirilməsi və s. formalarda yeni keyfiyyətlər qazandırılmışdır. Bu da nəticədə, fərdlərin real həyatı “tərk edib” mobil həyatda toplaşmalarına zəmin yaratmışdır. Hətta əksər inkişaf etmiş və etməkdə olan ölkələrdə insanlar öz alış-veriş işlərini (qərarın verilməsini və icra edilməsini) də mobil telefonlara daşımışdırlar. Bu tendensiya Azərbaycanda da özünü geniş formada biruzə verir.

Çalışma mobilləşmənin Marketinqə yaratdığı fürsətləri araşdırmışdır. Bunun üçün mövzuya bir neçə aspektdən baxılması məqsədə uyğun olacaqdır.

Əvvəlcə bir məsələni xatırlamaqda fayda vardır. Bilindiyi kimi, 4P yanaşmasını tənqid edən nəzəriyyəçilər Marketinq yığmasına (Marketing mix) müştəri gözündən baxmağı ön plana çıxarır və 4C yanaşmasını təklif edir. Yeni yanaşmaya əsasən məhsullar və ya xidmətlər, onların qiymətləndirilməsi, təqdimatı və çatdırılması istehlakçı üçün hansı mənanı ifadə edirsə, şirkət həmin məna çərçivəsində öz Marketinq fəaliyyətlərini, bilavasitə öz Marketinq Strategiyasını qurmalıdır. Çünki, kifayət qədər alternativ qarşısında qalan istehlakçı ona sərf edən fəaliyyətə müştəri olacaqdır. Mobil telefonlar bu ərəfədə marketinq mütəxəssislərinin dadına çatacaqdır. Müəyyən xidmətlərin mobil telefonlar üzərindən həyata keçirilməsi müştəriyə iş və sosial həyatda vaxt qazandıracağı və onun əlavə enerjiyə qənaət etməsinə imkan yaradacğı üçün müştərinin diqqət mərkəzində mövqe tutacaqdır. Nümunə kimi, mobil smartfonların səhiyyə xidmətlərindən faydalanmaq üçün görüş vaxtının alınması, sığorta əməliyyatlarının idarə edilməsi üçün telefonun kamerasının istifadəsi, müəssisənin yerləşdiyi yerin GPS vasitəsi ilə təyin edilməsi və s. imkanlarını göstərmək olar. Eyni formada müəyyən bank əməliyyatlarının birbaşa smartfonlar üzərindən həyata keçirilməsi müştərinin zamandan qazanmasını mümkün edir.

Mobil smartfonlar müştərilərin əlindəki ən böyük fürsət kimi qiymətləndirilə bilər. Çünki, bu cihazlar şirkətin hər zaman müştərisinin yanında olmağına; ondan xəbər və əks informasiya (şikayət, təklif və s.) ala bilməsinə, onu məlumatlandırmağa, ona rahat şəkildə çatmağa, qısaca onu Marketinq fəaliyyətinin bir hissəsi etməyə imkan yaradır. Məsələn, şirkət tanıtımının birbaşa müştərilərin smartfonlarına göndərilməsi; Artırılmış reallıq texnologiyası vasitəsilə nəşr olunmuş reklam materiallarına smartfonlar üzərindən 3D, animasiya və video əlavələrin yerləşdirilməsi; GPS vasitəsilə potansial müştərilərin ziyarət yerlərinin təyin edilməsi və s. əməliyyatlar mobil smartfonların təmin edə biləcəyi digər faydalardır.

Bununla yanaşı, araşdırma fəaliyyətlərinin də mobil cihazlara daşınması həmin vasitələrin marketinq fəaliyyətlərindəki müsbət təsirini ortaya çıxardır. Bu minvalla kağız istifadəsinə qənaət edərək ağacların qorunmasına imkan yaratmaq mümkündür. Eyni formada, mobil vasitələrdən istifadə araşdırma əməliyyatlarına güclü nəzarət etməyə, aldatma və əksik doldurma kimi problemləri ortadan qaldırmağa köməklik göstərir. Bundan əlavə, anket birbaşa onlayn versiyada yazıldığı üçün məlumatların internetə yenidən yüklənməsi (data coding) zəhmətindən və əlavə vaxt itkisindən də qaçınmaq mümkün olur.

Əgər mobil telefonlara daxil oluna bilinsə, müştərini cəlb etmək, onunla güclü münasibətlər qurmaq və onu daima sadiq tutmaq mümkün olacaqdır. Bunun üçün mobil həlləri (aplikasiyaları) Marketinq planının tərkib hissəsinə daxil etmək və istehlakçılara ən optimal faydaları təklif etmək kifayətdir!
Gələcəkdə şirkətləri yeni trendlərin və fürsətlərin gözlədiyi danılmazdır. Ancaq, hazırki tendensiya mobilləşməyə ayaq uydurmağı tələb edir.

Müəllif: Gədir Davudov

Mənbə: https://gadirdavudov.wordpress.com