Media Planlama

Media planlama, bir reklamın doğru hədəfə, doğru media vasitəsi ilə çatdırılması üçün vacib lazım olan bir fəaliyyətdir. Media planlamanın əsas məqsədi çatmaq istədiyiniz hədəf kütlədəki insanlara maksimum dərəcədə çata bilməkdir və bunu ən minimum büdcə ilə edə bilməkdir. Düzgün media seçimi və reklamın düzgün verilmə sıxlığı nəyin reklamının edilməsindən və mesajın tərkibinin nədən ibarət olmasından aslıdır. Reklamın təkrarlanma sıxlığı mütləq ən optimal vəziyyətdə olmalıdır. Yoxsa az təkrarlanması reklamın effektsizliyini çox göstərilməsi isə bezdiriciliyini ortaya qoya bilər. Planlayıcının hər bir ünsürü göz qabağında tutaraq sonra bir strategiya cızması vacibdir.

Media planlama 6 prosesdə həyata keçirilə bilinər

Məhsul təhlili:

İlk mərhələdə məhsul təhlili aparılır. Xüsusiyyətləri nələrdir, həyatımızdakı yeri nədir, faydaları nələrdir kimi sualların cavabları olaraq məhsul haqqında geniş miqyaslı məlumatlar toplanılır. Məhsul haqqında hər detal məlum olmalıdır. Bazardakı yeri araşdırılır. Məhsulun giriş, inkişaf, artım, yetkinlik və ya son dövrlərindən hansında olduğu kampaniyanın effektivliyi baxımından olduqca əhəmiyyətlidir.

Hədəf kütlə müəyyən edilməsi:

Kampaniyanın hansı hədəf kütləyə xitab edəcəyini müəyyənləşdirmək məhsulun reklamını daha yaxşı etmək baxımından olduqca əhəmiyyətlidir. Məhsulun xüsusiyyətləri ilə təyin olunan hədəf kütlənin xüsusiyyətləri uyğun gəlməlidir. Bu səbəblə hədəf kütlə çox yaxşı təhlil edilməlidir. Hədəf kütlə müəyyən olunarkən diqqət ediləcək iki mühüm faktor var;

Hədəf kütlənin demoqrafik xüsusiyyətləri;

  • Yaş
  • Cinsiyyət
  • Mədəni vəziyyət
  • Sosial-iqtisadi səviyyə
  • Peşə
  • Təhsil

Hədəf kütlənin psixoloji xüsusiyyətləri

  • Maraq dairələri
  • İstehlak vərdişləri

Media vasitələrinin seçimi və tətbiq olunacaq üsul:

Bu mərhələ media planlaşdırmasının ən vacib nöqtəsidir. Hədəf kütləyə birbaşa çatılacaq media vasitələri seçilməlidir. Hansı bölgədə hansı kütlə hansı media vasitəni daha çox istifadə edir sualının çox yaxşı cavablandırılması lazımdır. Məhsulun hansı dövrdə olduğu media strategiyasını yaratmaq və vasitələri seçmək baxımından əhəmiyyətlidir. Reklam kampaniyasının təsirli olmasında əhəmiyyətli faktorlardan biri də media ilə münasibətlərdir. Bir növ burda şirkətin PR-ı önəmli rol oynayır. Təyin olunan tarix üçün öncədən medianı məlumatlandırmaq məqsədi ilə mediaya mətbuat bülletenləri göndərilməlidir.

Kiçik model yaratmaq:

Fəaliyyətlərin nə qədər aydın olduğunu göstərən prosesdir. Kampaniya boyu müəyyən fasilələrlə kiçik miqyaslı yoxlamaların aparılması lazımdır.

Büdcə qiymətləndirməsi:

Büdcə qiymətləndirməsi aparılır. Kampaniyanın uğur nisbəti ilə büdcə müqayisə edilir. Reklam verən olaraq qurum hədəflərinə nail olursa kampaniya dövrünü zərər görmədən səmərəli şəkildə keçirir deməkdir.

Hesabat

Media planlamanın son mərhələsidir. Bütün kampaniyanın qiymətləndirmə prosesidir. Kampaniya ərzində aparılan təhlillər birləşdirilərək hesabat işləri aparılır. Bu hesabat ilə kampaniyanın nə qədər uğurlu olduğu, haralarda uğurlu olduğu, nə qədər hədəf kütləyə çatdığı, hansı dövründə uğursuz olunduğu, büdcəyə uyğun olub olmadığı kimi faktorlar müəyyən olunur. Ortaya çıxan nəticələr əsasında yeni qərarlar qəbul olunur.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/