Lider və Komanda

Şirkət rəhbərləri ilə görüşəndə mənə verilən əsas suallardan biri : “Səncə komanda necədi? Nə fikirləşirsən komandam haqqında?” Bu suala cavabım qısadır: “Eyni sənin kimi”.

İdarəçilər bəzən hesab edirlər ki, hər gün, hər saat əməkdaşlarına əsas və vacib dəyərlər haqqında danışmaq orda işləyənlərə təsir etmək üçün kifayət edir. Təəssüflər olsun ki, rəhbərin sözləri ilə əməlləri üst üstə gəlməyəndə əməkdaşlar ancaq və ancaq gördüklərini təkrarlayırlar.

Real misallar

Missal 1. Dəfələrlə qarşılaşdığım vəziyyət –rəhbərlik şirkət üçün korporativ standartları yazdırır : davranış, geyim, xarici görünüş, daxili nizam intizam qaydaları… Bu standart, prosedur və qaydalar hərkəsə oxunur, hamı bunları qəbul edir, imzalayırlar və… Bir müddət sonra şirkət öncə olduğu kimi işinə davam edir. Yekdilliklə bütün şirkət “belə şeylər Azərbaycanda mümkün deyil” qərarına gəlir. Belə hekayələri, əfsanə və rəvayətləri eşidəndə birinci növbədə sualım şirkət rəhbərinə olur : “rəhbərlik – şəxsən Sİz və digər idarəçilər bu qaydalara riayət edirdilər mi? Siz özünüz qaydalara qarşı hörmətsiz davrandığınız müddətcə heç kim bu qaydalara itaət etməyəcək.”

Misal 2. “Müştəri məmnunluğu, müştərinin qayğısına qalmaq, müştəri baştacımızdır” sözlərinin hər iclasda bir il boyunca deməsinin təsirini bir dəfə şəxsən idarəçinin müştəri haqqında kobud şəkildə fikir deməsi və ya “onu yola verin gedsin” kimi sözləri bir dəfədə siləcək.

Misal 3. Şirkətdə daim effektivlikdən danışan bir müdir şirkət əməkdaşlarını saatlarla nəticəsiz və mənasız iclaslarda tutursa, o şirkət əməkdaşlarından effektivlik gözləmək mümkün deyil.

Misal 4. Rəhbər şirkətdə reformlar və dəyişikliklər haqqında danışırsa, ancaq yenilikləri birinci özü icra etmirsə, o şirkətin əməkdaşları da onun kimi DANIŞACAQLAR, amma etməyəcəklər.

Misal 5. Qaydalar və sistemin vacibliyi haqqında 100 dəfə deyən rəhbər bir dəfə “Mən dedim deməli belə olacaq!!!” deyərək bütün qaydaları eqosu ilə pozarsa, onun şirkətində qaydalar işləməz. İşləyər – amma görüntüdə. Və zəyiflərə qarşı. Sistemin işlədiyini göstərmək üçün.

Misal 6. Şirkətdə korporativ standartlar, mədəni danışıq qabiliyyəti haqqında DANIŞAN direktorun leksikonunda küçə sözləri varsa o firmada hansısa daxili mədəniyyətdən və mədəni danışıq tərzindən söz ola bilməz.

Misal 7. Əgər şirkət rəhbəri idarə etdiyi insanlara hörmət haqqında danışırsa, ancaq ona zəng edən insan haqqında telefon danışığı bitdikdən sonra mənfi fikirlərini əməkdaşlarının yanında bildirirsə….

Bütün bu misalları qısaca belə ifadə etmək olar : “İnsanlara “biz saga gedməliyik” deyərək sola gedən insana ya inanmazlar, ya da onun kimi sola gedərlər”.

Təcrübəm bunu göstərir: şirkətdə olan problemlərin 90 %-ı birbaşa şirkət rəhbəri və ya sahibinə, bunların dünya görüşü və idarə etmə bacarıqları və ya bacarıqsızlıqları və şəxsi keyfiyyətlərinə bağlıdır.

Qeyri effektiv insanların işə alınması ÖZÜ qərar verir və ya buna icazə verir.Yazılan qaydaların pozulmasına ÖZÜ yol verir və ya onları birbaşa pozur.

Rəhbər hər hal və hərəkəti ilə nümunə olmalıdır : davranışları, geyim tərzi, oturuşu, duruşu, istifadə etdiyi sözlər. O özü birinci növbədə dediklərini etməlidir. O bir dəfə deyib min dəfə etməlidir.

Şirkətlərə konsultasiya üçün dəvət ediləndə bir çox hallarda mən şirkət rəhbəri ilə çalışıram – o ÖZÜ dəyişməsə, heç bir gözəl yazılmış standart, prosedur və proseslər şirkəti və insanları dəyişməz. İlk növbədə o ÖZÜ dəyişməsə, komanda dəyişməz.

Müəllif: Fəxri Ağayev

Mənbə: http://agaev.az/