Lap bloqer olmaq istədim

Lap bloqer olmaq istədim
876

Bu günlərdə dostlar bloqdan, bloqçuluqdan müxtəlif yazılar yazdılar. Onları oxuduqca fikirləşdim ki, məndən də elə pis bloqer çıxmaz. Gərək başlayım. Azərbaycanda neftin qiyməti yaxşı olanda da bloqerlər olub, rusca, ingiliscə, elə doğma Azərbaycan dilində də yazıblar, çəkiblər, göstəriblər. Amma rahat görmək olar ki, son 1 il ərzində xeyli sayda gənclər bloqçuluğa başlayıb. Bunun vacibliyi haqqında müxtəlif vaxtlarda yazmışıq. Amma gərgin və dinamik başlayan 2016-cı ilin əvvəlində gələcək bloqerlərə və ara-sıra bloq oxuyan, bloqa baxan, qulaq asan dostlara bir neçə ürək sözüm var:

  • Konkretləşin – Çox insan şikayət edir ki, sosial media çox vaxtlarını alır. Bu günlərdə İsveçdə 6 saatlıq işə keçən şirkətlər vaxtın səmərəli idarəedilməsi məqsədi ilə işçilərə bu 6 saat ərzində sosial mediadan istifadə etməyə icazə verməyəcək. Məntiqlidir. İndi bloq yazan çoxdu. Anlaşılandır ki, sosial mediaya da çox zaman yeni məlumat axtarışı ilə gəlirik. Bloqerləri izləyim filan. Amma məsləhət görürəm ki, bu məsələdə konkretləşin. Məsələn, mən 4 ilə yaxındır ki, İlkin müəllimin bloqundakı yazılarının məhz e-mailə gələn versiyasını oxuyuram. Siz müxtəlif bloqlara abunə olmaqla, sizə maraqlı olan bloqların siyahısını qeyd etməklə istənilən vaxt birbaşa bloqları izləyə bilərsiniz. Digər bir üsul Facebook-dakı Bloqer Azərbaycan qrupudur. Elə bizim yaxın dostumuz olan bu bloqa da abunə ola bilərsiniz.
  • Təhlil edin, müqayisə edin – Hansı sahə üzrə oxumağı, yazmağı müəyyənləşdirdikdən sonra bu sahələr üzrə tək yerli bloqerləri deyil, xarici bloqerləri, xəbər və məlumat saytlarını da izləyin. Yəni hər dəfə google-da axtarış etməklə deyil. Bir dəfə əməlli-başlı araşdırma etdikdən sonra xarici mənbələrdən də özünüzə bir siyahı müəyyən edin. Onlarda və bizdə müqayisələrini aparın. Bizdəki proseslərin içindəsinizsə bu sizə daha rahat olacaq. Tənqidi təfəkkür, tənqidçilik sadəcə neqativ olmur, dostlar. Bu sizə oxuduğunuz məlumatları təhlil etməyə, müqayisə etməyə və nəticə çıxrmağa imkan verir.
  • Siz də yazın da – Heç xüsusi səhifə açmadan. Səhifə açmaq istəsəniz məsləhətlər üçün Samir Kərimovun bloquna nəzər yetirin. Amma bunu etmək istəməsəniz çoxlu saytlar var. Onlar üçün yaza bilərsiniz, məsələn Facemark.Az, Oneclick.Az. Bloqunuz vacib deyil ki, biznesdən olsun. Ya mütləq marketinqdən. Deyə bilərsiniz, mən nədən yazım?! Bir ideya mən verim. Məsələn, kinolardan yazın. Kinolar haqqında fikirləri mən əksər vaxtlarda məhz rus dilində olan kontentdən oxuyuram. Unutmayın bloq hazırlamaq sizə yaradıcı olmağa imkan verir. Bloqa siz dost kimi baxırsınızsa o zaman elə bilin ürəyinizi aça biləcəyiniz ən yaxın dostunuzdur.
  • Hərənin öz həyatı var – Ola bilsin ki, sizin 20 yaşınız var. Bloqlar, kitablar oxuyursunuz. Bəzən həvəsdən düşürsünüz. Bəzən özünüzün rəf-rəf yığılmış problemləriniz yada düşür. Bu qədər oxumağınız həyatınızda heç nəyi dəyişmir deyə düşünürsüz. Belə deyil, əzizim. Oxuduğunuz, izlədiyiniz insanların hərəsinin öz həyatında müxtəlif öhdəlik və problemləri var. Özlərinə məxsus həyat tərzləri var. Hansısa bloqerə günə 4 saat yatmaq kifayət edirsə (Məsələn Fəxri müəllimə) gecə özünüzə zülüm verib bütün günü yuxulu gəzməyin. Hər bədənin öz fiziki tələbatları var. Kimsə biznes qurmaq üçün çalışırsa bəlkə siz elə böyük transmilli şirkətdə işləməklə uğur qazanacaqsınız. Yəni vəziyyətinizi düzgün qiymətləndirin. Amma mütləq oxuyun. Fərqliliklərdən xəbərdar olmaq və daha geniş düşünə bilmək üçün.

Dostlar, qısası ölkədə olan bu neqativ mühitdə davamlı fərdi inkişaf sizə çox rahatlıq verəcək. Ona görə də neqativ ab-havada, məsələn elə sosial mediada az olun. İndi Facebook-da az-az gördüyümüz insanları 2-3 il sonra ya xaricdə, ya da Azərbaycanda yeni və innovativ bizneslərdə görəcəyik.

Müəllif: İlham Yusifov

Mənbə: http://ilhamaliyusif.com/