Kommunikasiyadan qazanclarımız nədir?
Hər bir işin həyata keçirilməsi zamanı bir neçə zəruri amil var ki, onlara əməl etmədən uğurlu nəticə qazanmaq çətin olur və ya yekunda əldə olunanlar ilkin gözləntilərdən çox fərqlənir. Təbii ki, yekun nəticəyə komanda üzvlərinin peşəkarlığı, motivasiyası və onlarla digər məsələlər çox böyük təsir edir. Lakin, bir çox hallarda iştirakçılar yuxarıda qeyd olunan tələblərin hamısına cavab versələr də işin gedişatında ləngimələr, anlaşılmazlıqlardan qaça bilmirlər.
Əgər təcrübənizdə belə bir situasiya ilə qarşılaşmısınızsa və ya hal-hazırda qarşılaşırsınızsa o zaman yaranmış vəziyyətə müsbət təsir edəcək bir proses kimi “düzgün ünsiyyətin” (kommunikasiyanın) qurulmasını nəzərdən keçirməyi tövsiyə edirəm. Bu yazımda ünsiyyətin (birbaşa görüşlər, telefon danışıqları, yazışmalar, hesabatlar və digər) işin nəticəsinə təsir edə biləcək müsbət tərəflərini qeyd edəcəm.
- “Gözləntiləri aydınlaşdıracaqsınız” – düzgün ünsiyyət ilk növbədə sizin işdən olan gözləntiləri müəyyən etməyinizə kömək olacaq. Təsəvvür edin ki, siz hər hansı bir layihənin iştirakçısısınız. Təbii ki, layihənin həyata keçirilməsi zamanı komanda üzvü kimi sizdən müəyyən fəaliyyətlər tələb olunur. Məhz layihənin əvvəlində komanda lideri və ya rəhbərinizlə görüşün keçirilməsi sizə həm cari işdə özünüzdən olan gözləntilərin aydınlaşdırılmasına kömək olacaq, həm də layihə üzrə ümumi gözlənilən nəticələr haqqında təsəvvürünüzü formalaşdıracaq.
- “Tələbləri ifadə edə biləcəksiniz” (rəhbərlər üçün) – əgər rəhbərsinizsə komanda üzvləri ilə ünsiyyətdən çəkinməyin, əksinə iştirakçılar ilə mütəmadi görüşlərin təşəbbüskarı olun. Bu sizə tələblərinizi işçilərə çatdırmaqda yardımçı olacaq.
- “İnformasiyanızı artırmış olacaqsınız” – çox güman ki, işin gedişatında yeni bir informasiya əldə etmisiniz və onu komanda üzvləri və ya rəhbəri ilə paylaşmanız işin nəticəsinə müsbət təsir edəcək. Paylaşma üçün imkanın olmadığı halda isə çox güman ki, vacib element itirilmiş olacaq.
- “Sizi həvəsləndirəcək” – digər komanda üzvlərinin fəaliyyətini görəcəksiniz və bu sizdə daha çox çalışmaq, daha faydalı olmaq istəyini yarada bilər.
- “Bir-birinizi daha yaxından tanıyacaqsınız” – görüşlər zamanı digər komanda üzvlərinin iş vərdişi, yanaşmaları haqqında daha çox məlumat toplayacaqsınız ki, bu da iştirakçılar arasında münasibətlərin inkişafına səbəb ola bilər.
- “Müəyyən olunmuş yol ilə irəliləyəcəksiniz” - müasir zamanda işin həyata keçirilməsinin bir çox hallarda yalnız bir komandadan deyil bir neçə komandadan asılı olması normal haldır. Belə olduqda digər komanda üzvləri ilə mütəmadi ünsiyyət yaratmağınız işin əvvəlində müəyyən olunmuş istiqamətlər üzrə əldə edilmiş irəliləyişləri müqayisə etməyinizə və dəyərləndirməyinizə kömək olacaq. Ola bilər ki, müxtəlif komandalar fərqli istiqamətdə irəliləyirlər və bu plana uyğun deyil. Mütəmadi görüşlər və ya həftəlik hesabatlar bunun qarşının alınmasında kömək ola bilər.
Qeyd olunanlar kommunikasiyanın üstünlükləri arasında yalnız bir hissədir. Müsbət nəticələr əldə etmək üçün ilk addım kommunikasiyanın təsirlərini qəbul etmək olsa da növbəti və daha vacib addım ünsiyyət prosesinin düzgün şəkildə qurulmasıdır.
Müəllif: Nurlan Şixəliyev
Mənbə: http://www.365skills.com