Ixtisarların psixoloji aspektləri

İxtisarlar həmişə insanların iş həyatında çətin məqamlardan biri olub. Şəxs öz istəyi ilə çıxdıqda nəticələrə çox hallarda razı olur. Nöqsanlarına görə azad olduqda taleyi ilə barışır. Lakin ixtisarla çıxdıqda nə buna psixoloji hazr olur, nə də maddi cəhətdən.

Heç nədən xəbəri olmadan İnsan Resursları Departamentinə çağırılan əməkdaşın ixtisar xəbəri alanda yaşadığı hisslər və o şəxslərin gözündəki kədərlə təmasda olmaq doğurdan da ağrılıdır. Buna ixtisar xəbərini alanda şok effekti də demək mümkündür. Belə şəxslərin ilk öncə düşündüyü “nə üçün mən” sualıdır. Ona qarşı ədalətsizliyin çarçısıdır.

Bəli bundan sonra qəzəb hissi gəlir. Şəxsin çalışdığı şəxslərə, müdirlərinə və ümumiyyətlə işlədiyi şirkətə qarşı qəzəb. Bu qəzəb şəxsi öz mühitinin “düşməni” edir. Bir də şəxs bir neçə gündən sonra ümüdə qapılır, bəlkə qərar dəyişə bilər, bəlkə ixtisar ləğv edilə bilər… Lakin qərar dəyişmir ki, dəyişmir. Bu vəziyyətdə həmin şəxslərə heç bir məsləhət fayda verməz. Əgər tərəf müqabilinin əsaslı köməyi yoxdursa sadəcə dinləməlidir, şəxsin səhv və doğru danışmasından asılı olmayaraq susmalı və dinləməlidir.

Zaman uzandıqca ağır depressiya halı müşayiət edilir. Bu, şəxs üçün işdən çıxdıqdan sonrakı periodda bəlkə də ən ağrılı periodudur. Adamı əlacsızlıqdan az qala başını divara vurmaq həddinə çatdırır. Bu zaman şəxsin ailəsi və dostları meydana çıxmalıdır, bu periodun nə qədər çox çəkməsindən asılı olmayaraq müvəqqəti xarakter daşıdığı, işsizliyin şəxsin mənəvi və peşəkar xüsusiyyətlərini azaltmadığı aşılanmalıdır. Yetər ki, insanın özünə inamı, həyat eşqi sönməsin. Çünki işartısı qalan közü də yanar ocağa çevirmək mümkündür. Vay o gündən ki, “insanın közü” – mübarizə ruhu sönsün.

Daha pisini deyimmi? Günahkarlıq hissidir bu. Daha çox ailəli şəxslərdə bu özünü göstərir. Şəxs özünü ailə üzvləri, xüsusən də övladları qarşısında günahkar hiss edir. Bu vəziyyətin yaranmasında özünü günahkar bilir, sanki ölkədə iqtisadi böhranı yaradan da, manatı öldürən də bu imiş. Onun insanlarla münasibəti pozulur, ailələr, yoldaşlıqlar dağılır buna görə. Ətrafdakılar bu məqamda da şəxsə dəstək olmalıdırlar. Məkanı dəyişmək, nə qədər çətinlikdə də olsa istirahətə getmək, məşğuliyyəti dəyişmək çox yaxşı yenilənmə olar.
Lakin bəzən də elə olur ki, qeyri-müəyyənlik o qədər uzun çəkir ki, şəxs ixtisar xəbərini eşidəndə bir dərin rahatlıq hissi keçirir, sanki rahatlanır. Təəssüf ki, bu hal hamıda olmur.

Şəxs ixtisar prosesində fərqli psixoloji vəziyyətlərə düşə bilər, lakin möhkəm olmaq, mübarizə nə qədər çətin olsa da dayanmamaq lazımdır. Uğur gec gəldikdə daha şirin olur və hər bir çətinlik insanı daha güclü edir. Ətrafdakılar isə az da olsa anlayış göstərməli, yeni vəziyyəti qavramalıdırlar. Bu gün işsiz olsalar belə həmin insanlar elə həmin əvvəlki kimidirlər, yenə əvvəlki kimi ağıllı, çalışqan, köməkcil və mehribandırlar. Cəmiyyət olaraq hər birimizin üzərinə belə bir vəzifə düşür. Yalnız anlayışlı olduqda, başqalarının dərdini öz dərdimiz görüm empati etdikdə və kömək etdikdə biz də onlarla birlikdə xilas olacağıq. Yoxsa cəmiyyətimizi bürüyən qəzəb, paxıllıq və didişmə girdabının içində daha da batacağıq.

Müəllif: Müşfiq Əmircanov

Mənbə: https://mushfiqamirjanov.wordpress.com