İnsan həyatının ən önəmli hissələrindən biri (bəziləri üçün isə ən önəmlisi) olan iş həyatımız hər kəsdə fərqlidir. Hətta deyərdim ki, bu barmaq izi qədər fərqlidir. Çünki heç kim bir şirkətdə eyni anda eyni vəzifədə, eyni təcrübədə və eyni vəzifədə ola bilmir. Ən əsası isə heç kim eyni həvəsdə (daha “cool” görünsün deyə bundan sonra eyni motivasiyada) olmur. Mənə görə, bazarın ümumi abu havası, şirkətin təqdim etdiyi məhsul və bütün digər önəmli saya biləcəyimiz şərtlər qədər önəmlidir motivasiya. Niyə? Bəlkədə mənim kimi bir gəncin bu sualın cavabını sadalaması bir o qədər də doğru olmaz, amma daha təcrübəli dostlar və uğurlu sahibkarlar bunu çox yaxşı bilir. Bir şirkətdə böyük uğurlar, rentabelli gəlir və daimi aktiv iş abu havası üçün motivasiya çox önəmlidir. İşçiləriniz özlərini işin bir parçası və önəmli parçası kimi görməli, hiss etməlidirlər. Belə olmadıqda, nə uğurdan, nə də komanda ruhundan danışmaq əbəsdir. Səlahiyyətlərin paylaşması, qərarvermə bacarığının inkişafı, prosesə nəzarət və nəticənin paylaşılması çox önəmli məqamlardandır. Bunlar daha çox işçiləri özlərini işin içərisində hiss etdirməyə kömək edir.
Bu yazımda işçiləri necə motivasiya etmək haqqında danışmaq istəmirəm. Bunu yaza biləcək təcrübəli HR dostlarımız çoxdur. Mən sizə işçilərinizi necə demotivasiya etməkdən danışmaq istəyirəm. Nəzərə alsaq ki, bu bir başa şəxsi və ya çox yaxın dostlarımın praktikasıdır , o zaman yazmaq həvəsi bir az da artır. Başlayaq.
Azərbaycan şirkətlərinin bir çoxunda işçilərin ilk iş günü qarşılanma adət ənənsi yoxdur. İşçinin ən çətin günü sayıla biləcək bir gündə orientasiya tədbirinin keçirilməsi çox önəmlidir. Yəni, işçi nə edəcəyini, harada və kimlərlə işləyəcəyini, harada yemək yeyəcəyini, olarları olmazları bilmir. Köhnə işçilərin danışdıqları, güldükləri ona ağır gəlir. Sual soruşmaqdan çəkinir və əlbəttə ki, görəcəyi işin və ya icra edəcəyi vəzifənin önəmsiz olduğunu düşünür. İşçinizin motivasiyasının aşağı olmasını istəyirsinizsə onları ilk gündən işdən “soyudun”.
Bəzi idarəçilər düşünür ki, şirkət içində işçilərin bir biri ilə sıx münasibətdə olmağı yaxşı deyil. Əgər belədirsə, deməli işçilər rəhbərliyə qarşı birləşiblər. Ən yaxşısı bir neçə qrupa və ideologiyaya bölünsünlər. Bunlar arasından öz “səlahiyyətli nümayəndəsi” olan işçilərdən isə həmin qruplar və ümumi iş abu havası haqqında “dəyərli” məlumatlar alınsın. Belə olanda guya nəzarət həmin müdürün əlində olur və o, ən son proseslərdən xəbərdar olur. Belə olan şirkətlərdə daimi intriqalar, işçilər arasında kəskin münasibətlər, küskünlüklər və hər xırda məsələyə görə mübahisələr olur.Bu tip şirkətlərdə müdürün “səlahiyyətli nümayəndə” seçdiklərindən başqa heç kim uzun müddətli və ən əsası tam performansı ilə işləmir.
Sovet düşüncə tərzli və həmin tərzdə düşünən insanlardan örnək götürən müdürlər işlərində daimi qorxu aşılamağın uğurlu nəticəyə apardığına inanırlar. Onlar düşünür ki, əgər işçi məndən qorxmursa, deməli mənə hörmət etmir. İşçinin ağlında daimi işi itirmək qorxusu yoxdursa o yaxşı işləmir. Əgər siz işçilərinizi işdən soyutmaq istəyirsinizsə onlara daimi qorxu aşılayın. Həmişə vəziyyətin pis olduğunu, şirkətin sabahının yaxşı görünmədiyini deyin. Tez tez vurğulayın ki, əgər işlər yaxşı getməsə , şirkət bağlanacaq, ixtisarlar olacaq və sairə və sairə.
Şirkətlər var ki, cəmi 7-8 işçisi var. Amma bir bürokratik sistem qurub ki, gəl görəsən. Hətta bu sistemi Şimali Koreyalı qardaşımız Kim Jong Unun sistemi ilə müqayisə etmək olar. Bu 7-8 işçi 3 və bəzən 4 təbəqəyə bölünür. Sadə işçi müdürə nəsə demək istəyirsə öz “starşı”sı ilə danışır. O öz “starşı”sına onun dediklərini ala yarımçıq nababat çatdırır. Sonuncu “starşı” müdürə müraciəti elə çatdırır ki, ya həmin işçi işdən azad olunur, yada onun dedikləri “not kağızı”nda yazılır, sonra əzilərək atılır. Böyük şirkətlərdə nəzarət sxemi üçün yaxşı ola bilər bəlkə, amma siz işçilərinizi işdən soyutmaq üçün lap kiçik və orta şirkət olanda belə çox güclü və sərt bürokratik sistem qurun. Toplantılarda ancaq siz danışın. Həmdə boş boş lazımsız mövzulardan danışın. Ancaq siz sual verin və qarşı tərəf danışmaq istəyəndə, ilk sözdən sözünü kəsərək cavabı da siz verin. Ancaq əmr və göstərişlər verin, icra tələb edin.
Bəli, nə qədər də gülməli görünsə də bu mövcuddur və səriştəsiz idarəçilər tərəfindən çox istifadə olunur. Onlar əminliklə inanırlar ki, bu tip vədlər və sözlər işçilərin motivasiyasını və şirkətə bağlılığını gücləndirəcək. Şirkətimiz yeni ofislər açır, yeni mağazalar açır, gələn aydan premiyaların artımı gözlənilir, yeni texnologiyalar tətbiq olunacaq və s. Amma düşünmürlərki, bir müddət sonra reallaşmayan vədlər və sözlər işçilərin gözündə ilk öncə rəhbəri daha sonra şirkəti hansı dərəcələrə qədər aşağılara sala bilər. Amma siz siz olun, işçilərin maksimum demotivasiyası üçün daha çox yalan söz və vəd verin.
Əgər siz yaxşı rəhbər, müdir, direktor, sahibkar deyilsinizsə sizə bu işdə böyük uğurlar arzu edirəm. Yaxşı işçiləriniz varsa onlar elə sizinlə işləməsə yaxşıdır deyib yazımı yekunlaşdırıram.
Müəllif: Murad Malik
Mənbə: http://muradmalik.com