İndi hamı iş tapacaq!

İndi hamı iş tapacaq!
764

Biz universitetdə oxuyanda qloballaşma sözu çox populyar idi. Trenddə olan bu sözu biz də maksimum çalışırdıq çox istifadə edək. Xüsusən də hansısa yazı, kurs işi, tezis hazırlayanda bir-iki abzas qabağa düşək deyə qloballaşan dünyadan yazıb-pozurduq. Əmək bazarı bu gün yeni səriştələr, bilik və bacarıqlar baxımdan ən çox qloballaşan sahələrdən biridir. Nə qədər çalışsaq da milli təhsil sistemi, ölkədəki biznes mühiti hələ o səviyyədə deyil ki, kütləvi şəkildə gənclərə ‘müasir’ bilik və bacarıqları verə bilsin. Amma işsizlik və ya uyğun yerdə işləməmək ilə bağlı dərindən düşünəndə problemin sadəcə bilik və bacarıq kasadlığı ilə bağlı deyil, orta məktəb, universitetdən yeni məzun olmuş və ya artıq 10 illik təcrübəsi olan gənclərin iş axtarmağın yollarına bələd olmaması ilə də əlaqəli olduğunu görmək olar.

Anlayıram, yazının başlığı çox pafoslu səslənə bilər. Amma buna səbəb var. Dostumuz və işi gücü əsasən insanları motivasiya etmək, maarifləndirmək, yıxılanı durquzmaq olan Toğrul Ələkbər yeni layihəsi ilə tezliklə daha bir neçə yüz və ola bilsin ki, bir neçə min nəfərə iş tapmağa köməklik edəcək. Toğrul zavod açmır. Heç sizə tilov da bağışlamır. O sadəcə sizə balığı necə tutmağı öyrədəcək, daha dəqiq sizə iş tapmağa kömək edəcək kitabını artıq çapa hazırlayır. Kitabın redaktəsi mənə həvalə edildiyindən onunla ilk tanış olan şəxslərdən biri də mən olmuşam. Müəllifə öz ürək sözlərimi demişəm, amma buradan da sizə kitab haqqında bəzi vacib qeydləri çatdırıram. Sizlər də bu xoş xəbəri ətrafınızdakı gənclərlə paylaşsanız, onlar da öz şəbəkələrində paylaşsa, belə-belə hamı iş tapacaq.

Kitab haqqında qısaca onu deyə bilərəm ki, kitabın axıcı sujeti var. İstəsəniz 4-5 saata bitirə bilərsiniz. Amma elə məqamlar və tapşırıqlar var ki, onlar sadəcə oxumaq yox, konkret fəaliyyət tələb edirlər. Bu kitabı lap 1 həftəyə oxusanız belə ayıb olmaz. Əsas odur ki, müəllifin tövsiyyələrinə diqqət edəsiniz. Karyera imkanları və iş axtarmağın yolları ilə başlanan kitabda, müəllif həm də tövsiyyə edir ki, iş axtararkən öz brendiniz barəsində düşünəsiniz. Daha sonra isə kitabda rezyume hazırlamaqda ən xırda məqamlardan, ən vacib məsələlər ilə bağlı qeydlər, müsahibəyə hazırlıq, müsahibə prosesi, müsahibədən sonrakı addımlar ilə bağlı müxtəlif ssenarili izahatlar təqdim edilir. Kitabın ‘həsr edildiyi’ Əliabbasa şir və ya dovşan olmaqla bağlı seçim imkanı verilir. Məşhur kampaniyaların sloqanını oğurlamaq olmasın, amma kitabı oxuduqca adam lap ‘Hamımız Əliabbasıq’ demək istəyir. Qısası kitab ilk iş yerini axtarana da, hardasa bir neçə il işləyib yeni imkanlar barəsində düşünənə də, iş tapmağa çətinlik çəkən istənilən bir şəxsə də faydalı olacaq.

Qayıdaq yenə də qloballaşmaya. Bilirik ki, bu qloballaşma ki var ha, onun da əsas elementlərindən biri məhz elə İngilis dilidir. İstədiyimiz məlumatı ala-yarımçıq olsa da İngilis dilində rahatca elə internetdən tapa bilərik. Həvəsi və hövsələsi olan da bu imkanlardan maksimum yararlanır. Təəssüf ki, ölkəmizdə gənclərdə xarici dil bilikləri elə yüksək səviyyədə deyil. Ən yaxşı halda bu minimal internet yazışmaları səviyyəsindədir. Biz istəsək də yüz minlərlə gəncə kütləvi şəkildə İngilis dili və ya başqa xarici dili öyrədə bilməyəcəyik. Bəli, dil bilmək vacibdir deyib heç bir xarici dili bilməyən və müxtəlif sahələrdə istedadı, bilik və bacarığı olan şəxslərə dəstək olmaqdan qaçmamalıyıq. Bu kompleksi qırmaq üçün isə Toğrulun yazdığı kitab kimi hələ biznes və karyera, fərdi inkişaf ilə bağlı gərək Ana dilimizdə yüzlərlə kitab yazılsın, audio kitablar hazırlansın. Ən azından maarifləndirici yazılar, video və audio bloqların sayı artsın. Yekunda bundan bizim özümüzün yaşadığımız cəmiyyət faydalanacaq. Belə bir təşəbbüsə görə zavod açan, üzr istəyirəm kitab yazan dostumuzu bir daha təbrik edirəm və gələcəkdə ondan karyera üzrə yeni kitabları da gözlədiyimizi bildirirəm!

Müəllif: İlham Ali Yusif