Göy göyərti və ət rəngində ət

Göy göyərti və ət rəngində ət
2167

Ara-sıra sosial şəbəkələrdə dilimiz, daha dəqiq də olsa biznes dilimiz ilə bağlı müzakirələr gedir. Ən çox da rastlaşdığım da Rus dili ilə bağlıdır. Çoxları bu dilin işlək dil olmasına etiraz edir, həmçinin kinoteatrlarda filmlərin bu dildə göstərilməsinə çox radikal yanaşır. Bəzi şəxslər cümlələrinin yarısını ya İngilis, ya Rus, ya da Türk sözləri ilə doldurur. Amma bütün bu fonda xeyli sayda insan var ki, Azərbaycanda biznesin, biznes-müştəri münasibətlərinin uğurlu gələcəyini məhz Azərbaycan dili ilə bağlı olduğunu çox gözəl başa düşür və dilimizin imkanlarından maksimum faydalanır. Bu ayın əvvəlində olan ‘Bəlkə biz düz etmirik’ bloq yazıları deyişmələrində də milli kontentin yaradılmasının vacibliyi qeyd edilirdi. Bu günlərdə isə Yarat-ın Göydə Göy Göyərti Göyərdi layihəsi və Özsüt-ün menyuda yazdığı Ağ ətlər söhbətlərindən sonra istərdim ki, ürəyimdə olanları sizinlə paylaşım:

Mən dilçi deyiləm, sözün açığı

Qabaqcadan deyim ki, mən dilçi deyiləm. Ona görə də bu postu oxuyub qrammatik və bəlkə də çox istifadə etdiyim inversiyalara görə leksik səhvlər tapırsınızsa üzürlü hesab edin. Amma inanıram ki, dilimizin imkanlarından maksimum istifadə edib öz fikirlərimi çatdıra bilirəm. Maksimum çalışıram ki, yazılarımın başlıqlarında ikimənalı sözlərdən də istifadə edim. Nə gizlədim, sözlərlə oynamağı çox sevirəm. Mən satıla bilinən mətnlər yazmağı çox sevirəm. Bunun incəliklərini öyrənirəm. Sadə bir e-mail yazanda hansısa sözə vurğu vuracağamsa onun ətrafına az əhəmiyyətli sözləri yığıb o sözü bəzən həddən artıq şişirdirəm. Hansısa dilçi alim və ya dil məsələsində həssas adam bu addımları bəyənməz. Amma alıcım, yəni mətni oxuyan insanların çox böyük əksəriyyəti heç buna fikir də vermir. Müsbət nəticə əldə edilir.

İşləyən dil

Dünya təcrübəsində ‘güya ki qadağan olunan’ çoxlu sayda reklamın altmənalı sözləri olur. Baxırsan ki, ağızdan söyüş çıxmadı, amma ağzıyla adamı söyür. Marketoloqların bu cür xoşagəlməyən və ya qeyri-adi məsələlər haqqında söhbət və mübahisə etməsi normaldır. Bəzən heç marketinq sahəsində olmayanlar da sosial medianın imkanlarından istifadə edib belə qeyri-adiliklərə münasibət bildirirlər. Buradan sadə nəticə çıxarsaq, bu gözəl PR addımıdır. İkincisi isə brend əgər ağıllı idarə olunursa bu cür oyunların nə dərəcə onun satış və imicinə təsir etdiyini çox yaxşı da müəyyən edə bilir. Əgər doğurdan da qeyri-etik nə isə imicə təsir edirsə o zaman lazımi addımlar da atır. Amma ümumi görünən odur ki, brendlər işləyən dili istifadə edir. Kütlə üçün işləyən dil. Satış üçün işləyən dil. Amma təbii ki, maksimum çalışmaq lazımdır ki, yazılarda qrammatik səhvlər az olsun. Hətta mətn tərcümədirsə Azərbaycan dilinin ahəngliyinə yatsın. Ən əsası sadə olsun.

Mənə video reqistratorun quraşdırılması haqqında məlumat lazımdır

Niyə görə biz hansısa məlumat lazım olanda Disput.Az-a qaçırıq? Onsuzda burada da əksər müzakirələr Rus dilindədir. Səbəb isə çox sadədir, çünki biz bəzən xırda detalların içində ilişib qalırıq, böyük işlər az görürük. Brendlər bazarın balaca olduğunu əsas gətirib müştərilərə Rus dilində olan video materialları, bələdçi kitablarını təqdim edirlər. Mütəxəssislərimizin isə yazmaq-pozmaq nədir, heç video bloq ilə arası yoxdur. Elə alıcılar da passivdirlər. Əgər bizdə restoran və kafe biznesi, qurmanlıqla bağlı bloqlar, yazılar çox olsa əminəm ki, dilimizdə ayrı mənada qəbul edilən sözləri zaman-zaman yeni mənada çatdırmaq olar və insanlar çəhrayı ət sözünü normal qəbul edər. Amma yoxdur. Ona görə də mən də video reqistrator (qeydiyyatçı da deyə bilərdim) quraşdırılması haqqında Azərbaycan dilində lazımi məlumat tapa bilmirəm.

Türkün məsəli və belə pis çıxmasın

Bu ifadələri mən ümumiyyətcə istifadə etmirəm. İnsan ailədə və ya yaxınları ilə danışarkən hansısa sözə niyə axı biədəb məna axtarsın ki? Əslində elə özümüz öz kölgəmizdən qorxuruq. Anlaşılandır ki, bəzi sözlər ikimənalı olduğundan və pis çıxan mənası daha populyar olduğundan bu sözləri işlətməkdən qaçırıq. Həmçinin dilimizdəki bəzi sözləri də bəyənmirik. Heç nəfəslik, işıqfor səviyyəsindəki sözləri demirəm, məsələn alicənab, işgüzar, müştərək, əmtəə sözlərini işlətməklə biz heç də AZTV dilində danışmırıq.

Zamanla onsuzda bu düzələcək, dil ilə bağlı başqa problemlər çıxacaq. Qloballaşma çox gözəldir, amma marketinqdə lokallaşma da ondan da gözəldir. Milli Marketinq Forumunda çıxışımda da dediyim kimi milli biznes dili yaratmaqla və öz dilimizdə müştərilərimizdə səmimi olmaqla istənilən brendi sevdirmək, duydurmaq, hiss etdirmək və s. maq-mək-lər mümkün olacaq.

Müəllif: İlham Ali Yusif

Mənbə: http://ilhamaliyusif.com