Bu günlərdə sosial mediada əfsanə marka Starbucks`ın nəhayət ki, Azərbaycan bazarına daxil olması barədə xəbərloxudum. Dünyaca məşhur, marketing adına uğurlu təcrübələrə imza atmış marka haqqında fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Bu yazıda marka haqqında bildiklərimi, yerli bazarda nələrlə qarşılaşacağı barədə proqnozlarımı paylaşacam. İlk öncə onu qeyd edim ki, Starbucks ən sevdiyim markalardandır və Azərbaycan bazarına daxil olacağı gözlədiyim iki markadan biridir. (Digər marka isə IKEA`dır).
Starbucks ilk şöbəsini 1971-ci ildə Seattle’da açıb və hazırda 21.536 şöbə ilə dünyanın ən böyük qəhvə şəbəkəsinə malikdir. Əksər insana Starbucks nədir sualı verildikdə, sadəcə qəhvə satılan yer olaraq cavab verir. Amma şirkətin missiyası tam fərqlidir. Starbucks özünə üçüncü ünvan deyir: A third place between work and home. Evdən və işdən sonra gedəcəyiniz yer Starbucks olsun deyir. Starbucks məkanlarında IKEA`da olduğu kimi tam sərbəstsiniz.“Şuluqluq” salmadığınız müddətdə heç kəs sizi narahat etməz və heç bir offisiant “nə sifariş verəcəksiniz” sualını verməz.
Starbucks, Port Baku, qlamur gənclər, yeni trendlər
Starbucks şöbələrini ya insanların çox olduğu küçələrdə, ya da orta və yuxarı gəlirli insanların seçim etdiyi alışveriş mərkəzlərində açır. Starbucks və Port Baku Mall bu baxımdan uğurlu yerləşimdir. Amma sosial qrupun davranış xarakteristikası strategiyanı iflasa uğrada bilər. Azərbaycan müştərisi yeniliklərə meyillidir. Ağız dadı sabit olsa da, yeni təkliflərə hər zaman açıqdır. Yaponlar uzun illərdir ki, azərbaycanlılara suşi yedirtməyə çalışırdı. İlk öncə faydasından başladı – gördü alınmır, daha sonra dəyərlərdən danışdı – o da alınmadı. Çoxsaylı tətbiqlərdən sonra son alətə – trend yaratmağa əl atdı. Gənclər suşi məkanlarında özlərini təsdiq etmiş, ani xoşbəxt hiss edirlər. Çünki, suşi trendinə ayaq uydurublar.
Starbucks nə qədər desə ki, bura Range Rover`li qaqaşlar gəlsin – alınmayacaq! Starbucks`da hər kəs olacaq. Gəlir səviyyəsindən asılı olmayaraq. Atasından pul alıb rəfiqələri ilə Starbucks`da vaxt keçirənlərdən tutmuş Bulvara gəzməyə gəlib yolüstü Starbucks`a dəyənlərə kimi. Bu Starbucks üçün o qədər də faciəvi hal deyil. Çünki,
Amma Port Baku Mall üçün bu hal xarakterik deyil. Yalnız lüks seqmentə hədəflənən brendləri özündə cəmləyən alışveriş mərkəzində bundan sonra hər kəsə rast gəlmək olacaq. Port Baku Mall bu vəziyyətə nə qədər tab gətirəcəyini zaman göstərəcək. Ya lüks seqment mövqeylənməsindən əl çəkib hədəf kütləni genişləndirəcək, ya da Starbucks ilə müəyyən sövdələşmə edəcək.
Starbucks xalqa qəhvə trendi yarada biləcək?
Düşünürəm ki, çayxor xalq olduğumuz üçün qəhvəyə fokuslanmağımız zaman alacaq. Dünyada bir ildə təqribən 7 milyard kiloqram qəhvə istehsal olunur. Bunun 142 milyon kiloqramı Starbucks tərəfindən satın alınır. Ayrıca dünyada 27 ölkədə məhz Starbucks üçün qəhvə yetişdirilir. Sözüm odur ki, gənclərin Starbucks`da qəhvə içməyə getməsi bəhanə olacaq. Əsas olan facebook chek-in, instagram, retrica və sair olacaq.
“Starbucks sadəcə qəhvə deyil, yaratdığı mühiti satır” demək yerinə düşər. İnsanlar Starbucks’a yaranan dəyər üçün gedir və orda uzun müddət vaxt keçirdirlər. Starbucks’ın yaratdığı hüzurlu mühit söhbət etmək və ya iş görmək üçün uyğun məkandır. Yəni, McDonald`s, KFC fastfood konseptin uyğun olaraq sizi məcbur edir ki, tez yeyib çıxasınız. Lakin, Starbucks bunun tam əksini sizə təqdim edir: oturun, qəhvə için, söhbətləşin, istirahət edin və əylənin.
Əlində Starbucks qəhvəsi ilə şəhər küçələrində, universitet dəhlizlərində havalı-havalı gəzmələr də yeni trendlərdən olacaq. Qısaca onu qeyd edim ki, Starbucks bu günə kimi Azərbaycanda olmasa da dinamik kütlə bu markaya çoxdan susayıb. Açılışın ilk günlərində sosial mediada Starbucks adına SMM partlayışın olacağı şübhəsizdir. Onu da bildirim ki, Starbucks özünü açıq reklam etməyən markalardandır. Dəqiq seqmentinə xitab edir və reklamının ağızdan-ağıza yayılmasını təmin edir. 28 Mall, Park Bulvar, Nizami küçəsi (Tarqovi) kimi yerləşimlər Starbucks üçün növbəti uğurlu məkanlar ola bilər.
Müəllif: Ramil Cabbarov
Mənbə: http://ramiljabbarov.com