ABŞ-ın “Google” şirkəti 2016-cı ildə sürücüsüz "Google” avtomobillərinin icarəsi ilə məşğul olacaq ayrıca şirkət yaratmaq niyyətindədir. Məlumata görə, avtonom "Google” nəqliyyat vasitələri artıq San-Fransisko və Ostin şəhərlərinin ictimai yollarında 1,6 milyon km qət edib. Xidmətin məhz burada istifadəyə verilməsi nəzərdə tutulur.
İlkin mərhələdə sürücüsüz avtomobillərin yollarda deyil, məhdudlaşdırılmış meydançalarda (kollec kampuslarında və müxtəlif təşkilatların, hərbi bazaların ərazisində) istifadəyə verilməsi planlaşdırılır. Avqustda şirkət aktivlərin strukturunu dəyişərək "Alphabet” holdinqini (Google, Calico, Google Ventures və Google Capital şirkətlərini özündə birləşdirir) yaradıb. Sürücüsüz avtomobillərin icarəsi üzrə şirkət də holdinq əsasında yaradılır.
“Google”un istehsalı olan ilk avtonom avtomobil 2014-cü ilin mayında təqdim edilib, 2015-ci ilin noyabrında isə şirkət həmin maşınları yeni xarici görünüşdə nümayiş etdirib.ABŞ şirkəti sürücüsüz avtomobillərin hazırlanması üzrə proqrama 2009-cu ildə başlayıb. Layihə müəllifləri ən təhlükəsiz avtomobil yaratmağa söz verərək sürücüsüz avtomobilin işinin bir neçə uğurlu potensial ssenarisini təsvir ediblər.
Mənbə: http://www.ictnews.az/