Taksi xidməti bizdə dədə-babadan yolun kənarında dayanıb, yoldan keçən boş taksiyə əl etməklə sifariş olunub. Son illərdə zəng etməklə, daha sonra isə mobil tətbiqdən istifadə etməklə sifariş növləri peyda oldu. Ödəniş isə həmişəki kimi, mənzil başına çatanda nağdçşəkildə həyata keçirilirdi. Ta ki… bu Uber Bakıya gələnə qədər.
Şəxsi sürücü xidməti verən Uber’in mobil tətbiqində qeydiyyatdan keçərkən plastik kart məlumatları tələb edir. Xidmətdən istifadə etdikdə pul kartın balansından çıxılır, yəni nağd ödəniş olmur. Belə şey olar?! Bəs bəxşiş? Deyək ki, 189-la sifariş etdin, mənzil başına çatdın, taksi yazdı 8.40 azn. Sən 8.40 da verə bilərsən, amma azı 9 manat verirsən ki, yaxşı deyil, kişi əziyyət çəkib, xoş münasibət göstərib.
Bəs bunu Uber’də necə edəcəksən? Yolu var. Diqqətli olun, açıqlayıram:
Uberdə sürücünün telefonuna bildiriş gəlir ki, filan ünvandan sifariş var, sürücü təsdiqləyib həmin ünvana gedir. Ünvana çatanda növbəti düyməni basaraq çatdığını bildirir. Sərnişin avtomobilə oturanda sürücü düyməni basmaqla prosesi işə salır. Mənzil başına çatdıqda isə tətbiqi söndürür. Buan proqram həmin məsafə üçün məbləği hesablayıb sərnişinin kartından çıxır. Demək bəxşiş vermək istəyirsinizsə belə edirsiz: elə ki, mənzil başına çatdınız, sürücü tətbiqi söndürmək istəyəndə deyirsiz qardaş, söndürmə, 2 dəqiqə sonra söndürərsiz. Bu proqram həmin 2 dəqiqəni də hesabladığından bu əlavə ödəniş olur və sürücüyə bəxşiş sayılır.
P.s. Bu leqal və ya ciddi bir məsləhət deyil. Sadəcə zarafatyana qeyd etmişəm. Birazdan Uber tərəfindən açılmış məhkəmə çağırışı gəlməsin ofisə :) Amma bunu bir neçə gün öncə özüm etməyə çalışdım. Sürücü Neftçilər metrosu tərəfdə olduğu halda gəldi Binəyə, məni götürdü, apardı Günəşliyə. Uzaq yol qət etdiyinə görə evə çatanda dedim 5 dəqiqə sonra söndürərsən. Dərhal dedi yox elə şey olmaz, ehtiyac yoxdur və tətbiqi söndürdü. Mən də təşəkür edirb düşdüm.
P.s.s. Bir neçə gün öncə yuxarıda yazdığım bu “çıxış yolunu” facebook-da paylaşmışdım, dostlardan biri mövzunu əksinə anlayıb, sürücünün məni əlavə pul ödəməyə məcbur etdiyini düşünüb. Bu cür hal Uber və bənzərri mobil tətbiqlərdə ümumiyyətlə mümkün deyil, çünki mobiq tətbiqi yandırıb-söndürən sürücüdür, sərnişin deyil.
Qısacası Uber’də bəxşiş verməyə ehtiyac yoxdur, sifariş edin, avtomobilə əyləşin, avtomobildə olan pulsuz Wi-Fi sisteminə qoşulun və istədiyiniz məkana vaxtında və rahat çatın :)
Müəllif: Orxan Rza
Mənbə: http://orkhanrza.com