Hərdən ilham gözləmədiyin yerlərdən gəlir. Saytların birində mən “Email advice…from Lady Gaga?” yəni “Ledi Qaqadan email tövsiyyələri” adlı məqaləyə rast gəldim. Və fikirləşdim ki, bizim tanınmış müğənnilərdən biri ilə belə bir məqalə yazmaq olarmı? Və əlbəttə ki, ilk ağlıma gələn “milli Ledi Qaqa” Elza Seyidcahan oldu.
Siz fikirləşə bilərsiniz ki, Elza hara marketinq hara? İlk baxışdan onların arasında ortaq bir şey yoxdur. Elza Seyidcahan Filip Kotler olmasa da, marketoloqlar ondan çox şey öyrənə bilərlər. Və mən bunu Sizə sübut etməyə çalışacam.
Açığı mən nəyinki Elza Seyidcahanın, ümumiyyətlə heç bir yerli müğənnin yaradıcılığını izləmirəm. Lakin yadımdadır ki, mən uşaq olanda Elza xanım sadə caz ifaçısı idi. Sonradan Elza xanım başa düşdü ki, həmişə gündəmdə olmaq üçün risk etmək lazımdır. İndi hamımız onun epataj xarici görünüşündən xəbərdarıq. Üzünü görməsək belə, paltarından dərhal başa düşmək olar ki, qabağımızda kimdir.
Biznesdə həmçinin dəyişikliklərdən qorxmaq lazım deyil. İndiki zamanda saytınızda “biz gənc və perspektiv komandayıq”, “missiyamız Azərbaycanın ən güclü şirkəti olmaqdır” və s. standart və bezdirici ifadələr ilə müştərini cəlb etmək mümkün deyil. Çox ləng də olsa, amma ölkəmizdə rəqabət artır. Və Siz bir gün ayılacaqsınız ki, hamıdan geridə qalmısınız. Dəyişilin, aktual və innovativ olun. Məsələn, vaxtı ilə Apple şirkəti yenidən Stiv Cobsu qaytarmasaydı və tamamilə yeni innovativ bir istiqamətə yönəlməsəydi, indi bizim nə iPhone nə MacBook nə də iPad barədə xəbərimiz olardı. Bəlkə rəhmətlik Cobs özü də Elza xanımından nümumə götürmüşdü :)
Nə qədər tənqid olunmasına, nə qədər memlərin və gülməli videoların qəhrəmanı olmasına baxmayaraq Elza xanım öz yolundan dönmür. Və düz də edir! Həmişə epataj görsənməyə, digərlərdən fərqlənməyə çalışır. Və nəticəsi də göz qabağındadır: mən yerli kanallara baxmıram, amma arada bir onlara çevirəndə bütün kanalların verilişlərində mən Elza xanımı orada görürəm.
Hamının saytı var – məndə də olmalıdır. Hamının sosial şəbəkələrdə səhifəsi var – mənim də olmalıdır. Hamı buklet paylıyır – məndə paylamalıyam. Nə qədər bizim biznes mühitində belə bir mənzərə davam edəcək? Saytın var – lap yaxşı! Bəs ondan necə istifadə edirsən? Pul gətirir mi sənə? Facebook-da səhifən var – lap yaxşı! Amma hansı məqsəd ilə ondan istifadə edirsən? Hələ də 90% zibil qutusuna tuş gələn bukletləri paylayırsan? Soruşanda ki, “niyə belə edirsən”, cavabında yalnız sükut. Çünki özləri bilmirlər. Hamı edir, mən də edirəm. Dostlar, belə olmaz. Saytınızı daha praktik və rahat edin, sosial şəbəkələrdən düzgün işlədin, yeni kommunikasiya kanallarında istifadə edin (bloq,virus reklamı). Set Qodin demişkən “Bənövşəyi inək” olmaq lazımdır.
Ola bilsin Elza xanım bir neçə il yaxşı bir mahnı buraxmasın, amma hələ də ən tanınmış və gündəmdə olan müğənnilərindəndir. Nəyə görə? Çünki özünü güclü PR edir. Yəgin ki, onun “əfsanəvi” şeirləri yadınızdadır. Nə qədər onlar gülməli və absurd olsalar, o qədər də onlar populyar idilər. Təkcə Facebook-da Elza xanımın şeirlərin paylaşım sayı 1000 keçmişdi. Üstəlik onlar nə qədər televiiziya və radio kanallarında səslənib.
Əksər şirkətlərimizin PR fəaliyyəti saytlara pullu press-relizləri göndərməkdən ibarətdir. Bu PR deyil! Hər kəs ikinci dərəcəli sayta ayda 50-100 manat ödəməklə xəbərləri göndərə bilər. Mən də bunu edə bilərəm. Siz özünüz maraqlı xəbərlərin və hadisənin səbəbi olmalısınız. Xəbər saytları özləri Sizə müraciət etməlidir, Siz onlara yox. İnsanlar özləri Sizin haqqınızda danışıb, məlumatları paylaşmalıdırlar.
Beləliklə, Elza Seyidcahan bilavasitə olmasa da, bütün biznesmenlərə, brend menecerlərə, marketoloqlara, PR menecerlərə öz tövsiyyələrini verdi. Kimsə mənim fikirlərim ilə razlaşmaya bilər. Deyə bilərsiniz ki, Elza Seyidcahan Ledi Qaqa kimi məşhur deyil, və ondan öyrəniləsi bir şey yoxdur. Bu sözlərdə ola bilsin ki, həqiqət olsun. Amma bizim şirkətlərimiz də Apple və ya Starbucks deyil :)
P.S. Dostlar, qeyd etmək istəyirəm ki, Andrey Zinkeviçin “Müştəri konveyeri” e-kitabını redaksiyası demək olar sona çatdı, və Siz yaxın zamanlarda bu kitab əldə edə bilərcəksiniz. Bunun üçün sadəcə mənim bloqumda e-mailınızı daxil etmək lazımdır. Bunu Sizə sadəcə “PULSUZ ABUNƏ OL” düyməsinə tıklayıb öz e-mail ünvanınızı yazmaq kifayətdir
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com