Bir neçə gün öncə məşhur "9gag" dizayn portalında azərbaycanlı dizayner Elnur Babayevin velosipedçilərlə bağlı qəzaların riskini azaldan yeni vasitə hazırladığı barədə məlumat yer almışdı. Bu xəbər qısa müddət ərzində dünya mediasının gündəminə çevrildi.
Velosipedi idarə edən şəxslərin arxasında xüsusi işıqlar vasitəsilə onların fəaliyyəti əks olunur və ətrafdakılara şəkillər vasitəsilə məlumat ötürür. Elnur Babayevin bu icadı bir çox velosiped həvəskarları tərəfindən müsbət qarşılanıb.
Dizayner ilk dəfə olaraq bu barədə BBC Azərbaycan saytına danışıb: "Düzünü desəm, bu layihənin bütün dünyada belə müsbət qarşılacanağını təsəvvür etmirdim. Bu cihaz ideya olaraq ilin əvvəlində yarandı, aprel ayında isə vizual layihəsini tərtib etmişdim. Hazırda test mərhələsindədir. Layihə velosipedçilərinin gecə sürüşünü güvənli şəkildə etməsi üçün nəzərdə tutulub. Cihazın işləmə prinsipi çox sadədir: velosipedin oturacağının arxa tərəfinə bərkidilir və sürücünün hərəkətlərini - sağa və ya sola dönəcəyini, dayanacağını onun bel nahiyəsində əks etdirir.
Elnur Babayev gələcəkdə fəaliyyətini Azərbaycanda davam etdirəcəyini vurğulayıb. "Azərbaycanlı investor tərəfindən reallaşdırılacağı üçün Azərbaycan məhsulu kimi dünya bazarına çıxarılacaq. Demək olar ki, hər gün dünyanın müxtəlif şirkətlərindən təkliflər alıram. Daha çox tələbat Hollandiyadandır. Bildiyiniz kimi, orada velosiped istifadəçilərinin sayı həddindən artıq çoxdur. Hazırda bazarda bu tip velosiped aksessuarlarının qiyməti 30-40 dollar arasında dəyişir. Biz də qiymətin belə olacağını planlaşdırmışıq, sadəcə olaraq, biz eyni qiymətə daha yaxşı həll yolunu təklif edirik" -deyə, dizayner bildirib.
Qeyd edək ki, Elnur Babayev 2005-ci ildə Türkiyədə ODTU Universitetini sənaye dizayneri ixtisası üzrə bitirib. Azərbaycanın ilk avtomobil dizeyneri hesab olunur. Babayev "Red dot award" müsabiqəsinin finalçılarından biridir.
Mənbə: http://www.buro247.az