İş həyatı, eləcə də hər hansı uğurun əldə edilməsi vaxtında ağlımıza gələn, qarşımıza çıxan əsas nüanslardan biri də “dayday” məsələsidir.
Gündəlik həyatımıza və karyeramıza müəyyən dərəcədə təsirsiz ötüşməyən “dayday” problemini müzakirə obyekti etdik. Beləliklə,
Əgər mövcud vəziyyətdə “daydayınız” yoxdursa, nələr edə bilərsiniz:
- Aktiv tələbə həyatı sürün və mütləq ətraf dairənizi artırın. Onlar gələcəkdə qarşılaşacağınız problemlərdə potensial köməkçilərdir.
- Ödənişli olsa belə (mütləq) təlim proqramlarına qatılın və tədris və iş sektorundakı önəmli adamları, eyni zamanda gələcəyin uğurlu adamlarını tanıyın. Öz sahəsinin uğurlu insanlarıyla eyni mühitdə olun.
- Hər hansı şirkət rəhbərini, şöbə müdirini şirkətlərindən tanımaya bilərsiniz amma təlim mərkəzlərində onlarla saatlarla ünsiyyət imkanınız olacaqdır.
- Bəzən evdən verilən gündəlik pulları belə yığıb, təlimlərə verməli olacaqsız. Bir neçə ay eyni paltarları geyməklə kimsə kasıblamayıb. Dayday sahibi olmaq üçün, pulunuzu buna sərf edin.
- Pulsuz, könüllü işləmək imkanlarına qatılın və əgər o mühitdən öyrənirsinizsə, sizi az qala istismar etmələrinə belə imkan verin. Çünki nəticə olaraq qazanan sizlərsiniz.
- Əgər heç bir şey etmirsinizsə, bekarsınızsa, az əhəmiyyətli, bəlkə də karyeranızla birbaşa əlaqəsi olmayan işlərə belə can atın.. Necə deyərlər, Karvan yolda düzələr.
- Nə iş görmənizdən asılı olmayaraq əlinizdən gələnin ən yaxşısını etməyə çalışın. Təlim, tədris, müxtəlif qurumlardan tanıdığınız “ən yaxşı”ların gözünə görünmək üçün ən yaxşısını etməniz lazımdır.
- Qısa müddətdə hər şeyi olacağını gözləməyin, bəzən böyük əhatə dairəsi üçün, aylarınızı sərf etməniz lazım olacaq. Qarşınıza çıxan imkanlara hazır olmaq üçün özünüzə inkişaf yolları yaradın.
- Özünüzə kitab, məqalə, videolarla bağlı həftəlik, aylıq hədəflər qoyun. (Birdən birə özünüzə vəhşi hədəflər qoymayın, tez həvəsdən düşməmək üçün yavaş yavaş qaldırın sayı.) Bir ili boş keçirməkdənsə ilə 6 kitab belə xeyirlidir.. (Sonradan bu rəqəmə baxıb, güləcəksiz).
- Öyrəndiyiniz hər bir bilgi, ixtisaslaşdığınız hər bir sahə və aldığınız hər bir sertifikat (söhbət ayaqüstü iştirak etdiyiniz tədbirlərdə alınan sertifikatdan getmir, oxuyaraq, zəhmət çəkərək alacağınız sertifikatdan gedir) sizin üçün bir dəstəkçi, bir dayday rolunu oynayacaq.
Daydayınız yoxdursa, özünüzün özünüzə, ətrafınızdakıların sizə, sizin başqalarına dayday olmasına şərait yaradın.
Müəllif: Nümrəddin Hüseynov