Dünyanın 5 ən bahalı məhsulu

Kinoteatrda popkorn

Yəqin ki, hansı məhsullarda alverçilərin daha çox qazandıqlarını bilənlər azdır. Təsəvvür edin ki, qarğıdalı toxumlarından hazırlanan popkorn dünyada ən gəlirli biznesdir. Adəti üzrə kinoteatrlara giriş də məhz popkornla başlayır. Qarğıdalı xırtıltısı ilə film seyretməyin xüsusi zövqü var. Ancaq bu qeyri-adi zövqün qiyməti bütün hesablamaları aşır. Halbuki, popkorn hazırlamaq üçün lazım olan ancaq qarğıdalı dənələrini elektrik sobasında qızartmaqdır. Məsələn,qarğıdalı toxumunun kiloqramı 50-70 qəpiyədir. 200 qramlıq popkorn isə 5 manata satılır. Bir stəkan popkornun qiyməti 2 manatdan ucuz deyil. Bunun üzərinə Kola və ya Fantanı da əlavə etsək, filmi izləmək “qızıl qiymətinə” başa gəlir. Ekspertlər hesab edirlər ki, kinoteatrların rəhbərləri biletlərdən çox, popkorndan qazanırlar. Popkorn real qiymətindən 600-700, bəzən də 1000 faiz baha satılır.

Məşhur markalı paltar və ayaqqabı

Ağılasığmaz gəlirləri brend mallar gətirir. Onları digərindən fərqi yalnız üzərindəki etiketdir. İnsanlar ətrafdakıların gözündə daha yüksək görünmək istəyilə brend mallara xərclədikləri vəsaiti ilbəil artırırlar. İstehlakçıların bu psixologiyasından istifadə edən sahibkarlar öz məhsullarına yüksək qiymətlər qoyurlar. Tanınmış marka ilə olan cibdan 1000 dollara, brend çanta 1500 dollara, demisezon palto 1700 dollara satılır. Maraqlısı budur ki, bu mallar satılırsa, həm də alınır. Məsələn, dizayner Ken Kortninin tərtibat verdiyi Nike Dunks idman ayaqqabılarının qiyməti 4 000 dollardan bahadır. Qızılla örtülmüş bu ayaqqabılara pul xərcləyən də var.

Bu tendensiyaya bəraət qazandıran “elit” jurnallar isə yorulmadan dəbi, brendləri təbliğ edirlər. Onlar zamanla bir addımlamaq, özünəhörmət hissi aşılamaq üçün mütləq dəbi izləməyi, dəblə geyinməyi, brend mallar almağı məsləhət görürlər. Halbu ki, indi heç kimə sirr deyil ki, brend mallar belə Çində və digər Asiya ölkələrində hazırlanır. Əgər bir kofta 20 dollara başa gəlirsə, satış qiyməti bundan 500-1000 faiz yüksəkdir. Ona görə də brendə deyil, keyfiyyətə üstünlük versəniz daha düzgün olar.

Kosmetika

Müasir kosmetik vasitələr əsasən sudan, neft emalı məhsullarından və kimyəvi əlavələrdən ibarətdir. Bu qatışıqların üzərinə qəpik-quruşa olan sintetik ətirlər əlavə edərək, dəbli qablaşmalarda satışa çıxarırlar. Həmin ətirlərin bir neçə qramı 30 dollardan ucuz deyil. Onun hazırlanmasına xərclənən vəsait isə qiymətin 10 faizini ötmür. Xüsusən də yeni çıxan ətirlər bir neçə müddət yüksək qiymətə satılır.

Kafe və restoranlarda içkilər

Aydındır ki, restoran və kafelərdə yeməklərin üzərinə daha çox qiymət qoyulur. Spirtli içkilər, kokteyl və meyvə şirəsinin qiymətinə əlavə olunan məbləğ onun topdan qiymətini dəfələrlə üstələyir. Təbii ki, bu qiymətə xidmətin səviyyəsi, restoranın, kafenin yerləşdiyi məkan, nüfuzu da daxildir. Ekspertlər bildirirlər ki, əgər restoranda orta səviyyəli yeməyin üzərinə 250-300 faiz qiymət əlavə olunursa, içkilərdə bu 500, hətta 1000 faizi belə ötür.

Butulkalarda su

Bu sahədə çalışan işbazlar demək olar ki, əziyyət çəkmədən, havadan pul qazanırlar. Yerkürəsinin içməli su ehtiyatdan istifadə edib onu butulkaya doldurmaqla milyonlara sahib olmaq yəqin ki, “fantastik ideyadır”. Ekspertlərin hesablamalarına görə, su biznesi ilə məşğul olanlar onu nə azn, nə çox 500 faiz baha satırlar. Məsələn, uşaqlar üçün olan 300 ml “Aquşa” suyunun qiyməti 70 qəpikdir. Belə çıxır ki, su benzindən də bahadır.

Mənbə: http://www.biznesinfo.az