Dizayner olmayanlar üçün 5 dizayn sayti

Vizual kontentin geniş yayılması son illərdə kontent-marketinqin inkişaf trendlərindən biridir. Bu təsadüfi deyil – insanlar məlumatı vizual (baxış) kanalı vasitəsi ilə daha tez qavrayırlar. Yəgin ki, özünüz fikir vermisiniz: ən çox yayılan hansı növ kontent olur? Əlbəttə, video, şəkil, infoqrafika və digər vizual kontent növləri. Bəs ən tez yayılan sosial şəbəkələr? İnstagram və Pinterest. Dünya şirkətləri isə insan təbiətinin bu xüsusiyyətindən istifadə edərək, öz brendlərini uğurlu tanıtım edirlər. Özümə ən çox verdiyim sual: bəs bizdə vəziyyət necədir?

Böyük şirkətlər (telekommunikasiya, banklar və s.) bunu anlayaraq öz vizual kontent üzrə işlərini aidiyyatı agentliklərə həvalə ediblər. Bəs kiçik və orta biznes nümayəndələri? Təəsüf ki, onların outsource işlər üçün kifayət qədər vəsait olmadığından, öz sosial şəbəkələrinin səhifələrini qeyri-peşəkar şəkildə idarə edirlər. PowerPoint və Paint-də çəkilmiş şəkillər sizcə nə qədər uğurlu alına bilərlər?

Sizin böyük büdcəniz yoxdur? Siz özünüz nə Adobe İllustrator və Photoshop, nə Corel Draw-da işləyə bilmirsiniz? Bu faciə deyil! Yaxşı ki, internetdə kifayət qədər istifadəsi çox asan olan pulsuz və ya şərti pulsuz servislər var. Bir neçəsini Sizinlə paylaşmaq istəyirəm:

Canva

Canva – onlayn qrafik dizayn platformasıdır. 1 000 000 hazır şablonu olan bu servis vasitəsi ilə Siz sosial şəbəkələr, banner və posterlər, müxtəlif reklam vasitələri üçün peşəkar şəkildə dizayn tərtib edə bilərsiniz. Əksər şrift, fon, ikon və şablonlar pulsuzdur. Digələrini 1$ başlayan qiymətlər ilə almaq olar. Bu infoqrafikanı mən bu servisdə düzəlmişəm:

Visme.co

Visme-də Siz müxtəlif təqdimat, infoqrafika və bannerləri yarada bilərsiniz. İlk 3 layihə pulsuzdur, digərləri üçün artıq pul ödəmək lazımdır. Lakin, burada bir hiylədən istifadə etmək olar: Hər hansı bir layihənizi kompyuterinizə endirin və Visme-dən silin. O sizə cəhd kimi sayılmayacaq. Və Siz daimi pulsuz bu servisdən istifadə edə bilərsiniz.

Piktochart

Visme-yə oxşayan bir servisdir. Bu servisin üstünlüyü daha çox infoqrafika şablonun olmasıdır. Üstəlik burada müxtəlif rəngli reportları hazırlamaq üçün imkanlar var.

Fotograma

Fotograma məşhur Pixlr servisinin alətlərini bir yerdə və rus dilində cəmcləşdirən bir platformadır. Burada Siz “Фоторедактор”, “Фотофильтры”, “Фотошоп” kimi funksiyalarından tamamilə pulsuz şəkildə istifadə edə bilərsiniz. Bu yazının əsas şəklini məhz bu servisdə düzəltmişəm.

Fiverr

Bəs əgər Sizin dizayna ayırmağa vaxtınız və ya ümumiyyətlə hətta şablonlarla işləməyə bacarığınız yoxdursa, mən Sizə Fiverr servisindən istifadə etməyə tövsiyyə edərdim. Cəmi 5$ Sizə 2-3 gün ərzində istədiyiniz dizaynı tərtib edib təhvil verəcəklər. Məsələn, bu loqolar bu servis vasitəsi ilə yaradılıb:

Bu servislər vasitəsi ilə Siz minimal büdcə ilə öz marketinq fəaliyyətinizin və ya bloqunuzun vizual kontentini daha da təkmilləşdirə bilərsiniz.

Mənbə: http://samirkarimov.com/