Mənim üçün müəllim yalnız peşə deyil, müəllim dəyərdir, öyrədəndir. Mənim üçün şagird yalnız dəyər alan deyil, şagird bizim gələcəyimiz, ümidimizdir. Mənim üçün məktəb yalnız savad alınan yer deyil, mənim üçün məktəb bizə həyat pəncərəsi açan, bizim gələcəmizin yarandığı yerdir və əlbəttə ki, sabah ki, gün adi gün deyil. Sabah, sentyabr 15 son dərəcə fərqli, son dərəcə əhəmiyyətli gündür. 2015-ci ilin sentyabr ayının 15, mənim üçün daha özəldir. Bilirsiz niyə?
İlk əvvəl qeyd etməliyəm ki, bu tədris ilində biz iki ali məktəbdə öz nəzəri biliklərimizə praktiki “sousu” əlavə edərək, dəyərli tələbələrimizə bildiklərmizi paylaşaceyik. Daha konkret desək sabahdan mən Azərbaycan Dövlət İqtisad Universitetinin MBA təhsil istiqaməti üzrə və Azərbaycan Turizm Universitetində maqistr tələbələrə mühazirələr dəyəcəm. Çox ümid edirəm ki, faydalı bir dərs ili keçirəcəyik.
Hər iki Ali məktəbin mənim üçün xüsusi əhəmiyyəti var. Məhz buna görə sözü gedən Ali Məktəblərdə, Universitetlərdə dərs demək mənim üçün fəxr ediləcək bir hadisədir. Fəxr ediləcək demişkən… xaricdə təhsillə yaxından tanış biri kimi, Sizin qarşınızda deməliyəm ki, bugün istər İqtisad Universiteti, istərsədə Turizm Universitetində oxumaq istəyən tələbə üçün kifayət qədər şərait var.
Hər zaman, demişəm, bugündə deməliyəm, bugün Ali məktəblərdə problemlər varsa, bunun səbəbkarı heç bir şəkildə tələbə deyil. Bizim tələbələrimiz hər zaman bizim dərslərdə çox məsuliyyətli olublar. Oxumağa, təhsilə ac olublar. Problem, ailimlərdə və ya biz müəllimlərin tələbələrə fənnimizi az sevdirməyimizdədir. Gənc alimlər ali məktəblərdə çoxalmalıdır. Neysə… bu haqda ayrıca bloqlar yazmaq olar.
Eyni zamanda, 2 Ali məktəblə paralel olaraq İlkin Manafovun təhsil-tədris fəaliyyəti Marketinq AİR davam edəcək. oktyabr ayının birindən Marketinq AİR yenidən, yeni tədris formasına başlayacaq. Artıq bizim qruplarda anşlanq yaşanır. Düşünürəm ki, bu dəfədə son dərəcə maraqlı və faydalı bir AİR tədrisi həyata keçirə biləcəyik. Marketinq AİR təlimlərinə qeydiyyatdan keçmək üçün burada daxil olun.
Bu il olan 15 sentyabr fərqli edən isə, bu ilk dəfə olaraq qızımın orta məktəbə getməsidir. Əziz oxucu, biz bu bloqda Sizinlə “maskasız” olmağa söz vermişik. Buna görədə mən Sizinlə öz xoş günlərimiz bölüşməyə borcluyam. Düşünürəm ki, hər bir valideyn öz övladı üçün düzgün təhsil, düzgün tərbiyə verməyə borcludur. Əlbəttə, borcludur. Hətta biz, bu yolla öz valideynlərimizin bizim üçün etdiklərinin “əvəzini” vermiş oluruq. Onlara çox sağ ol deyirik.
Həyatda ən çətin, ən qorxulu və əlbəttə ki, ən məsuliyyətli peşə – valideynlikdir. Qurban olduğumuz bizi bu peşədə peşman etməsin, gunahlarımızı bağışlasın. Arzu edirəm ki, butün valideynlər öz övladlarını tezliklə orta məktəbə aparmaq hissini keçirsin. Keçirilənlərə, əlbəttə daha böyük nailiyyətlər arzu edirəm!)
Bizim evdə ünsiyyət dili Azərbaycan dilidir (təbii olaraq, Yevlaxlılar ancaq Azərbaycanca danışırda!) amma qızım orta məktəbi rus dilində oxuyacaq. Düşünürəm ki, bu düzgün addımdır. Hesab edirəm ki, xarici dil bilikləri insanın formalaşması üçün çox vacibdir, həmçinin əminəm ki, rus dili Azərbaycanımız üçün hər zaman vacib ünsiyyət vasitəsi olacaq.
Bizim dövrümüzdə… elə şey yox edi, amma bu il qızım ciddi-ciddi imtahanlar verdi. Hərdən özümdə səbəbini bilmədiyim həyacan və stress nəticəsində iki turlu seçim mərhələsindən keçərək, ödənişsiz formada №134 saylı orta məktəbdə tədrisini başlayacaq. Ödənişsiz sözünü elə-belə demədim… təbii ki, mən orta statistik Azərbaycan ailəsi kimi, övladımı illik 10-12 min manatlıq orta məktəbdə oxumağa pulum yoxdur, AMMA və LAKİN Sizə əmin edirəm ki, olsaydı belə ödənişli təhsili düzgün hesab etmirəm.
Mən hesab edirəm ki, uşaq mütləq və mütləq öz bilik və bacarığına uyğun təhsil ocağında oxumalıdır və ödənişli təhsilin (hələ-hələ bu uşaq yaşlarındadırsa) əlehinəyəm. Düşünürəm ki, istər orta, istərsədə ali təhsil tam ödənişsiz olmalıdır və ya “elmi dillə” desək dövlətimiz tərəfindən ödənilməlidir. Bu mənim subyektiv yanaşmamdır.
Əziz oxucu, hər birinizin qarşıdan gələn yeni tədris ilinizi ürəkdən təbrik edirəm! Arzu edirəm bu il, bizim daha çox təhsil, daha çox tədrisdən istifadə edəcək, öz biliklərimizlə vətənimizin iqtisadiyyatını (əlbəttə kimlərsədə digər sahələrini) inkişaf etdirəcəyik. Əmin olun, əmin olun ki, uğurun yolu yalnız və yalnız düzgün qurulmuş təhsildən keçir.
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com