Davamçıların yetişdirilməsi insan resurslarının idarə edilməsində geniş yayılmış fəaliyyətlərdən biridir. Şirkət rəhbərləri, HR menecerlər, HR mütəxəssislər, konsultantlar mütəmadi olaraq davamçıların yetişdirilməsinin vacib olduğunu bildirirlər. Bu məsələ ilə bağlı iki xəbərim var. Birincisi, kifayət qədər inqilabi olsa da davamçıların yetişdirilməsi sisteminin qurulmasına artıq heç bir zərurət yoxdur. İkincisi, sevindirici hal odurki, bu sistemi yeni yanaşma ilə əvəz etmək mümkündür.
İlk növbədə onu bildirmək istəyirəm ki davamçıların yetişdirilməsi sistemi artıq öz aktuallığını itirir. Qeyd olunan fikri ətraflı nəzərdən keirmək və başa düşmək üçün ətrafda baş verən sosial, texnoloji və iqtisadi trendlərə nəzər salmaq kifayətdir.
Düşünün, artıq insanlar bir şirkətdə həyatlarının sonuna kimi karyera qurmaq fikrindən uzaqlaşırlar və bununla ümümilikdə karyeraya olan yanaşma tamamilə dəyişilir. Ömürlük karyera fikri tədricən və çox böyük sürətlə dəyişilir. Son dövrlərdə karyera daha çox qısamüddətli əmək münasibətlərinə əsaslanır. Artıq insanlar bir şirkətdə qısa bir müddət (2-3 il) işləyir və bundan sonra özlərinin karyerası üçün yeni bir işəgötürən axtarmağa meyillidirlər. Sosial dəyərlər dəyişir, karyeraya yanaşma dəyişir, informasiya texnologiyaları hər ansı bir vakansiya haqqında məlumat əldə etməyi asanlaşdırır, iqtisadi stabilliyin olmaması isə tez-tez şirkətlərin birləşməsinə, bağlanmasına və ya yeni bazarlara daxil olmasına səbəb olur. Məhz bu amillər işçinin uzun müddət ərzində bir şirkətdə işləmək istəməməsinə və ya bilməməsinə səbəb olur.
Təsvir edilmiş yanaşmanı daha çox müasir dünyada bir idmançı karyerası ilə müqayisə etmək olar. Hazırki dövrdə işçilər də öz karyeralarına bir idmançının karyeralarına yanaşdığı kimi münasibət göstərirlər, mütəmadi olaraq karyeralarında dəyişikliklər edirlər, bir şirkətdən (komandadan) digərinə keçirlər.
Bütün bunların fonunda uzun müddət ərzində işçiləri davamçıların yetişdirilməsi proqramına daxil edərək onların karyeralarının planlaşdırılması öz əhəmiyyətini itirmiş olur. Təsəvvür edin, işçiyə üzun bir müddət ərzində sərmayə yatırmış, onu bütün inkişaf proqramlarına daxil etmiş, həmçinin gələcəkdə fəaliyyət göstərmək üçün işçini hər hansı bir pozisiyaya hazırlamış olan şirkət onun işdən çıxması nəticəsində hansı miqdarda maliyyə, zaman, resurs itkisilə üzləşmiş olur.
Bu səbəbdən ətrafda baş verən dəyişiklikləri nəzərə alaraq davamçıların yetişdirilməsi proqramlarını bir kənara qoyub, onları “işçi mobilliyi” proqramları ilə əvəz etməyi tövsiyyə edirəm. İşçi mobilliyi müntəzəm olaraq işçilərin üfüqi istiqamətdə karyera yüksəlişlərinin həyata keçirilməsini, onların rotasiya edilməsini, həmçinin daha ümumi vəzifə funksiyalarının müəyyənləşməsini əhatə edir. İşçi mobilliyi vasitəsilə biz bir çox işçilərin səriştəliklərini inkişaf etdirir, bunun nəticəsində onlardan müəyyən bir hissənin şirkəti tərk edəcəyi halda dəymiş zərəri azaltmış oluruq.
Müəllif: Nurlan Şixəliyev
Mənbə: http://www.nurlann.com