Buzovna çimərliyində təmizlik aksiyası

Buzovna çimərliyində təmizlik aksiyası
779

IDEA İctimai Birliyi hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı ilə sosial aksiyalar təşkil edir. Bu ənənənin davamı olaraq mayın 30-da birlik və “Təmiz Şəhər” ASC tərəfindən Buzovna çimərliyi ərazisində “Çimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib.

Qeyd olunub ki, sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsi müasir dövrün ən aktual ekoloji problemlərindən biri hesab olunur. Belə ki, sahillərdə təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, dəniz ətraf mühitinin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.

Təəssüf ki, qeyd olunan problem bütün dünyada olduğu kimi, ölkəmizdə də müşahidə olunmaqdadır. Çimərlik mövsümündə Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi bir çox ağır fəsadlara yol açır.

Məsələnin aktuallığını nəzərə alaraq, tədbirin məqsədi çimərlik ərazilərindəki tullantıların toplanması, gənclərin təbiətin təmiz saxlanılmasına cəlb olunması, eyni zamanda insanları ətrafı zibilləməməyə çağırmaq olub.

Aksiya zamanı iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunmuş və topladıqları tullantıları çeşidləyərək, çimərliklərdə ən çox müşahidə olunan zibilləri aşkarlayıblar. Bütün tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Çimərlik və istirahət mövsümünün yaxınlaşması ilə əlaqədar, IDEA İctimai Birliyi hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən qayğıkeş şəkildə istifadə etməyə və gələcək nəsillərin sağlamlığı naminə ətraf mühitə zərər vurmamağa çağırır.

Mənbə: http://www.biznesinfo.az