Böhranin faydalari barədə

Böhranin faydalari barədə
656

Əziz oxucu, biz bu yazıda qətiyyən böhran sözünün çin dilində mənası barədə və ya böhranın yaratdığı imkanlar barədə danışmaq deyil, məhz bizə verdiyi bir-başa faydaları barədə söhbət etmək istəyirik. Əmin olun, bunlar var və bu faydalardan bizim hamımız asanlıqla istifadə edə bilərik. Əgər Sizdə sual yaranırsa: “Böhran nədir, fayda nədir?” onda xahiş edirəm yazımızı axıra qədər oxuyun. Yaxşı?!)

İnsan muasir dövrdə daim öyrənməlidir. Bunun əsas səbəbi 21-ci əsrdə xarici mühitin dəyişmə sürətidir. Bizim ətrafımızda hər şey dəyişir, yeniləşir, daha mütərəqqi olur. Əgər biz yeniləşməsək, tezliklə köhnəlmiş ola bilərik. Amma buna baxmayaraq insan həyatında “baza” biliklər var ki, bu biliklər bizi daha güclü edir, daha sistemli işlədir. Böhran bizim baza biliklərimizi dahada möhkəmlədir. Daha konret fikrimi çatdırmaq üçün icazə verin böhranın bizim biznes, maliyyə və şəxsi biliklərimizə necə müsbət təsir etdiyini ayrı-ayrılıqda demək istəyirəm.

Böhranın bizə öyrətdiyi insanı (şəxsi) keyfiyyətləri:

  • İnsanlara qarşı daha gülərüz olmaq. Böhran zamanında iş yerinin dəyəri dahada artır. Onsuzda bazarda kiçilmə var, onsuzda hər şey çox xırdadır və iş yerində kiməsə “sifət” etmək yol verilməzdir. Hamıya qarşı daha gülərüz olmaq, daha mədəni, daha nəzakətli davranmaq nəyin ki, etiket qaydası, indi olan dövrün olmazsa-olmazına çevrilir;
  • Köhnə dostları yada salmaq. İnsan pis vəziyyətdə olduğu zaman, ağlına köhnə dostlar daha tez gəlir. Böhran bizim köhnə dostlarımıza qarşı daha duyğusal və vəfalı olmağımızının vacib olduğunu göstərir. Biz onlara zəng etmək, mütəmadi olaraq görüşməyin nə qədər vacib olduğunu başa düşməyə başlayırıq;
  • Ailəyə daha çox önəm vermək. Böhran zamanında ailənin, evdəkilərin, qohumların əhəmiyyəti daha çox hiss edilməyə başlayır. İnsan sıxıldığı zaman, doğmalarının əhəmiyyətini daha çox başa düşür. Bu zamanlarda evdəkilərlə daha çox vaxt keçirmək vacibdir.
  • Daha məsuliyyətli olmaq. Böhran bizə başa salır ki, biz məsuliyyətli olmasaq əldə etdiklərimizi tezliklə itirə bilərik. Bunu hamı görür, bunu hamı başa düşür. Məzh buna görə böhran dövründə biz məsuliyyət kimi xüsusiyyətin necə vacib olduğunu başa düşürük.

Böhranın bizə öyrətdiyi maliyyə keyfiyyətləri:

  • İfrata getməmək. İfrat istər insani, istərsədə dini cəhətdən gunah olduğu kimi, çox səhv bir xasiyyətdir. Bu xasiyyətin ən yaxşı tərkidilməsi vaxtı əlbəttə, böhrandır. Məhz böhranlar zamanı ağıllı insanlar pis xasiyyətlərindən imtina edirlər. Böhran zamanında lazımsız xərcləri yox etmək ço rahat olur, çünki buna sadəcə imkan olmur;
  • Kreditlərsiz yaşamaq. Böhran dövründə kredit almaq son dərəcə çətin olur. Bu “çətinlik” əslində bizə xidmət edir. Yadıma düşür… Mingəçevir mağazasını açdığımız zaman bizə, təcili kreditə ehtiyyac var edi. Biz kredit almadıq, çünki banklar demək olar ki, vermirdilər, əvəzində eyni işləri kreditsiz görməyi öyrəndik. Düşünürəm ki, bu böhranın verdiyi yaxşı faydadır;
  • Effektiv xərcləməyə öyrədir. Böhran bizə eyni xidmət və ya məhsulun əldə edilməsi üçün ən az xərcləməyi öyrədir. İnanın, inanın səmimiyyətimə, bunu öyrənməyin yeganə yolu, pulsuz qalmaqdır. Mən inanmıram ki, cibində böyük pul, altında bahalı maşın olan adam, metro və ya avtobusla getməyi bacarsın. Amma böhran bunu bizə öyrədir. Biz daha güclü, daha səmərəli işləyirik;
  • Büdcələşməni öyrədir. Böhran yalnız şəxsi səviyyədə deyil, biznes məntiqindədə büdcələşmənin necə vacib olduğunu göstərir.

Böhranın bizə öyrətdiyi ixtisas (marketinq) bilikləri: (mən marketinqdən yazacam – aşıq gördüyünü çalar)

  • Marketinqdə daim öyrənmək şərtdir. Böhran dövründə hiss edilir ki, “yaxşı” vaxtlarda etdiyimiz tənbəlliklərin yaratdığı fəsədkar böyükdür. Marketinq daim yeniliyi və yeni bilikləri sevir. Bunu etməyən heç vaxt güclü marketoloq ola bilməz;
  • Marketinq pul xərcləmək sənəti deyil. Bəzən mən eşidirəm… filan şirkətin sahibi brend nə olduğunu bilmir və s. Düz edirdən!!! Biznesə brend lazım deyil ki, biznesə pul qazanmaq lazımdır. Brend pul qazanmaq üçün alətdir. Çox yaxşı alətdir. Amma alətdir. Brend hədəfləri heç vaxt, biznes hədəflərinin üstündə ola bilməz;
  • Marketinq qlamur olmaz. Böhran marketoloqların “başına qaynar su tökür” və başa salır ki, kabinetdə marketinq olmur. Marketinq marketdə, bazarda olur. Marketinq müştərinin yanında olur, marketinq müştəri xidmətlərinin yanında olur, marketinq fabrikdə (ArGe) yanında olur, marketinq maliyyə direktorunun yanında maliyyəti çıxaranda olur. Bir sözlə marketinq “qlamur” sənəti yox, marketinq fəhləlik sənədir. Marketinq ingilis dili müəllimi olmaq deyil!);

Əziz oxucu, məncə yaxşı vərdişlər əldə etməyin ən yaxşı yolu, pis vəziyyətə düşməkdən keçir. Məsələn, mən düşünürəm ki, kişi mütləq və mütləq əsgərlikdə olmalıdır. Məhz bu zaman əsl kişiyə xas olan xasiyyətlər (vərdişlər) formalaşır və s. Böhran biznes adamları üçün bir növ əsgərlik funksiyasındadır… bitdikdən sonra, daha güclü və müdrik olmaq şansı artır. Necə düşünürsüz?!)

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/