Bəs sən ACCA tələbəsisən?

On il bundan öncə təhsil alan tələbələr üçün uğurlu karyeranı təmin edən çox az sayda təhsil imkanları barəsində məlumat var idi. Şəxsi əlaqələr, şəbəkələşmələr vasitəsilə az sayda gənclərimiz xaricdə təhsil almağa gedir, təhsil səviyyəsi yüksək olan Bakıdakı özəl universitetlərdə təhsil alır və ya az sayda təlim mərkəzlərində kurslara gedirdilər. Təhsil şirkətlərinin reklam büdcələrinin azlığı, təhsil və karyera ilə bağlı məlumatların çatışmamazlığı və internetin çox məhdud əhatə dairəsinin olması hansısa yeni təhsil xidmətlərini daha çox sayda insana çatdıra bilmirdi. Yaxşı ki, bu 10 il qabaq idi. İndi vəziyyət çox dəyişib və ‘məlumatım yoxdu’ demək sadəcə bəhanədir. Gənclər və tələbələr, eyni zamanda karyerasını inkişaf etdirmək istəyən hər bir şəxs müxtəlif təhsil imkanları barəsində dərhal məlumat əldə edə bilər. Dövr o dövr deyil, amma hələ o dövr də deyil. Bu cür imkanlardan təxminən hər 10 tələbədən indinin özündə də ortalama 2 tələbə yararlana bilir. Bu yazını da həmin 2 nəfərlərə həsr edirik.

ACCA hegomonluğu
Ola bilsin ki, bu ‘akka’ nədir deyə soruşacaqsınız. Bu ACCA (ey si si ey) 100 ildən artıq tarixi olan böyük təhsil mexanizmi, daha dəqiq kvalifikasiyasıdır. Maliyyə və mühasibatlıq sahəsində karyera qurmaq istəyən istənilən insan akademik təhsil ilə yanaşı bu kvalifikasiya üzrə də təhsil almağa çalışır. Hətta bəzi təhsil müəssisələri bu kvalifikasiyanın proqramının böyük hissəsini öz akademik proqramlarına daxil ediblər. Son 5 il ərzində Azərbaycandan bu kvalifikasiya üzrə təhsil alan tələbələrin sayı 300-350 nəfərdən təxminən 10 dəfəyə qədər artıb və maraq hər il artmaqda davam edir. Bu kvalifikasiya haqqında az və heç məlumatı olmayanlar ətraflı özləri araşdıra bilərlər. Bu şəxsi iddia kimi görünsə də amma düşünürəm ki, ACCA bu gün güclü təbliğat və karyera faydaları üzərindəki ağızdan-ağıza effekti ilə bazarda öz potensialından daha çox paya sahib çıxıb və digər peşələrdə karyera qura biləcək insanları da özünə cəlb edə bilib.

Bəs bazarın ehtiyacları necədir?
Azərbaycanda əmək bazarının ehtiyaclarını ümumi müəyyən etmək elə asan deyil. Bu ehtiyac Əmək və Təhsil Nazirlikləri arasında gərək ki, çoxdan müəyyənləşdirməli idi. Çoxumuzun təhsil aldığımız ixtisaslar da açılarkən onlara olan ehtiyac üzündən deyil, trend olduğundan açılıblar. Məsələn, mənim özümün təhsil aldığım turizm ixtisası kimi. Məntiqi olaraq ümumi ixtisas adları bazarın tələblərini ödəyə bilən kurrikulumlar təqdim edə bilmir, həmçinin gələcək karyera perspektivləri də tələbələrə çardırılmır. Amma ümumi biznes mühitindən xəbəri olan istənilən tələbə ən azından öz ixtisası və ya özünə maraqlı olan başqa sahə üzrə bazar potensialını müəyyənləşdirə bilər. Düzdür bu çox çətindir. Amma ACCA kimi uğurlu modellər gənclərə ‘real karyera uğuru’ yolunu cızmağı öyrədir. Ona görə də ACCA nümunəsində bazarda öz payını artıra bilir. Müxtəlif sahələrin də, İnsan Resursları, Marketinq, Əməyin Təhlükəsizliyi, Təchizat, Loqistika, Ümumi menecment və digər biznes proseslərin, öz ACCA-si var. Məsələn marketinq sahəsi üzrə ölkəmizdə həm müxtəlif praktik təlimlər, həm də artıq CIM (Chartered Institute of Marketing) üzrə təhsil proqramları təqdim edilir.

Tələbə nəyi seçməlidir?
ACCA özünə imici rahat qazanmayıb. O uğurlu təhsil-karyera mexanizmi qura bilib onu işlədə bildiyi üçün minlərlə insanın seçimidir. Hansı ki, bir çox ixtisaslar üzrə Azərbaycandakı ali təhsil müəssisələri hələ model işlətmək nədir, hazırlaya bilmirlər. Tələbələr ən azı internetin imkanlarından faydalanıb karyera yönümlü ixtisaslar tapa bilərlər. Hər hansı bir kurs, kvalifikasiyaların haralarda hansı vəzifələə imkan yaratması araşdırmaq çətin deyil. Tövsiyə olunur ki, seçim sadəcə trend üzərindən deyil, real karyera faydaları düşünülab qərar verilməlidir.

Xaricdə biznes və menecment oxuyanlar
Bu yaxınlarda tanış olduğum hesabatda deyilir ki, 2030-cü ildə elm sahələri, mühəndislik, riyaziyyat üzrə hər ali təhsil müəssisələrinin hər 10 məzunundan 6-ı ya Hindistandan, ya da Çindən olacaq. Demək olar ki, əhali sayına görə bu proporsiya məntiqlidir. Amma bizim ölkədən də xaricdə təhsil almağa nədənsə əksəriyyət biznes və menecment sahəsi üzrə gedirlər. Mən isə gənclərə, xüsusən də universitetə hazırlaşan, ilk kurslarda oxuyan gənclərə elm sahələri üzrə istiqamətlənməyi tövsiyyə edirəm. Nə qədər sadə olsa da marketinqi, lap elə mühasibatlığı sonradan öyrənmək olar. Amma elmə gərək lap əvvəldən başlayasan ki, innovasiyaları idarə etməli olan menecerlər də elm adamlarının hesabına evlərinə çörək apara bilsinlər.

Gələcək haqqında düşünsək…
Əgər elmə həvəsiniz yoxdursa ACCA və digər biznes sahələrini öyrənməkdə israrlısınızsa o zaman vaxt itirməyin. Başlayın! İndiki mühitdə ənənəvi təhsildən bu cür proqramlar sizə daha çox fayda verəcək . Elmə həvəsi olanlar, lakin Azərbaycanda bunun mümkün olmadığını düşünənlər isə xaricdə rahat təhsil ala bilmələri üçün fərdi və ya kurs şəklində Bakıda fəaliyyət göstərən İngilis dilində riyaziyyat, fizika və kimya dərslərinə qoşula bilərlər. Həm də elmə marağı olanlar nəzərdə saxlasınlar ki, onların xaricdə təhsil üzrə dövlət təqaüd proqramına düşmə ehtimalları daha böyükdür. Gələcək haqqında həm də onu vacib addım kimi qeyd edək ki, dövlət təşkilatları, konsaltinq şirkətləri bazarın real ehtiyaclarını müəyyənləşdirib bazarda yeni məhsul və xidmətlər yaradanlarla bu məlumatları paylaşmalıdırlar.

Doğurdan da ACCA, ümumi maliyyə və mühasibatlıq ixtisasları üzrə əmək bazarının böyük imkanları var. Amma bu o demək deyil ki, digər sahələr üzrə imkanlar yoxdur. Odur ki, öz gələcəyinizi planlaşdırarkən səsə-küyə düşüb daha çox təbliğatı aparılan sahələr deyil, digər sahələr haqqında da düşünün. Məsələn, elə mühəndislik.

P.S. - Bizimkilər oxumur demək çox sadədir. Bu gün təhsil sahəsində çalışan istənilən şəxs gərək ACCA misalından nümunə götürərək özündə təsdiqləsin ki, güclü təbliğat bütün faydalı təhsil xidmətləri bazarını inkişa etdirə bilər.

Müəllif: İlham Ali Yusif