Başlığı bir az dəyişə də bilərik. “Bazarstore”a əli dolu girmək dükan sahibi üçün təhlükəlidir yoxsa müştəri üçün təhlükəlidir? Qısa cavab olaraq hər ikisi üçün təhlükəlidir deyib keçirəm izahına.
1 həftənin söhbətidir, axşam saat 22:30 radələridir, bu “Bazarstore”a girdim, əlimdə də işə apardığım paket var idi. Qısaca deyim ki, evə gəlib qapıda qalmışdım və evdəkilər toydan qayıdana qədər ac qalmamaq üçün yolumu ora saldım. İçəri girəndə əlimdəki paketi şkaflardan birinə qoymaq istədim, gördüm heç birinin üstündə açar yoxdur, başladım boş olanları axtarmağa. Sözsüz ki, məcburiyyətdən içində əşyalar olan 1-2 şkafı açası oldum. Nəhayət, 10 nömrəli şkafa paketi qoydum və çevrilib nəzarətçi xanıma “indi bunlar açarsız qalacaq burda?” dedim. Xanım isə “mən burdayam” cavabı verdi arxayınlıqla. Keçdim içəri, getdim şirniyyat alıb çıxdım. Şkafa yaxınlaşanda nə görsəm yaxşıdır? Bəli, bəli, bəli! Həyəcanlandınız? Zarafat edirəm, heç kim əşyaları oğurlamamışdı. Şkafı açıb öz paketimi götürdüm. Lakin mühafizə yox idi və mən olmayım, bir başqası çox rahatlıqla şkafdakı digər çantaları, əşyaları götürüb aradan çıxa bilər və qaranlıqda gözdən itə bilərdi. Bəs özünəarxayın tərzdə “mən burdayam” deyən mühafizəçi harda idi? Əslində vurğulamaq istədiyim məsələ mühafizəçinin orda olmaması deyil (ən sadə nümunədə tualetə getdiyini düşünə bilərik), məsələ şkaflarda açarların olmamasından gedir.
Düşünə bilərsiniz ki, gedib rəhbərliyə şikayət bildirib, şkafları açarlarla təmin etdirmək olar, nə çətin məsələdir ki?! Amma “Bazarstore”un məhz bu dükanından illərdir istifadə edən biri kimi deyim ki, 2000-ci illərin əvvəllərindən hələ “Ramsotre” adlanan vaxtlardan bəri qapıdan girən kimi solda dayanan və illərdir dəyişdirilməyən bu şkafların təqribən 3-4 aya qədər üzərində açarları olurdu. Təəssüflə qeyd eləməliyəm ki, açar olanda da şkafları açarla kilidlədikdən sonra əllə azacıq dartmaq kifayət edirdi ki, o qapılar açılsın. Yəni praktiki olaraq o açarlar heç bir işə yaramırdı. Təbii ki, əşyalarınızı qoyduğunuz şkafın nömrəsini xatırlatmaqdan başqa. Bu tendensiya illərdir ki, bu “Bazarstore”da dəyişmir. Çox təəssüf ki, köhnə “Ramstore” kimliyini “Bazarstore” kimliyinə dəyişən dükanlar şəbəkəsi özünün ilk mağazasının şkaflarını və ya onların kilidlərini dəyişməyı ağlına gətirməyib və ya bu haqda düşünmək belə istəməyib. Əvəzində isə ən tanınmış ticarət mərkəzlərində yer almaq üçün kifayət qədər böyük pullar xərcləyib yeni və geniş dükanlar açıb, Bakı ətrafı yerlərə qədər şəbəkəsini genişləndirib. Elə həmin ticarət mərkəzlərindəki dükanlarında pik saatlarda mövcud kassalardan ən yaxşı halda yalnız ikisini işlək saxlayıb müştəriləri düşünmədiyi kimi (razılaşarsız ki, bu halla tez-tez qarşılaşmısınız), müştəriləri onların əşyalarının təhlükəsizliyi məsələsində də düşünməyi “yaddan çıxarıb”. Maraqlıdır ki, yeni dükanlarında şkaf problemi yoxdur, kassa problemi var, amma ən köhnə dükanında kassa problemi yoxdur, şkaf problemi var. Əlqərəz, dediyim odur ki, dükan rəhbərliyi bu haqda fikirləşməlidir. Mən bir müştəri kimi narahatam. Böyük ehtimalla, tək deyiləm.
Müəllif: Tural Fot Babayev